Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Üç uşağım ölüb, İlkinin Nərmin işinə aidiyyəti olsaydı, onunla çörək kəsməzdim”
“Üç uşağım ölüb, İlkinin Nərmin işinə aidiyyəti olsaydı, onunla çörək kəsməzdim”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovla birlikdə eyni kamerada qalan dustaq yoldaşları onun məhkəməsində şahid qismində dindirilib. Onlar bildirib ki, İlkin Süleymanovun bu cinayətdə iştirakı olmadığına əmindilər.

Bizimyol.info xəbər verir ki, Bakı İstintaq Təcridxanasında İlkin süleymanovla eyni kamerada qalmış Eyvaz Əliyev və Raqif Mirzəyev iyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Hakim dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə prosesində əvvəlcə Eyvaz Əliyev ifadə verib. 1968-ci il təvəllüdlü Eyvaz Əliyev Oğuzda meşə təsərrüfatında sahə rəisi işləyib. O, 2020-ci ilin martında rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla həbs edilib. Sonradan rüşvət alma ittihamı üzrə ona vəraət verilib. Digər ittiham üzrə isə həbsdə qaldığı müddət yetərli hesab edilib və azadlığa buraxılıb.

Eyvaz Əliyev ifadəsində bildirib ki, 2020-ci il martın 13-də Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovun saxlandığı kameraya köçürülüb:

“İlkin Süleymanovu ondan əvvəl televizorda görmüşdüm. Körpə uşağın ölümünə görə ona qarşı acıqlı idim. Kameraya gedib görəndə də Rəvana dedim ki, bununla niyə çörək yeyirsiz? Rəvan oğlu Uğurun canına and içdi ki, bu adamın o uşağın oğurlanıb öldürülməsinə aidiyyəti yoxdur. Sonradan mən özüm də 2 ay yarım o adamla eyni kamerada qaldım, əmin oldum ki, doğrudan da İlkin günahsızdır. Mənim nəslimin yarısı Xocalıda qırılıb, üç uşağım ölüb. Əgər İlkinin o uşağın ölümünə azacıq aidiyyəti olsaydı, mən onunla çörək kəsməzdim”.

Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında onu çağırıb, İlkin Süleymanovun əleyhinə ifadə verməsini istəyiblər. Guya İlkin Süleymanov yuxuda Nərmini öldürdüyü sayıqlayırmış. Lakin o, razılaşmayıb: “Dedim ki, dədəmi söydürə bilmərəm”.

Eyvaz Əliyev ondan əvvəl həmin kamerada qalmış, İlkin Süleymanovun əleyhinə ifadə vermiş Baxşəli adlı şəxsdən də danışıb. Bildirib ki, o, əxlaqsız yuva saxlama ittihamıyla cinayət məsuliyyətinə cəlb olunmuşdu, istintaq təcridxanasında heç kim bu şəxsə hörmət eləmirdi: “Baxşəli adam arasına çıxası biri deyildi. Cəza almışdı, amma cəzaçəkmə müəssisəsinə köçürülmürdü, qorxurdu”.

Eyvaz Əliyevin deyir ki, İlkin Süleymanova görə həmin kamera xüsusi nəzarətdə saxlanılır, onları gəzintiyə buraxmır, kameraya qızdırıcı, çaydan belə vermirdilər: “Mən mart ayında getmişəm, ona görə özüm görməmişəm. Amma Rəvan və Raqif danışırdı ki, İlkini döyüb elə günə qoymuşdular əl-ayağı uzun müddət işləmirdi”.

İlkin Süleymanovla eyni kamerada saxlanmış Raqif Mirzəyev də məhkəmədə dindirilib. O bildirib ki, 2020-ci ilin yanvarında İlkin Süleymanovun saxlandığı kameraya göndərilib: “Ora göndərəndə mənə dedilər ki, qorxma, İlkin günahsızdır. Tapşırdılar ki, İlkindən heç nə soruşmayın. İlkin pis vəziyyətdə idi, onu zorla qaldırırdıq. Ayaqlarının altı gömgöy idi. Bərk döyülmüşdü. Elə işgəncə verilmişdi ki, deməyə ehtiyac yox idi, gözümüzlə görürdük. İlkin bir müddət heç kimə heç nə demirdi, özünə qapanmışdı. Ona yaxın gedən hər kəsdən qorxurdu. Bizim kamera 4 nəfərlik idi, amma 5 nəfər qalırdı. Bir nəfər də nəzarətçi var idi. Gündüz bir nəzarətçi olurdu, gecə başqası. Kameranı bir dəqiqə boş buraxmırdılar. Fevral ayında gündüz nəzartçi ləğv olundu, gecələr qalırdı. Martda gecələr də olmadı. İlkinə görə bizim kameraya çox nəzarət olunurdu, adi qızdırıcı, çaynik də verilmirdi. Kameranın qarşısındakı gəzinti meydançasına bizi buraxmırdılar. Bezmişdim, kameranı dəyişmək istəyirdim”.

Raqif Mirzəyev onu da əlavə edib ki, İlkin Süleymanov sonradan kamera yoldaşlarıyla ünsiyyət qurub və onlarla söhbət zamanı bu cinayətə heç bir aidiyyəti olmadığını bildirib: “Deyirdi ki, mənim vicdanım təmizdir. İstədiyim budur ki, haqq-ədalət öz yerini tapsın”.

Raqif Mirzəyev özü haqqında da danışıb. Deyib ki, bəraət alaraq azadlığa buraxılıb. İlkin Süleymanovun işi üzrə məhkəmə prosesi iyunun 2-də davam edəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »