Ukrayna prezidenti Vladimir Zelenski Xerson istiqamətində müəyyən uğurları açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə o, axşam videomüraciətində bildirib.
"Bizim Xerson istiqamətində müəyyən uğurlarımız var, həmçinin Xarkov vilayətində irəliləyiş var. Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində işğalçıların hücumunun qarşısını alır, əsas istiqamət Qulyaipole və Orexovodur",- deyən prezident əlavə edib ki, "Severodonetsk, Lisiçansk, Kuraxovo indi qarşıdurmanın episentrindədir".
Onun sözlərinə görə, Severodonetskdə böyük kimya istehsalının mövcudluğunu nəzərə alsaq, Rusiya ordusunun oradakı zərbələri, xüsusən də hava bombardmanları sadəcə olaraq, ağılsızlıqdır.
“Müharibənin 97-ci günündə Rusiya hərbçiləri, komandirləri, əsgərləri üçün hər hansı bir çılğınlığın tamamilə məqbul olması artıq təəccüblü deyil”,- deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukraynada hamı bütün ərazilərimizin, bütün xalqımızın tezliklə azad edilməsini istəyir, lakin biz həyatı dəyərləndirərək, ehtiyatlı davranmalıyıq. Zelenski bir daha vurğulayıb ki, bu müharibədə məqsəd dövlətimizin ərazi bütövlüyünü tam bərpa etməkdir.
“Hər kəs, bütün səviyyələrdə olan insanlar indi dövlətimizə müasir ağır silahlar və müasir artilleriya təchizatı üçün lobbiçisi olmalıdır. Bütün o sistemlər Ukraynanın qələbəsini həqiqətən sürətləndirə bilər. Harada faydalıdırsa və harada eşidiləcəksə, bu barədə danışın. Tərəfdaş ölkələrin siyasətçiləri, xarici media nümayəndələri, hətta xaricdəki dostlarınızla danışın. Ukraynanı qələbə üçün kifayət qədər silahla təmin etmək zərurəti ilə bağlı bu söhbətlər həmişə açıq saxlanmalıdır”,- deyə prezident vurğulayıb.
Ukrayna qüvvələrinin Xerson vilayətinin işğal olunmuş rayonlarına doğru irəliləməsi ilə bağlı ilk xəbərlər bir neçə gün əvvəl yayılmağa başlayıb. Mayın 31-də axşam Britaniya kəşfiyyatçıları Ukrayna Silahlı Qüvvələrinin işğalçıların mövqelərinə hücumlarının “yaxşı nəticələri” olduğunu bəyan ediblər.
Bir gün əvvəl Daxili İşlər Nazirliyi qeyd etdi ki, Ukrayna ordusu Xerson və Zaporojye vilayətlərinin ayrı-ayrı hissələrində işğalçıları 8-10 km geri oturda biliblər. Xerson vilayətinin yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya ordusu əvvəllər qurduqları üçüncü müdafiə xəttindən qovulurlar. Hazırda düşmən qüvvələri Severodonetskdə döyüşlərə və bütün Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə cəmlənib.
Qadir, Bizimyol.info