Rusiyanın enerji şirkəti “Qazprom” Danimarkanın “Orsted” və “Shell Energy” şirkətlərinə rublla ödəniş etmədikləri səbəbilə təbii qaz tədarükünü dayandırıb.
Bizimyol.info xəbər verir ki, Shell Energy Almaniyaya təbii qaz satışı ilə bağlı müqaviləyə malikdir. Xatırladaq ki, "Qazprom" ötən gün Hollandiyanın “GasTerra” şirkətinə rublla ödəməkdən imtina etdiyi səbəbilə qaz axınını tamamilə kəsdiyini açıqlayıb.
Danimarka dünən Rusiyadan təbii qaz alışını dayandıra biləcəyinə işarə etsə də, Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın etirazlarını dəf edərək Ukraynanı işğal edən Rusiyaya qarşı xam neft idxalını 90 faiz azaltmağa prinsipcə razılaşdılar.
Qeyd edək ki, "Qazprom" daha əvvəl rublla ödəniş etmədiklərini əsas gətirərək Polşa, Bolqarıstan və Finlandiyaya təbii qaz nəqlini dayandırmışdı.
Məsələ ondadır ki, sanksiyalara əsasən Rusiyaya dollar və avro valyutalarının idxalı qadağan edilib. Bunun nəticəsində sanksiyaların ilk günlərində rubl xarici valyutalara nəzərən ikiqat ucuzlaşmışdı. Avropanın Rusiyadan kritik qaz asılılığını başa düşən prezident Vladimir Putin rublun iflasını əngəlləmək üçün təbii qazın yalnız rublla satılacağını açıqladı. Bu açıqlama etirazlarla qarşılansa da, az sonra Putin bununla bağlı fərman imzaladı. Bir sıra ölkələr, hətta Almaniya və İtaliya da sonra rublla ödəniş etməyə razılaşdılar.
Mexanizm bundan ibarətdir ki, həmin ölkələr Rusiya banklarında rubl hesabı açmalıdırlar, sonra Rusiyada idxal etdikləri qazın dəyərini ödəmək üçün əvvəlcə rubl alaraq öz hesablarında balans yaratmalıdırlar və sonra həmin hesabdan rublla ödəniş etməlidirlər. Bunu etmək üçün təbii ki, Almaniya və İtaliya Rusiyaya avro və ya dollar ödəməlidir ki, öncə rubl alsın və sonra da ödəniş edə bilsin. Nəticədə Rusiyaya dollar və avro idxalını qadağan edən sanksiya bu istiqamət üzrə tapdalanmış oldu.
Bunun ardınca rubl hətta müharibədən əvvəlki səviyyədən də yüksək dəyər qazandı. Amma bu vəziyyət Rusiya iqtisadiyyatına müsbət təsir göstərmədi. çünki digər sanksiyalar üzündən Rusiyada yüz minlərlə iş yeri itirilib və hazırda Rusiyanın həmin iş yerlərini bərpa etmək üçün texnoloji imkanları yoxdur.
Leyla, Bizimyol.info