Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərazi güzəşti üçün Ukraynaya təzyiq etməyəcəyəm" - Bayden
"Ərazi güzəşti üçün Ukraynaya təzyiq etməyəcəyəm" - Bayden

ABŞ Ukraynanı daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edəcək.

Bizimyol.info xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden çərşənbə axşamı “The New York Times”da dərc olunan məqaləsində bildirib.

“Biz tez hərəkət etdik, Ukraynaya əhəmiyyətli miqdarda silah və sursat göndərdik ki, o, döyüş meydanında vuruşa və danışıqlar masasında ən güclü mövqe tuta bilsin. Ona görə də mən qərara gəldim ki, biz ukraynalıları Ukraynadakı döyüş meydanlarında əsas hədəflərə daha dəqiq zərbələr endirməyə imkan verəcək daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edək”,- deyə o yazıb.

ABŞ prezidenti bildirib ki, ABŞ-ın Ukraynadakı münaqişədə məqsədi onun demokratik, müstəqil olması və ölkənin yeni hücumundan müdafiə oluna bilməsidir.

Onun sözlərinə görə, “azad dünya və ABŞ başda olmaqla digər ölkələr Ukraynanın tərəfindədir, görünməmiş hərbi, humanitar və maliyyə dəstəyi verirlər: "Müharibə irəlilədikcə, mən ABŞ-ın bu səylərdə məqsədlərinin nə olduğunu açıqlamaq istərdim. Amerikanın məqsədi sadədir: biz demokratik, müstəqil, suveren və firavan Ukraynanı qorumaq və onu gələcək təcavüzələrə qarşı müdafiə etmək imkanlarına malik olmaq istəyirik”,- deyə Amerika lideri  qeyd edib.

Siyasətçi bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı təkmil silah sistemləri, o cümlədən Stinger insan-portativ hava hücumundan müdafiə sistemləri (MANPADS) və tank əleyhinə "Javelin" sistemləri, artilleriya və "Mi-17" helikopterləri ilə təchiz etməyə davam edəcək.

“Biz Ukraynanı qabaqcıl silahlarla, o cümlədən “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit raketləri, güclü artilleriya və yüksək dəqiqlikli raket sistemləri, radarlar, pilotsuz uçan aparatlar, "Mi-17" helikopterləri və döyüş sursatları ilə təchiz etməyə davam edəcəyik”, - deyə o, yazıb.

ABŞ prezidenti bildirib ki, ABŞ Ukraynanı öz sərhədlərindən kənarda zərbə endirməyə çağırmır və Kiyevə belə imkanlar vermir. "Biz Ukraynanı öz sərhədlərindən kənarda zərbə endirməyə təşviq və ya təhrik etmirik",- Bayden bildirib. Onun sözlərinə görə, ABŞ “sadəcə, Rusiyanı incitmək üçün” münaqişəni uzatmaq istəmir.

ABŞ administrasiyasının rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar “ABŞ və digər müttəfiqlərinin qüvvələri və potensialı vasitəsilə NATO-nun şərq cinahını gücləndirməyə davam edəcək”.

“Bu yaxınlarda mən Finlandiya və İsveçin NATO-ya üzv olmaq təklifini alqışladım ki, bu, iki demokratik və hərbi qabiliyyətli tərəfdaşı daxil etməklə ABŞ və transatlantik təhlükəsizliyi gücləndirəcək”,- Bayden deyib. O, bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya güzəştə getməsi üçün Ukraynaya təzyiq etməyəcək, çünki bu, müəyyən edilmiş prinsiplərə zidd olacaq.

“Mən Ukrayna hökumətinə ərazi güzəştləri etmək üçün təzyiq etməyəcəyəm. Nə açıq, nə də şəxsi söhbətlərdə. Bu yanlış olardı və müəyyən edilmiş prinsiplərə zidd olardı”,- deyən Bayden Kiyev rəhbərliyinin xəbəri olmadan Ukrayna ilə bağlı qərarlar vermək niyyətində olmadığını vurğulayıb. Bayden iddia edib ki, Kiyev və Moskva arasında danışıqlar prosesinin dayandırılmasına görə məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək və onun münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylərini dəstəkləyəcək.

Bayden əmin edib ki, Rusiya hərəkətlərinə görə cavab verməli olacaq. Əks halda, onun fikrincə, “qaydalara əsaslanan beynəlxalq nizamın sonu” gələ bilər. "Amerikalılar Ukrayna xalqını dəstəkləməyə davam edəcəklər, çünki biz başa düşürük ki, azadlıq havayı qazanılmır",- siyasətçi deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »