Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətbuat Şurası sədrinin müavini: “Reket jurnalistika” artıq milli təhlükəsizlik elementinə çevrilib”
Mətbuat Şurası sədrinin müavini: “Reket jurnalistika” artıq milli təhlükəsizlik elementinə çevrilib”

“Azərbaycanda müstəqillik əldə etdikdən və ölkədə demokratik media mühiti yaranandan sonra təəssüf ki, azad, demokratik media mühitindən istifadə etmə halları da meydana çıxıb”.

Bunu APA-ya açıqlamasında Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, neqativ hallara qarşı mübarizə uzun müddətdir ki, başlayıb və davam edir: “Azərbaycan demokratik müstəqillik yoluna qədəm qoyandan sonra bəllidir ki, demokratik ölkələrin, demokratik dünyanın tələblərinə uyğun olaraq dövlət bu sahədə tənzimləyici qurumları ləğv edib. Təəssüf ki, verilmiş bu azadlıqdan, demokratik imkanlardan neqativ məqsədlər üçün istifadə edənlər də ortaya çıxıb. Biz bunları “reket jurnalistlər” adlandırırıq. Bunlara qarşı uzun müddət medianın özünütənzimləmə imkanları çərçivəsində mübarizə aparılıb. Təəssüf ki, mübarizəni indiyə qədər sona çatdırmaq, “reket jurnalistika” ilə bağlı problemlərin kökünü tamamilə kəsmək mümkün olmayıb”.

Mətbuat Şurası sədrinin müavini qeyd edib ki, bunun da müəyyən səbəbləri var: “Səbəblərdən biri də qanunvericilikdə olan boşluqdur. Boşluq da ondan ibarətdir ki, köhnə qanunvericilikdə “Jurnalist kimdir?”, “Onun standartları nədir?”, “Kütləvi informasiya vasitəsi subyekti nədir?”, “Onun standartları nədir” anlayışı konkret deyildi. Buna görə də sıradan bir insan - internetə əli çatan, mobil telefonu, kompüteri olanlar özü üçün sosial şəbəkə platforması açıb, adını da kütləvi informasiya vasitəsi qoyurdu və bu platformadan sui-istifadə edirdi. Qanunvericilikdə olan boşluq da bu problemlərin qarşısını almaq üçün yetərli deyildi. Məsələnin ikinci tərəfi texnoloji inkişafla bağlıdır. İnternetin inkişaf etməsi “reket jurnalistika”ya çox loyal şərait yaradır. Məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, çox təəssüf ki, bəzən “reketlər”i, mediadan neqativ məqsədlər üçün sui-istifadə edən şəxslərə kənardan dəstəkləyən qüvvələr ortaya çıxır. Bu mənim uzun illik mübarizədə gəldiyim nəticədir. Bu günün reket jurnalistikası 10-15 il əvvəlki reket jurnalistika deyil. Həmin vaxt reket adlandırdığımız təbəqə insanları şantaj, təhdid edib müəyyən gəlir güdürdüsə, bu gün onların şəbəkəsi kifayət qədər genişlənib. Bu, artıq milli təhlükəsizlik elementinə çevrilib. Bu gün reket jurnalistlərin həm ölkə daxilində, həm də ölkə xaricində müəyyən şəbəkəsi var. Azərbaycana təzyiq göstərmək istəyən müəyyən güc mərkəzləri bu şəbəkələrdən istifadə edirlər və onların “inkişaf”ı üçün əllərindən gələn dəstəyi verirlər. Bu gün Azərbaycanda hansısa jurnalist reketçilik fəaliyyətinə görə ifşa olunursa, tutulursa, cəzalandırılırsa, həmin şəxsi siyasi məhbus kimi beynəlxalq təşkilatların qarşısına siyahıda təqdim edirlər, ondan Azərbaycana qarşı istifadə olunur. Bu işləri kim görür, kim təşkil edir? Necə olur ki, adi cinayət törətmiş, mediadan sui-istifadə etmiş şəxs cəzalandırılanda onun adı beynəlxalq QHT-lərin siyahılarına düşür? Deməli, bunları təşkil edən müəyyən şəbəkələr və onların qarşılıqlı maraqları var. Onlar bu cür yanlış, “fake” informasiyalardan özlərinin hansısa maraqları, məqsədləri, Azərbaycana təzyiq göstərmək üçün istifadə edirlər. Beləliklə, “reket jurnalistikası”nın çiçəklənməsinin səbəblərindən biri də budur ki, həm Azərbaycan daxilində, həm də Azərbaycanın xaricində onların dəstəkçi qüvvələri var”.

Müşfiq Ələsgərli hesab edir ki, “reket jurnalistika”ya qarşı mübarizə birtərəfli olmamalıdır: “Uzun illərdir, mənim gəldiyim qənaət bundan ibarətdir ki, bunlara qarşı kompleks mübarizə aparılmalıdır. Birincisi, Azərbaycan vətəndaşları buna qarşı mübarizə aparmalıdır. İnsanlar bu cür neqativ hallardan şikayət verməsələr, təbii ki bu əməlləri törədənləri də hüquqi məsuliyyətə cəlb etmək olmaz. Burada vətəndaşlar aktiv olmalıdır. İkincisi, ölkənin jurnalist təşkilatları aktiv və həmrəy olmalıdır. Bu məsələlərdə hər kəs çəkici bir nöqtəyə döyməlidir. Üçüncüsü, hüquq-mühafizə orqanları bunlara qarşı aktiv mübarizə aparmalıdırlar. Vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media təşkilatları, hüquq-mühafizə orqanları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər və bu cür neqativ hallara qarşı vahid mübarizə sərgiləməlidirlər. Əgər belə olarsa, onlara qarşı effektiv mübarizə aparıb nəticə əldə etmək mümkündür”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »