Rusiya Volın və Polesye istiqamətlərində Belarus ordusunun müasir silah və hərbi texnika modelləri ilə təchiz edilməsini davam etdirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Volın və Polesye istiqamətlərində Belarus Respublikası silahlı qüvvələrinin ayrı-ayrı hissələrinin müasir silah və hərbi texnika nümunələri ilə təchiz edilməsi davam etdirilir. Bu ölkənin ərazisindən raket və hava zərbələri təhlükəsi qalmaqdadır”, - deyə məlumatda qeyd edilir.
Görünür Rusiya Belrusu müharibəyə cəlb etmək niyyətini reallaşdırmaq istəyir. Kreml qələbənin yolunu müharibənin miqyasının genişlənməsində görür. Güman ki, Qərb dövlətləri Moskvanın bu planına qarşı tədbir görməyə hazırdırlar.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putini qəbul etdiyi qərar əsasən rus qoşunları "xüsusi hərbi əməliyyat" adı ilə səhər tezdən Ukrayna ərazisinə daxil olublar.
Xüsusilə müharibənin ilk günlərində Rusiya qoşunları Belarus ərazisindən istifadə etməklə irəliləyib. Ukraynanın yaşayış məntəqələri də Belarus ərazisindən dəfələrlə atəşə tutulub, hərbi təyyarələrin hava hücumu üçün şərait yaradılıb.
Sonradan məlum oldu ki, iyun-iyul aylarında Belarusun Qomel vilayətində “səfərbərlik təlimləri” planlaşdırılıb. İyunun 1-də axşam Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Belarus ordusunun səyləri Polesye və Volın istiqamətlərində cəmlənib. Həmçinin kəşfiyyat tədbirlərinə hazırlıqlar aparılır.
Ukraynada dəfələrlə bildiriblər ki, Belarus Rusiya Federasiyasının tərəfində Ukrayna ilə müharibəyə girə bilər.
Qadir, Bizimyol.info