Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da şərlənərək həbs edilən, günahsız yerə həbs həyatı yaşayan insanlar var. Kimlərinsə istəkləri ilə razılaşmadığı üçün, kimlərəsə boyun əymədiyi üçün həbs edilərək, ömürlük həbs cəzası alanlar ömrünün ən gözəl illərini həbsdə keçirir və işləmədiyi “cinayətin” cəzasını çəkir, sözlərini deməyə heç kimləri olmur. Onlar cəmiyyətdən təcrid edilir.
Düşün, heç bir cinayət işləməmisən. Amma sənin gələcəyinin elə bir hörgü hörüblər ki, çırpındıqca, daha da dolaşırsan. Bir də baxırsan ki, həbsdə 4 divar arasındasan. Ailən, uşaqların, işin, yaşayacağın həyatdan uzaqsan. Bu zaman tək ümidin yaradanın olur ki, bəlkə düzən dəyişər və bəlkə həbsə düşməyinə səbəb olan şəxslər ya vəzifəsini itirər, ya həyatını. Belə olarsa, yenə heç olmasa əfvə düşməyə ümidin qalır.
Bəs itirdiyin illər? Bəs haqsız yerə şərlənərək, cəmiyyət aarsında itirdiyin etibarın? Bəs illərlə işləyib qazana biləcəyin maddi gəlir? Bəs sənə dəyən mənəvi zərər? Bununla bağlı əslində Azərbaycan Respublikasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanun var. Qanun, 1998-ci ilin dekabrın 29-da mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri səhvi və ya sui-istifadəsi nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir.
Hüquqşünas Məhəmməd Səlimov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, qanun şərlənərək və yaxud səhvən həbs edilən şəxslərə dəyən zərərin ödənilməsinə xidmət edir.
“Bura şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması və s. aiddir. Yəni qanuna görə, qanunda nəzərdə tutulmuş hallar baş verdiyi zaman şəxsə dəymiş maddi, mənəvi zərər ödənilməlidir”- deyən hüquqşünas bildirir ki, dəymiş zərər şəxs haqqında bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə ödənilir.
Bəzən olur ki, vətəndaş günahsız yerə, həbs edilir və həbsdə dünyasını dəyişdikdən sonra ona bəraət verilir. Bu zaman vətəndaşa dəyən zərər onun vərəsələrinə ödənilməlidir. “Vətəndaşa dəyən zərər ödənilməlidir” deyilən zaman bura onun həbsdə olduğu müddətdə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, eyni zamanda müsadirə edilən və ya dövlət nəfinə keçirilən, istintaq orqanları tərəfindən götürülən, üzərinə həbs qoyulan əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Vətəndaşın həbsdə olduğu zaman həbsdə saxlanılmaısna, məhkəmə məsrəflərinə və s. digər xərclər ona ödəniləcək məbləğdən çıxıla bilməz. Bu zərər əksər hallarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
“Qanuna görə, şəxsə dəyən hər bir zərər, məsələn əlindən alınan əmlak belə, bəraət aldığı günə uyğun bazar qiymətinə hesablanaraq ödənilməlidir. Qısacası bu şəxslər haqqında qanun var” - deyə hüquqşünas bildirib. Şəxsin günahsız yerə həbs edilməsinə görə, qanunla digər müddəalar da nəzərdə tutulur ki, bu zaman həmin şəxslər də cəzalandırılmalıdır.
Yəni günahsız yerə ömrünü həbsdə keçirən şəxslərin günahsız olduğu müəyyən edildiyi və onlar bəraət aldığı zaman dəyən zərəri tələb edə bilərlər. Məsələn, 5 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsə 2000-3000 manat mənəvi zərər ödənilir. Avropa və Amerika ilə müqayisədə bu məbləğ çox cüzidir. Yəni itirən yenə də, ömrünün illərini həbsdə çürüdən vətəndaşa olur. Nəticədə heç bir məbləğ azadlığın yerini vermir.
Qeyd edək ki, 1998-ci ildə qəbul edilmiş qanuna 2018-ci ildə kiçik bir düzəliş edilib, yəni 3 maddədə “islah işləri” sözləri “ictimai işlər” sözləri ilə əvəz edilib. Azərbaycan təcrübəsində vətəndaşın bəraət aldıqdan sonra ona dəymiş zərərin ödənilməsi ilə bağlı təcrübə qarşımıza çıxmayıb. Belə hal varsa, bu, qanunun aktivliyini sübut edə bilər. Acınacaqlısı, Azərbaycanda qanunlar toplusu olsa da, işlək mexanizm yoxdur.
İlahin, Bizimyol.info