Rusiya qoşunları Severodonetsk uğrunda gedən döyüşlərdə öz hücum potensialını boşa çıxara bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Hazırda işğalçılar Severodonetsk və Lisiçanskı ələ keçirmək niyyətindədirlər ki, Rusiya Federasiyası komandanlığı bütün Luqansk vilayətinin “azad edilməsi” barədə öz vətəndaşlarına hesabat versin. Lakin Rusiya qoşunlarının Severodonetsk ətrafında növbəti itkilərdən sonra Donetsk vilayətində böyük bir ərazini ələ keçirmək üçün lazım olan gücü çətin ki, qalmış olsun.
Analitiklərin fikrincə, Rusiya qüvvələri Donbasdakı relyeflə məhdudlaşıb və Severodonetsk-Lısiçanskın mühasirəsini tamamlamaq və Limanın daha qərbinə, Rayqorodok vasitəsilə Slavyanska doğru hərəkət etmək üçün Severski Donets çayını keçməkdə problemlərlə üzləşməyə davam edəcəklər.
Qeyd edək ki, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərini ələ keçirmək üçün səylərini cəmləyib: "Düşmən Severodonetskə doğru irəliləyib, lakin Ukrayna müdafiəçiləri mövqelərini saxlayırlar. Ukrayna Silahlı Qüvvələri şəhərdə müəyyən yerli hərbi əməliyyatlar aparmağa müvəffəq olub",- deyə Luqansk vilayət rəhbəri Serhiy Qaydai bildirib.
"Eyni zamanda, düşmən Ukrayna qüvvələrini yayındırmaq üçün Ukraynanın sərhəd rayonlarını atəşə tutmaqda davam edir, həmçinin Qara dənizdə reaktiv yaylım atəşi sistemləri olan gəmiləri saxlayır.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücum əməliyyatını davam etdirir. Xerson və Nikolayev vilayətlərinin sərhədində Rusiya Federasiyasının işğalçı qoşunları üçün həyati əhəmiyyətli quru təchizatı xətti təhlükə altında idi",- deyə verilən məlumatda qeyd edilir.
Qadir, Bizimyol.info