Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lukaşenko qorxmaya bilməz, söhbət ağ don geyinmiş qadınlardan getmir"
"Lukaşenko qorxmaya bilməz, söhbət ağ don geyinmiş qadınlardan getmir"

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya görə Qərblə bütün körpüləri yandırıb. Kremllə müttəfiqlik postsovet ölkəsinin rəhbərini dünyanın böyük hissəsi üçün arzuolunmaz şəxsə çevirib. Lukaşenko və ətrafı da sanksiyalardan yan qaça bilmir. Ukrayna müharibəsində Rusiyaya yardım bağışlanmaz addım sayılır.

Bizimyol.info xəbər verir ki, Lukaşenko şəxsən öz gələcəyi ilə bağlı narahatdır. Belarusun dövlət başçısı müharibənin ilk günlərində daha qətiyyətli danışırdı. “Batya” indi əvvəlki qədər inamlı görünmür. Lukaşenko gerçəkliyi yaxşı anlayır. O, başa düşür ki, Rusiya gözlənildiyi nəticəni əldə edə bilmir. Kreml qoşunları Ukraynada böyük itkilər verir. Lukaşenko bunu dilə gətirməyə başlayıb. Dövlət başçısı müşavirələrin birində Ukrayna silahlı qüvvələrini tərifləməyə belə cəsarət etmişdi.

Belarus rəhbəri nə baş verdiyini gözəl anlayır və eyni zamanda çox qorxur. Ukraynanın qələbəsi Lukaşenkonun məhvi anlamına gələcək. Qərb Vladimir Putin hakimiyyətinin çöküşü halında Belarus dövlət başçısına prezident kürsüsündə rahat əyləşməyə imkan verməyəcək. Onsuz da Lukaşenkonun son seçkidəki qələbəsi qəbul olunmamışdı. Onun Svetlana Tixanovskaya məğlub olduğu, amma seçkilərin nəticələrini saxtalaşdırdığı hesab edilirdi.

Lukaşenkonu çox qorxudan bir tendensiya var: Belarus döyüşçülərinin Ukrayna silahlı qüvvələrinə kömək etməsi. Siyasi şərhçi Aleksandr Klaskovski dövlət başçısının yerli vətəndaşların Kreml qoşunlarına qarşı çıxmasından, ümumiyyətlə, hərbi təcrübə toplamasından xeyli narahat olduğunu bildirir.

“Lukaşenko qorxmaya bilməz. Söhbət ağ don geyinmiş, əlində gül-çiçək tutan qadınlardan getmir. Birdən-birə yüzlərlə Belarus vətəndaşı silahlanır, döyüş təcrübəsi toplayır. Yeni inqilabi situasiyada nələr baş verə biləcəyini təsəvvür edin. Digər yandan Lukaşenko Ukraynada blitskriqin alınmamasından narahatdır. Rusiya sürətlə qonşu ölkəni işğal edə bilmədi. Sanksiyalar bir-birini əvəz edir. Lukaşenko bu gün müşavirə keçirib. Əsas leytmotiv odur ki, sanksiyalardan qorxmaq lazım deyil. Halbuki belə müşavirənin keçirilməsi özlüyündə sanksiyalardan qorxmaq anlamına gəlir. Rusiya məğlub olacağı halda Belarusda yeni etiraz dalğası başlayacaq. Putindən dəstək olmayanda isə Lukaşenkonun sıradan çıxması qaçılmazdır”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »