ABŞ prezidenti Co Baydenin Tayvana verdiyi təhlükəsizlik zəmanəti ilə iki super güc olan ABŞ və Çin arasında gərginlik pik həddə çatıb. ABŞ illərdir Tayvana qarşı davam etdirdiyi “strateji qeyri-müəyyənlik” siyasətini bir kənara qoysa da, Çin hər fürsətdə ABŞ və Tayvanı təhdid edir.
Bizimyol.info xəbər verir ki, Çinin Tayvana mümkün hücumunun Rusiyanın işğalından fərqli olmayacağını və Tayvanı hərbi olaraq müdafiə edəcəyini ifadə edən Baydenin sözləri Vaşinqtonun illərdir davam edən strateji qeyri-müəyyənlik siyasətindən çıxması kimi şərh edilib və ABŞ-Çin qüvvələri arasında hərbi qarşıdurma ehtimalını artırıb.
Bayden əvvəllər Tayvanı müdafiə etməklə bağlı oxşar bəyanatlar vermişdi, lakin bu çıxışlar Ağ Ev tərəfindən tez bir zamanda geri alınmış və onun siyasətinin dəyişməz qaldığını israr edilirdi.
Baydenin Asiya torpağı ilə bağlı açıqlaması indiyə qədər Tayvana verilən ən güclü dəstək kimi qeydə alınıb və istər-istəməz eyni sual ağıllara gəlib: “Çin Tayvanı almağa cəhd etsə, ABŞ və müttəfiqləri buna mane ola bilərmi?”
CNN məsələni təhlil edərkən bu sualın cavabının həyəcanverici bir şəkildə “yox” olduğunu bildirib.
Qeyd edək ki, hərbi analitiklər Çinin Tayvan, ABŞ və ya Yaponiya kimi mümkün dəstəkçilərindən daha çox insan və hərbi texnikaya sahib olduğunu vurğulayırlar və bildirirlər ki, əgər Çin adanı almaqda qəti qərarlıdırsa, yəqin ki, edə bilər. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu qələbə həm Pekin, həm də onun rəqibləri üçün qanlı nəticələrə səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, Tayvanın 24 milyon əhalisi paytaxt Taypey kimi sıx şəhər ərazilərində cəmləşib və hər kvadrat kilometrə orta hesabla 9575 nəfər düşür. Bunu Rusiya ilə müharibə nəticəsində viran qalan və hər kvadrat kilometrə orta hesabla 2690 nəfərin yaşadığı Ukraynanın Mariupol şəhəri ilə müqayisə etdikdə acınacaqlı mənzərə az-çox aydınlaşır.
Bildirilir ki, Çin təxminən 360 döyüş gəmisi ilə dünyanın ən böyük donanmasına sahibdir. ABŞ-ın donanmasında 300-dən az gəmi var. Pekin isə ən son 2018-ci ildə Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə 120-dən çox döyüş gəmisi əlavə edib. Analitiklər vurğulayırlar ki, belə bir güc üçün ABŞ-ın ən azı 355 gəmisi olmalıdır.
Layihə 2049 İnstitutunun baş direktoru Ian Easton bildirir ki, Pekin ağlabatan qələbə üçün Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri ilə birlikdə minlərlə tank, artilleriya və zirehli texnikanı səfərbər etməlidir.
Bununla yanaşı 177 km uzanan Tayvan boğazına qoşun və texnikanın daşınması gəmilər üçün uzun və təhlükəli işdir.
Strateji tədqiqatlar professoru Phillips O'Brien xəbərdarlıq edir ki, Çinin Tayvanı işğal etməsi "Çin donanması üçün qırğın olacaq" deməkdir. Analitiklərin fikrincə, Çin hər hansı bir münaqişənin əvvəlində havada üstünlük əldə etməyə çalışacaq. Flight Global-dan verilən məlumatlar Çin Xalq Azadlıq Ordusunun Tayvanın ixtiyarında olan 300-dən az döyüş təyyarəsi ilə müqayisədə 1600 döyüş təyyarəsinin olduğunu göstərir. ABŞ-ın dünya üzrə 2700 döyüş təyyarəsi olsa da, Çinin bütün döyüş təyyarələri bu bölgədədir.
Rusiyanın Ukraynada səmaya nəzarəti ələ keçirməməsi müharibənin gedişatını demək olar ki, dəyişdirsə də, Çinin Ukrayna müharibəsindən lazımi dərs aldığı düşünülür.
Digər tərəfdən isə bildirilir ki, Çin Tayvana yaxın olduğu üçün havada ABŞ-dan daha böyük üstünlüyə malikdir. ABŞ Hərbi Hava Qüvvələrinin generalı Klinton Hinote hesab edir ki, ölkəsi səmaya hakim olmağa alışsa da, sözügedən müharibədə bəzi amillərin rolu ola bilər:
"Çin bizimlə döyüşmək üçün müasir təyyarələrə və silahlara sərmayə qoyur. ABŞ qüvvələri belə bir münaqişədə "məsafə qəddarlığı ilə üzləşə bilər."
Məlumata görə, ABŞ-ın hava qüvvələrinin əksəriyyəti ərazinin təxminən 800 kilometrliyindədir. Bununla belə, Çin uzaq hədəflərə çata bilən qısa və orta mənzilli ballistik raketlərin arsenalına malikdir. ABŞ-ın son qiymətləndirmələri göstərir ki, iki ölkə arasında hava münaqişəsi çox güman ki , “dalan”la nəticələnəcək .
Qeyd olunur ki, Tayvanın 150 minə yaxın əsgəri və 2,5 milyon ehtiyatı var. Ölkə Çinin mümkün işğalına qarşı bütün milli müdafiə strategiyasını yerləşdirib. Ukrayna xalqı kimi, tayvanlılar da öz ölkələrində sahə üstünlüyünə malikdirlər, torpağı bilirlər və ölkələrini qorumaq üçün yüksək motivasiyaya malikdirlər.
Mümkün quru müharibəsində Çin Ordusu ilk növbədə uyğun eniş nöqtəsi tapmalıdır. Bu nöqtə həm materikə, həm limanlara, həm də hava limanına yaxın olmalıdır. Tayvan səlahiyyətliləri Çinin eniş ehtimalı olan 14 nöqtəni müəyyən edib və bu əraziləri qorumaq üçün illərdir hazırlıqlar görülüb.
Bildirilir ki, Çin ordusu bölgəyə öz əsgərlərini havadan buraxa bilər, lakin orduda paraşütçülərin azlığını nəzərə alsaq, bu, çətin görünür. Çin qoşunları üçün başqa bir problem döyüş təcrübəsinin olmamasıdır. Çin Ordusu sonuncu dəfə 1979-cu ildə Çin-Vyetnam sərhəd müharibəsi zamanı fəallaşıb. Hərbi analitiklər bildirirlər ki, Çin ordusu uzun müddətdir real döyüş təcrübəsi vermir və Tayvana hücum edərsə, ağır nəticələrlə üzləşə bilər. Ancaq eyni reallıq Tayvana da aiddir. İki ölkədə əsl müharibə şəraitində nə cür sınaq verəcəklərini bilmir.
Çinin Tayvanı tam şəkildə işğal etməkdən başqa variantları var. Robert Blackwill və Philip Zelikow tərəfindən Xarici Əlaqələr Şurası üçün yazdığı hesabatda bunlar "Tayvan adalarını almaq" və "əsas adaya karantin tətbiq etmək" kimi qiymətləndirilib. Çin istər dəniz, istər hava, istərsə də quru müharibəsində zəmanətli qələbə qazanacağını düşünsə belə, dünyanın Rusiyaya vahid reaksiyası kimi mənzərə ilə üzləşə bilər. Dünyanın qalan hissəsində Tayvana dəstəyin artırılması isə Çinin ən son istədiyi şeylərdən biridir.
Leyla, Bizimyol.info