Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın jurnalistlərə qarşı cinayətlər artır, cinayətkarlar isə tapılmır
Qadın jurnalistlərə qarşı cinayətlər artır, cinayətkarlar isə tapılmır

Bir neçə gün öncə sosial “Voleybol Federasiyasının” mətbuat xidmətinin rəhbəri jurnalist Sevinc Qədirova öz sosial şəbəkə hesabında şantaj edildiyini qeyd etmişdi.

Jurnalist xanım bildirirdi ki, 2015-ci ildə işi ilə əlaqədar olaraq şantajlara məruz qalıb.

Sevinc Qədirova yazırdı: “20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğul oluram və hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir heç cür. Rəsmi şəkildə əsir düşmüşəm elə bil. 1 qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər hələ də. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ki, ya ölkəni tərk et ya da intihar et. Atam-qardaşım olsaydı bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim Dövlət var, Dövlətin vəzifəli şəxsləri var, hüquq-mühafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq”...

İradə Cəlil İradə Cəlil

Xatirimdədir, bir neçə il öncə, 2020-ci ildə jurnalist İradə Cəlil də eyni xarakterli status yazmışdı. Jurnalist xanım şantaj və təhdidlərə məruz qaldığını deyirdi. O, hətta hüquq mühafizə orqanlarına da müraciət etmişdi. Sonda isə, şikayətlərinə hüquq-mühafizə orqanları tərəfindən diqqət yetirilmədiyi və cinayətkar tapılıb məsuliyyətə cəlb edilmədiyinə görə, ölkəni tərk etməli oldu. Bir müddət əvvəl isə, jurnalistin ölüm xəbərini yaydılar. Məqsəd nə idi bilmirəm, amma xəbər kifayət qədər yayıldı. Bu, jurnalistin ailəsinə ağır mənəvi zərər vura bilərdi.

Qısa müddət öncə, jurnalist Aytən Məmmədova təhdid olunmuşdu. Jurnalist müsahibələrində deyir ki, əvvəllər də yazılarına görə, təhdid xarakterli mesajlar alırmış. Ancaq bu dəfə cinayətkar onu yaşadığı evin liftində yaxalayaraq və boğazına bıçaq dirəyərək, övladı ilə təhdid etmişdi.

Ayten Memmedova Aytən Məmmədova

Nəticədə, Azərbaycanda qadın jurnalistlərə qarşı xüsusi bir qarayaxma və susdurma kampaniyası aparılır. Sözünü deməyi bacaran, cəmiyyətin gözü qarşısında olan qadın jurnalistlər xüsusi bir şəbəkə tərəfindən izlənilir. Onlar işi, şəxsi həyatı, ailəsi və ya uşaqları ilə təhdid edilir. Və çox təəssüflər olsun ki, ölkədə hüquq-mühafizə orqanları bu proseslərə göz yumur. Hətta deputatlardan biri Aytən Məmmədov haqqında danışarkən demişdi ki, “adi jurnalistdir də”... Yəni Azərbaycanda qadın jurnalistlərin qarşılaşdığı şantaj, hədə-qorxu və s. bu tipli hərəkətlər cəzasız qalır. Cinayətkarlar da heç nə olmamış kimi cəmiyyət arasıdna rahat gəzir, həyatına davam edir.

Mən əminəm ki, jurnalist İradə Cəlilin müraciətləri cavabsız qaldığı kimi Aytən Məmmədova və Sevinc Qədirovaya qarşı edilən cinayətlər də qapanacaq. Və bu proseslərin səbəbkarları cəmiyyət arasında rahat gəzəcək, yeni tapşırıqlar həyata keçirəcək və digər qadın jurnalistlərin də həyatına müdaxilə edəcəklər. Yeni tapşırıqlar, bəli. Çünki hesab edirəm ki, bu qadınlara qarşı şər-böhtan atanlar, şantaj edənlər bunu sifarişli şəkildə həyata keçirir.

Jurnalistlərin fəaliyyətinə nəzərə salanda görmək mümkündür ki, heç biri bu günə qədər dövlət əleyhinə bir cümlə də olsa yazılarında istifadə etməyib, dövlətə qarşı çıxmayıblar. Bu jurnalistlərə qarşı müharibə edənlər dövlət içində özünə dövlət qurmuş məmurlardır ki, onları susdurmaq da, məhz hüquq mühafizə orqanlarının üzərinə düşür.

Görünən odur ki, Daxili İşlər Naziri Vilayət Eyvazov bununla bağlı xüsusi tapşırıq verməlidir və baş Prokuror Kamran Əliyev özü bu məsələni nəzarətə götürməlidir. Baş prokuror və Daxili İşlər Naziri xüsusi tapşırıq verməsə, qadın jurnalistlərə qarşı bu cinayətləri işlədənlər öz fəaliyyətlərindən geri addım atmayacaqlar.

Fikrimcə, bütün qadın jurnalsitlər bu məsələdə birlik nümayiş etdirməlidir. Çünki sabah o qadın jurnalistlərin başına gətirilənlər, bizim də, mənim də, sənin də başına gətirilə bilər.

İnsanların şəxsi həyatı toxunulmazdır. Əgər bu şəxsi həyata müdaxilə edənlər varsa, mütləq cəzalandırılmalıdır. Uşaqları ilə, şəxsi həyatları ilə şantaj, təhdid edilməməlidirlər.

Ümid edirik ki, Dövlət bizi eşidəcək. Qadın jurnalistlərə qarşı edilən bu cinayətlər son olacaq və cinayətkarlar öz cəzasını çəkəcək...

Sadəcə ümid edirik...

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »