Böyük Britaniyanın Daxili İşlər Nazirliyi, insan qaçaqmalçılığı və qeyri-qanuni immiqrasiya problemini həll etmək üçün nəzərdə tutulmuş immiqrasiya praktikasının bir hissəsi olaraq, ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları və qaçqınları iyunun 14-də Ruandaya göndərmək planını həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, rəsmilər Şərqi Afrika ölkəsi Ruqandaya göndəriləcək ilk qaçqınlara rəsmi deportasiya bildirişləri verməyə başladıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi Ruandaya göndərilən immiqrantlara yaşayış və sağlamlıq xidmətləri ilə bağlı dəstək veriləcəyini bildirsə də, Ruandaya ilk deportasiya uçuşunda neçə qaçqının iştirak edəcəyi hələ dəqiqləşdirilməyib.
Britaniyanın daxili işlər naziri Priti Patel verdiyi açıqlamada, "Ruandaya ilk uçuş gələn ay, iyunun 14-də gözlənilir" deyə bildirib.
Ruanda ilə Böyük Britaniya arasındakı immiqrasiya tərəfdaşlığını “qanunsuz sığınacaq sisteminə nəzarət strategiyası” olaraq xarakterizə edən Patel, “Ruanda ilə tərəfdaşlığımız qeyri-qanuni sığınacaq sisteminə nəzarət etmək və insan qaçaqmalçılarının iş modelini qırmaq üçün strategiyamızın mühüm hissəsidir”,- deyə bildirib.
“Bugünkü elan bu tərəfdaşlığın reallaşması yolunda daha bir kritik addımdır. Prosesə mane olmaq və təqdimatı gecikdirmək cəhdlərinin ediləcəyini bilsək də, ruhdan düşməyəcəyik. Mən Britaniya xalqının gözlədiklərini çatdırmağa tam sadiq qalacağam",- deyə Patel əlavə edib.
Qeyd edək ki, Britaniya hökuməti aprel ayında İngiltərəyə qeyri-qanuni yollarla gələn və sığınacaq istəyən bəzi qaçqınları 5 illik sınaq proqramı çərçivəsində Ruandaya göndərməyi planlaşdırdığını açıqlamışdı. Hökumət, qaçqınların Ruandaya sığınacaq müraciətlərinə baxılması üçün göndərilməsinin insanların qaçaqmalçılığının qarşısını alacağını və Kanal boyunca qeyri-qanuni miqrant axınının qarşısını alacağını söyləmişdi.
Rəsmi məlumatlara görə, keçən il 28 mindən çox qaçqın Avropadan İngiltərəyə kiçik qayıqlarla keçib.
Digər tərəfdən, İngiltərə Baş naziri Boris Consonun ötən aprel ayında açıqladığı plan bəzi iqtidardakı Mühafizəkarlar Partiyasının millət vəkilləri də daxil olmaqla, bir çox xeyriyyə təşkilatı tərəfindən tənqid olundu, Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri bu addımın beynəlxalq Qaçqınlar Konvensiyasını pozacağı ilə bağlı xəbərdarlıq etdi.
Leyla, Bizimyol.info