Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günvurmanın ümumi simptomları hansılardır?
Günvurmanın ümumi simptomları hansılardır?

Yay aylarında yüksək temperatur və orta rütubət səbəbindən günvurma hallarına rast gəlinir. Uşaq və körpələr də daxil olmaqla, hər yaşdan insana təsir edə bilən günəş vurması yüksək hərarət, ürəkbulanma, qusma və huşunu itirmə kimi əlamətlərlə özünü göstərir.

Yay aylarında yüksək temperaturda günəş işığına həddindən artıq məruz qalma nəticəsində bədən hərarətinin anormal səviyyəyə yüksəlməsinə günvurma deyilir. Bədən mexanizminə və sistemlərinə mənfi təsir göstərən yüksək hərarət xüsusilə günorta saatlarında daha çox müşahidə olunur. Külək olmayan havada daha da təsirli olan istilik bədənin tərləmə və ya su itkisi mexanizmini pozaraq qalıcı zərərə və hətta ölümə səbəb ola bilər. Çox isti havalarda bədən hazırkı temperaturunu saxlamaq üçün tərləmə üsulundan istifadə edir. Qeyri-kafi tərləmə, orqanizmdə natrium və xlor itkisinə səbəb olur və nəticədə gün vurur.

Günəş vurmasının ən əhəmiyyətli səbəbi yüksək hərarət olsa da, rütubət də təsirli faktorlardan biridir. Ümumiyyətlə 40°C-dən yuxarı temperaturda müşahidə edilən günəş vurması, aşağı temperaturda yüksək rütubət səbəbindən fərdlərə təsir edir. Bundan əlavə, isti havalarda qalın paltarlardan istifadə etmək, günəş altında spirtli içki qəbul etmək və birdən çox qida qəbul etmək gün vurmasına səbəb ola bilər.

Günvurma bütün yaş qruplarında görülsə də, bəzi yaş qrupları risk qrupundadır. Günvurma hallarına daha çox 4 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı şəxslər rast gəlinir. Eyni zamanda böyrək çatışmazlığı, yüksək təzyiq (hipertoniya), xərçəng, piylənmə xəstəliyindən əzoiyyət çəkənlər xroniki xəstəlikləri olanlar və müxtəlif psixoloji pozğunluğu olan şəxslər də risk qrupundadır. Hamilə qadınlar da yüksək temperaturda günəş vurmasına qarşı tədbir görməlidirlər.

Terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, günvurma ilk mərhələdə ürəkbulanma, qusma, yüksək hərarət və baş ağrısı kimi ümumi simptomlarla özünü göstərir. Müdaxilə olunmadığı hallarda fərqli və daha şiddətli günvurma əlamətləri meydana çıxır. Xüsusilə hərarət 40 C-dən yuxarı qalxdıqda qıcolmalar, dəridə səpgilər və tənəffüs çətinliyi kimi əlamətlər baş verir ki, bu zaman şəxs komaya düşür.

Günvurmanın ümumi simptomları aşağıdakılardır:

  • 40 C-dən yuxarı qızdırma,
  • dəri səpgiləri,
  • bədəndə tərləmə olmaması,
  • ürək döyüntüsü,
  • hipotenziya,
  • ürəkbulanma və qusma,
  • şiddətli baş ağrısı,
  • nəfəs almada çətinlik,
  • şüur itkisi,
  • yatmaq arzusu,
  • ağızda və dodaqlarda quruluq
  • dərinin səthində qurutma,
  • balans pozğunluqları və yeriməkdə çətinlik,
  • əhval-ruhiyyə balanssızlığı,
  • ürəkgetmə və koma.

Günvurmadan sonrakı ilk 30 dəqiqə, xəstələr üçün çox vacibdir. Çox yüksək bədən istiliyi olan xəstələrin temperaturu ən azı 38,5 C-ə endirilə bilmədiyi hallarda xəstələr ölə bilər. Lakin sağ qalan xəstələrdə qaraciyər və böyrək funksiyalarında daim qalan problemlər müşahidə edilir.

Həkim bildirir ki, günvurma müalicəsi 1 gün çəkir. Bəzi xəstələrdə isə 1 həftə də davam edə bilər.

“Günvurma xəstələrinin əksəriyyətində qusma əlamətləri olduğundan ilk tibbi yardım zamanı xəstələrin yan uzadılması vacib məqamdır. Xəstələr sərin yerə olmalı, sonra onların bədən hərarəti aşağı salınmalıdır. Bunun üçün baş, sinə, qoltuqaltı kimi nahiyələrə soyuq kompreslər tətbiq oluna bilər. Qan axınının istiqamətini və təzyiqi artırmaq üçün ayaqları yerdən yüksək nöqtəyə qaldırmaq faydalıdır. Hələ huşunu itirməmiş xəstələrə maye, xüsusilə su verilməlidir” - deyə həkim qeyd edib.

Günvurmanın qarşısını almaq üçün nə etmək lazımdır?

  • Xüsusilə günəşin təsirinin hiss olunduğu saatlarda çölə çıxarkən günəş kremi kimi dərini qoruyan məhsullardan istifadə edilməlidir.
  • Əsas olaraq baş bölgəsini qorumaq üçün günəşdən qoruyucu vasitələrdən əlavə günəş eynəkləri, papaqlar və çətirlərdən istifadə edilməlidir.
  • Çox isti havalarda ağır idman etməkdən çəkinmək, hər fürsətdə duş almaq lazımdır.
  • Günəş işığı altında olan avtomobil kimi qapalı yerlərdə uzun müddət qalmaq olmaz.
  • Gün ərzində ən az 2-3 litr su və ya maye qəbul edilməlidir.
  • Günəş işığını əks etdirəcək nazik, açıq rəngli paltarlara üstünlük verilməlidir.
  • Yağlı qidalar yerinə asan həzm olunan qidalar istehlak edilməlidir.
  • Xüsusilə saat 11.00-16.00 aralarında məcbur qalmadıqca gün altına çıxılmamalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »