Bəzi OPEC ölkələri dünyanın əsas neft hasil edən ölkələrinin bazara tədarük həcmini birlikdə müəyyən etdiyi OPEC+ sazişində Rusiyanın iştirakını dayandırmağı düşünür.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, bu, Qərbin sanksiyaları və qismən Avropa embarqosunun Rusiya şirkətlərinin daha çox neft hasil etmək imkanlarına mənfi təsir göstərməyə başlaması ilə bağlıdır.
Rusiyanın xaric edilməsi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və OPEC-in digər üzvlərinə hasilatı artırmağa və sanksiyalara məruz qalan Rusiya neftinin yerini tutmağa imkan verəcək. Buna inflyasiyadan əziyyət çəkən ABŞ və Aİ ölkələri çağırış edib. Nəşr yazır ki, kartelin ayrı-ayrı üzvləri yaxın aylarda hasilatı artırmaq planlarını hazırlamağa artıq başlayıblar.
Xatırladaq ki, Rusiyanın OPEC razılaşmasından kənarlaşdırılması ilə bağlı söhbətlər hələ Aİ-nin Rusiya neftinin idxalına qismən embarqoya dair razılığa gəlməsindən və Rusiya neftinin üçüncü ölkələrə daşınmasının sığortasını qadağan etmək qərarına gəlməzdən əvvəl başlayıb.
Sanksiyalar isə, kartel daxilində danışıqları sürətləndirib. Rusiyanın Ukraynaya qarşı müahribəsindən sonra neft hasilatı aşağı düşüb və hətta Rusiyanın proqnozlarına görə, daha da azalacaq.
Son bir neçə ayda Rusiya OPEC ilə razılaşma çərçivəsində kvotasını yerinə yetirməyib. Bununla belə, kartelin bütün üzvləri Rusiyanı öhdəliklərindən azad etmək istəmir. Əgər neft ölkələri sonradan neftin qiymətini dəstəkləmək üçün hasilatı azaltmalı olsalar, Rusiyanın yox deməsi daha asan olacaq. “Wall Street Journal” qeyd edir ki, istənilən qərarla OPEC böyük ehtimalla Rusiyanı müttəfiq kimi saxlamağa çalışacaq.
Çünki, Rusiyasız OPEC+ konsepsiyasının özü çətin ki, mövcud ola bilər. Hətta sanksiyalar altında belə Rusiya ABŞ və Səudiyyə Ərəbistanından başqa hamıdan çox neft hasil edir.
İlahin, Bizimyol.info