Rusiya tərəfi ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi yeni sanksiyalardan təəccüblənmir və əmindir ki, belə kəskin məhdudlaşdırıcı praktika dünyada iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq, o cümlədən ərzaq təhlükəsizliyinə təsir edəcək.
Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bunu cümə axşamı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov medianın sualını cavablandırarkən deyib.
"Yeni məhdudiyyətlər bizi təəccübləndirmir. Elan edilmiş tədbirlər Vaşinqtonun "rusofob isterikası"nın növbəti təsdiqidir",- diplomat bildirib. Onun sözlərinə görə, səfirliyin Telegram-kanalında bu addımlar qlobal iqtisadi disbalansda, o cümlədən yanacağın qiymətinin artmasında Rusiya Federasiyasını günahlandırmaq cəhdləri ilə eyni səviyyədədir.
“Biz əminik ki, qəddar məhdudlaşdırıcı təcrübə dünyada vəziyyəti daha da ağırlaşdıracaq. Təchizat zəncirlərində yeni axsamalara səbəb olacaq, ərzaq təhlükəsizliyinə təsir edəcək. İqtisadi tərəddüdlər bəzi ərzaq məhsullarının çatışmazlığı probleminin daha da kəskinləşdiyi ABŞ-ın özünə də təsir edə bilər”,- deyə Antonov bildirib.
Diplomat Rusiya iqtisadiyyatının xarici təzyiqlərə tab gətirə bilməsi ideyasının Vaşinqtonda "allergiya" doğurduğunu başa düşdüyünü vurğulayıb. "Hətta məhdudiyyətlər və qadağalar dalğası altında olsa da, biz öz borc öhdəliklərimizi vaxtında yerinə yetirməyə hazırıq. Əminik ki, Rusiyanın ödənişlər etməsi imkanını əngəlləmək cəhdləri ciddi investorlardan yan keçməyəcək. Onların Birləşmiş Ştatlara etimadını sarsıdacaq. Bunu Vaşinqtonun özü də bildirir”,- Rusiya səfiri əlavə edib.
İyunun 2-də ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyalar siyahılarını yeniləyib. Onların arasında bir sıra vəzifəli şəxslər, sahibkarlar və şirkət rəhbərləri, o cümlədən 16 hüquqi şəxs olub. Bundan əlavə, ABŞ Ticarət Departamenti Rusiya və Belarusdan olan 71 hüquqi şəxsin, o cümlədən bir sıra təyyarə və gəmiqayırma müəssisələrinin daxil olduğu “qara siyahı”sını açıqlayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" elan edib. ABŞ və müttəfiqləri buna cavab olaraq Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər və Kiyevə silah təhcizatını artırıblar.
Qadir, Bizimyol.info