Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yanma zamanı torpağın münbitliyi itir"
"Yanma zamanı torpağın münbitliyi itir"

Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Bizimyol.info Nazirliyin məlumatına istinadla xəbər verir ki, taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etmək və siqaret çəkmək olmaz.

Məlumatda deyilir:

  • sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
  • siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
  • fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;
  • təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin.
  • Tonqalı nəzarətsiz qoymayın;
  • tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
  • küləkli havada tonqal qalamayın;
  • yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır.

Qeyd edək ki, yanğın təhlükəli proses olsa da, bəzən insanlar “torpağa faydalı olacağını” düşünüb, özləri yanğıan səbəb ola bilirlər.

Bəzən qurumuş otları, kol-kosu, bəzən məişət tullantılarını qəsdən yandıran şəxslər var. Bəs torpağın yanması həqiqətən torpaq üçün faydalıdırmı?

Ekoloq Vaqif Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki yanğın torpağın möhkəmliyini aşağı salır, məhsuldarlığı azaldır: “Eyni zamanda yanğın prosesi ətraf mühitə, torpağa, meşələrə, suyun mövcudluğuna, biomüxtəlifliyə və iqtisadiyyata böyük ziyan vurur. Belə ki, yanğın baş verən zaman torpaqda yaşayan torpağı havalandırıb məhsuldar edən, milyonlarla canlı mikroorqanizm, məhv olur. Yanma zamanı torpağın münbitliyi itir. Torpağın 1-3 sm yuxarı qatında küləşin yanması ilə temperaturun 50-75 dərəcəyə yüksəlməsi mikroorqanizmlərin 70 faizini zədələyir. Torpaqda bioloji aktivlik və məhsuldarlıq azalır” - deyə ekspert bildirib.

Ekoloqun sözlərinə görə, yanma zamanı mikroorqanizmlərlə birlikdə gübrəyə çevriləcək üzvi tullantılar məhv olur, torpaq yoxsullaşır, su tutma qabiliyyəti azalır və məhsuldarlıq azalır. Saman və küləşin yandırılması ilə bitkilərin böyüməsinə yardım edən karbon və azot itkisi də artır. Yanaraq çılpaq qalan torpaq, külək və sel nəticəsində eroziyaya məruz qalır, təbii tarazlığı korlayır. Digər tərəfdən küləş yanğınları yaxınlıqdakı digər əkin sahələrinə və bağlara, eləcə də meşə yanğınlarına keçə bilər. Hətta yaşayış sahələrinin də yanmasına səbəb ola bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »