Rusiyaya qarşı sanksiyaları artırmağa və bölgədə Rusiyaya qarşı birliyi təmin etməyə çalışan Avropa Birliyi Serbiyanın Rusiya ilə yeni razılaşmasından narahatdır.
Bizimyol.info xəbər verir ki, Avropa İttifaqı ilə Rusiya arasında gərginlik addım-addım artdıqca, Serbiya Prezidenti Aleksandar Vuçiç keçən həftə ölkəsinin Rusiyanın dövlət enerji təminatçısı Qazprom ilə yeni üç illik qaz müqaviləsi imzaladığını elan edib.
Rusiya prezidenti Vladimir Putinlə telefonla şəxsən danışan Vuçiç razılaşmanın ölkəsi üçün “son dərəcə əlverişli” olduğunu deyib. Məlumata görə, müqavilənin Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun əvvəlində Belqrada gözlənilən səfəri zamanı imzalanacağı gözlənilir.
Xatırladaq ki, keçən həftə açıqlanan 6-cı Sanksiya paketi çərçivəsində Rusiya neftinə 75 faiz sanksiya tətbiq edən Avropa Birliyi bölgədəki bütün ölkələri öz üzərinə götürmək istəsə də, Macarıstan, Slovakiya və Çexiyaya idxal etdiyi neft üçün istisna tətbiq etməli oldu. Bu, bəzi Aİ üzvləri tərəfindən böyük güzəşt kimi qiymətləndirildi.
Güzəşt müzakirələrinin getdiyi bir vaxtda Serbiyanın bəyanatı gündəmə bomba kimi düşüb. Serbiya Avropa İttifaqına yalnız “namizəd ölkə” olsa da, Aİ-nin şərqə doğru genişlənmə planında əsas rola malikdir. Onun ölçüsü, əhalisi və coğrafi mövqeyi ölkəni regionun geosiyasətində mühüm maraqlı tərəfə çevirir.
Bununla belə, Serbiya qaz üçün daha çox Rusiyaya arxalanır. Bildirilir ki, uzun müddətdir Moskva ilə hərbi əməkdaşlıq edən ölkə Aİ-nin üzvü olsa belə, Kremllə böyük fayda verdiyi körpüləri sökmək istəməyə bilər.
CNN-ə danışan yüksək səviyyəli AB rəsmisi, razılaşmadan "narahat olduqlarını " ifadə edərək, "Aİ daxilində xətti saxlamaq istəyən ölkələr üçün Birlik xaricindəki ölkələrin uyğunlaşması hər zamankindən daha vacib hala gəldi",- deyə bildirib.
“Serbiyanın Brüsselə gətirdiyi çətinliklər sanksiyalarla bitmir. Bu vəziyyət bizim üçün böyük ağrıdır, çünki bu, Ukraynanın Aİ-yə daxil olub-olmaması ilə bağlı müzakirələrlə əlaqəlidir" , - deyə yüksək səviyyəli avropalı diplomat Serbiyanın qərarı ilə bağlı fikirlər səsləndirib.
Qeyd edək ki, martın əvvəlində Ukrayna Aİ-yə üzvlük üçün rəsmi müraciət edib. Aİ üzvlərinin tam dəstəyi ilə belə proses illər çəkə bilər. CNN-in təhlilinə görə, Aİ-yə üzv olan bəzi ölkələr Ukrayna üçün prosesi sürətləndirmək istəyir. Bəzi ölkələr isə Şərqi Avropa ölkələrinə daha çox səlahiyyət verməklə Aİ-nin balansının dəyişəcəyindən ehtiyat etdikləri üçün Ukrayna və ya Qərbi Balkan ölkələrinin ittifaqa daxil olmasını qətiyyən istəmirlər.
Onu da əlavə edək ki, Rusiyanın avropalı müştərilərinə “rubl” tətbiq etməsi hər iki tərəf üçün problemli prosesə səbəb olub. Rusiya bu günə qədər Polşa, Bolqarıstan, Finlandiya, Danimarka, Almaniya və Hollandiyaya rublla ödəməkdən imtina etdiyi üçün qaz nəqlini dayandırıb. Rusiyanın qərarının sözügedən ölkələrə necə təsir edəcəyini isə zaman göstərəcək.
Rusiyanın Təbii Qaz ixracı yanvar ayından bəri dörddə bir azalıb, lakin Ukrayna böhranı, dünyada enerji qiymətlərinin artması səbəbindən ixracat aşağı olsa da, Moskva öz xəzinəsini şişirtməyə davam edir.
Putinin Ukraynaya müdaxiləsi Avropanın təhlükəsizlik xəritəsini yenidən cızmaq imkanı yaratsa da, Ukrayna böhranı başlayandan bəri Avropa Birliyi bir çox problemlərlə üzləşib. 27 üzv dövlət arasında konsensusa gəlməkdə çətinlik çəkən birlik indi həm sanksiyalar, həm də Rusiya qazına alternativ tapmaq baxımından çətin günlər yaşayır.
Leyla, Bizimyol.info