Rusiya qoşunlarının Ukraynanın şərqinə hücuma keçdiyi vaxtda, Zelenskidən çox mübahisəli bir iddia gəlib.
Bizimyol.info xəbər verir ki, Zelenki açıqlamasında “Rusiya həm böyükləri, həm də uşaqları zorla aparır” deyib.
“Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Rusiya ümumilikdə 200 mindən çox ukraynalı uşağı qaçırıb, onlar valideynlərindən ayrılıb və müharibə başlayandan bəri uşaq evlərində saxlanılıb. Məqsəd Ukraynanı unutdurmaqdır”,- deyə Zelenski bildirib.
“Rusiya bu uşaqları xüsusilə uzaq ərazilərə köçürür. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və geri qayıtmasının qarşısını almaqdır”,- deyə Ukrayna prezidenti əlavə edib.
Qeyd edək ki, Zelenski daha əvvəl verdiyi açıqlamada Rusiyanın hücumuna müqavimət göstərən ordunun verdiyi itkilərdən bəhs edib: “Ukraynanın şərqində vəziyyət çox çətindir. Biz hər gün döyüşlərdə 60-100 əsgər itiririk”.
Rusiya isə bir gündə 300-dən çox əsgərin öldürüldüyünü bildirir. Bununla belə, Rusiyanın müharibədə əsgər itkisi ilə bağlı çoxlu müxtəlif məlumatlar var.
Ukrayna iddia edir ki, müharibə başlayandan bəri 30 mindən çox rus əsgəri həlak olub. Moskva isə mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib.
Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar yenilənməyib.
Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə ən azı 317 zabitin öldüyünü göstərir.
Xatırladaq ki, Rusiya Əfqanıstanı işğal edərkən də oxşar hərbi böhranla üzləşmişdi. Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirib.
Leyla, Bizimyol.info