Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar
Özbəkistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Xəbər verdiyimiz kimi, Özbəkistan gömrük xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nümayəndə heyətinə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov rəhbərlik edir.

Azərbaycan gömrüyünün təcrübəsini öyrənmək məqsədilə ölkəmizə gələn qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyası, “Azərterminalkompleks” Birliyi və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə baş çəkib, sözügedən qurumların fəaliyyəti ilə tanış olublar.

Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistan gömrük xidmətinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Komitənin və Akademiyanın aidiyyəti strukturlarının əməkdaşları, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli işgüzar münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, təşkil edilən görüşün qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimatla çıxış edib.

Qonaqlar Akademiyada təhsil alanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar və tədris prosesi ilə tanış olublar.

Özbəkistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Daha sonra “Azərterminalkompleks" Birliyi ilə tanış olan qonaqlar qurumun binasında yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən eksponatlar, ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı mühüm rolu barədə məlumat verilib.

Nümayəndə heyəti Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olub. Bildirilib ki, muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib.

Özbəkistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Səfər Çərçivəsində nümayəndə heyətinin üzvləri ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətilə də tanış olublar. Bildirilib ki, ofis 2011-ci ilin oktyabrında istifadəyə verilib və rəsmi açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya iştirak edib. Ümumdünya Gömrük Təşkilatının 52 üzv ölkəsini əhatə edən Regional Ofisə Dövlət Gömrük Komitəsi tərəfindən həm maddi-texniki, həm də kadr təminatı ilə dəstək göstərilir, burada  yerli və xarici mütəxəssislər çalışır.

Qonaqlara məlumat verilib ki, ofisin fəaliyyəti regional üzv dövlətlərin gömrük administrasiyalarına işin daha səmərəli təşkil edilməsi və institusional inkişafın təmin olunması istiqamətində dəstək vermək, potensialın gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirməkdən ibarətdir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »