Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün məqalə yazıb.
Bizimyol.info xəbər verir ki, Ukraynadakı müharibənin beynəlxalq nizama, böyük güc rəqabətinə və qaydalar əsasında fəaliyyət göstərən Avro-Atlantik təhlükəsizliyinə dair geniş yayılmış inanclara meydan oxuduğunu ifadə edən Ərdoğan, prosesin tarixin ən böyük hərbi ittifaqı olan NATO-nu da geri gətirdiyini qeyd edib.
Türkiyənin 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvü olduğunu ifadə edən Ərdoğan bildirib: “Ölkəmiz azadlıq və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun yeritdikdən sonra 1952-ci ildə alyansa qoşuldu. Soyuq Müharibə dövründə və ondan sonra Türkiyə Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olmuşdur.
Türkiyə ordusu da NATO missiyaları çərçivəsində Kosovodan Əfqanıstana kimi dünyanın bir çox yerinə səfər edib. Eyni zamanda, ölkəmiz müdafiə sənayesinə milyardlarla dollar sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirib . Bu əlavə tutum sayəsində təqdim edilən məhsullar Ukrayna da daxil olmaqla müxtəlif döyüş bölgələrində əhəmiyyətli təsirlərə malik olub”.
Türkiyənin artan potensialının NATO-nun möhkəmliyinə və gücünə töhfə verdiyini bildirən Ərdoğan bunları qeyd edib: “Tərəfdaşlarımız Türkiyənin NATO-nun kollektiv təhlükəsizlik missiyasına verdiyi töhfəni həmişə yüksək qiymətləndirsələr də, öz təhlükəsizliklərinə təhdid olmadığı zaman bu töhfəni tez unutdular.
Türkiyənin əhəmiyyətini ancaq qarışıqlıq dövründə (Balkanlardakı böhran kimi) xatırlayan maraqlı tərəflərimiz Türkiyəsiz də uzunmüddətli sabitliyin əldə oluna biləcəyini xəyal edirdilər. Buna görə də təhlükə dəf edildikdən sonra geosiyasi reallıqları və regionda yarana biləcək təhlükələri görməzdən gəldilər.
Şübhəsiz ki, beynəlxalq böhranlar nəticəsində bu xəyallar həmişə qısaömürlü olmuşdur. Son illərdə beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin dəyişməsi bir çoxlarının NATO-nu köhnəlmiş təşkilat kimi təsvir etməsinə səbəb olub.
Əslində, Emmanuel Makron 2019-cu ildə alyansın “beyin ölümü” keçirdiyini söylədi. Eyni qruplar Türkiyənin bu təşkilatdakı rolunu şübhə altına almışdı.
Qeyri-adi xəyalpərəstlik və “ifrat” strateji uzaqgörənlik nəticəsində ortaya çıxan bu münasibət NATO-ya uzun illər bahasına başa gəldi”.
Ərdoğan Türkiyənin bəzi üzv dövlətlərin bəzən məsuliyyətsiz davranışlarını NATO ilə əlaqələndirmədiyinə də diqqət çəkib: “Əksinə, biz NATO-nun əhəmiyyətini vurğulayaraq, üzv dövlətləri addımlar atmağa çağırdıq (məsələn, NATO-nun missiyasını yeni təhdidləri ehtiva etmək üçün yeniləmək və yeni geosiyasi və qlobal çağırışlar qarşısında təşkilatı daha vacib etmək kimi).
Türkiyənin bu çağırışı getdikcə qeyri-sabitləşən beynəlxalq sistem qarşısında tutduğu mövqe ilə paralel idi. Bu baxımdan Türkiyə digər beynəlxalq təşkilatlar kimi NATO-nun da yeni təhlükəsizlik təhdidlərinə qarşı bəzi islahatlar aparmalı olduğunu müdafiə etdi.
Kollektiv təhlükəsizlik istiqamətində, xüsusən də terror təhlükəsi ilə bağlı adekvat addımların atılmaması (bir çox üzv dövlətlərin birbaşa hədəfə alınmasına baxmayaraq) həm təhlükəsizlik sahəsində əməkdaşlığa zərbə vurdu, həm də NATO ölkələrinin ictimai rəyində təşkilata dərin inamsızlıq yaratdı”.
Türkiyənin qatıldığı bütün NATO sammitlərində bu vəziyyəti vurğuladığını və terrorla mübarizənin qurulması üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu xatırladan Ərdoğan sözlərini belə davam etdirib:
“Bu kontekstdə biz istəyirdik ki, NATO terror təşkilatlarına qarşı mübarizə apararkən kəşfiyyat və hərbi məsələlərdə daha güclü əməkdaşlıq etsin. Biz bunu təkcə terror hücumlarının qarşısının alınması baxımından deyil, həm də NATO sərhədləri daxilində terrorun maliyyələşdirilməsi və işə götürülmə fəaliyyətlərinin qarşısının alınması baxımından gündəmə gətirdik.
Eynilə Türkiyənin ətrafında vətəndaş müharibələri olduğu bir vaxtda NATO-dan bəzi qanuni və lazımlı tələblər irəli sürdük. Sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək və bölgədə İkinci Dünya Müharibəsindən sonra yaranan ən böyük qaçqın dalğası olaraq “insan təhlükəsizliyi” üçün bu tələbləri irəli sürdük . Bu məsələlərdə böyük ölçüdə tək qalan ölkəmiz bu böhranlarla təkbaşına mübarizə aparmış və bu mübarizədə böyük bədəl ödəmişdir. Ancaq bu böhranlarla bağlı NATO daxilində atılacaq addımlar təşkilatı növbəti dövrdə NATO sərhədləri daxilində baş verəcək digər münaqişələrə və böhranlara qarşı mübarizəyə hazırlaya bilərdi”.
Ukrayna müharibəsi ilə bağlı yaranmış vəziyyətin Türkiyənin gözləntilərinin və çağırışlarının nə qədər uyğun olduğunu ortaya qoyduğunu ifadə edən Ərdoğan deyib:
“Bu dövrdə qarşıdurmalar ciddi dağıntılara səbəb olsa da, Türkiyənin geosiyasi mövqeyini dərk edən bəzi üzv dövlətlər keçmişdə atdığımız bəzi addımların nə qədər məqsədəuyğun olduğunu gördülər. Həqiqətən, Türkiyə NATO üzvlərinə gələcəyin geosiyasi çağırışlarına hazır olmaları lazım olduğunu söyləyərkən haqlı idi. NATO-nun əhəmiyyətsiz olduğunu iddia edənlərə qarşı təşkilatın əhəmiyyətinin artacağını söyləməkdə tamamilə haqlı idik.
Təəssüf ki, bəzi üzvlər Türkiyəyə qarşı təhdidlərin bir qismini tam qiymətləndirə bilmirlər, halbuki bütün üzvlər Türkiyənin NATO üçün nə qədər vacib və kritik olduğunu bir daha qəbul edir.
Türkiyəyə görə, İsveç və Finlandiyanın üzvlüyə qəbulu onun öz təhlükəsizliyi və təşkilatın gələcəyi üçün risklər yaradır. 5-ci maddəyə əsasən, NATO-nun ikinci ən böyük ordusunun yardıma gəlməsini gözləyən bu dövlətlərdə terror təşkilatı kimi də tanınan PKK-nın toplanması, maliyyələşdirilməsi və təbliğat fəaliyyətinin qarşısını almaq bizim ən təbii haqqımızdır”.
Türkiyənin namizəd ölkələrin bütün terror təşkilatlarının fəaliyyətini dayandırmasını və üzvlərini Türkiyəyə təhvil verməsini istədiyini bir daha vurğulayan Ərdoğan bu qiymətləndirmələri edib:
“Aydın sübutlar bu ölkələrin səlahiyyətliləri ilə paylaşıldı və onların tədbir görəcəyi gözlənilirdi. Bundan əlavə, Türkiyə bu ölkələrin NATO üzvlərinin həyata keçirəcəkləri terrorla mübarizə əməliyyatlarına dəstək vermələrini arzulayır. Terrorizm bütün üzv dövlətlər üçün təhlükə yaradır və namizəd ölkələr təşkilata qoşulmazdan əvvəl bu faktı qəbul etməlidirlər. Əgər lazımi addımları atmasalar, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək.
Bundan əlavə, Türkiyə bu fikirdədir ki, istənilən silah embarqosu (İsveçin ölkəmizə tətbiq etdiyi növ) NATO çətiri altında hərbi tərəfdaşlıq ruhuna ziddir. Bu cür məhdudiyyətlər təkcə milli təhlükəsizliyimiz üçün deyil, həm də NATO-nun imici üçün son dərəcə zərərli nəticələrə malikdir.
İsveç və Finlandiyanın alyansa qoşulmaqda israrlı olması da NATO-nun gündəliyinə lazımsız bir maddə əlavə etdi”.
Ərdoğan açıqlamasında onu da bildirib ki, terrorun dini, milləti və rəngi yoxdur.
“Məqsədi mülki əhaliyə zərər vurmaq olan hər bir təşkilata qarşı möhkəm dayanmaq bu ittifaqın ən mühüm missiyalarından biridir. Bu mövzuda heç bir ölkənin imtiyazı yoxdur. Problemlərin həlli və qlobal sülh və sabitliyin təşviqi zamanı qısa yollar həmişə mövcud olmaya bilər. Amma atıla biləcək cəsarətli və düzgün addımlar sayəsində bu yolları mümkün qədər qısaltmaq olar.
İsveç və Finlandiyanın müttəfiq olmaq istədikləri dövlətlərin təhlükəsizlik problemlərinə münasibəti və həssaslıqları Türkiyənin bu ölkələri nə qədər müttəfiq kimi görmək istədiyini müəyyən edəcək. Müttəfiqliyin hər genişlənmə prosesində müsbət və konstruktiv nöqtədə dayanan Türkiyənin üzvü olduğu təşkilatla əlaqələrini şübhə altına almağa cürət edənlərin məlumatsızlığı və təkəbbürü mövqeyimizi dəyişməyəcək. Diplomatiya və dialoqun bütün formalarına açıq olan ölkəmiz bu səylərin namizəd ölkələri inandırmağa yönəldilməsini tövsiyə edir. Terrorla mübarizə aparmaq istəməyən ölkənin Ankarada göstəriş vermək səlahiyyəti yoxdur.
Hesab edirik ki, NATO üzvləri terrorla mübarizədə ikili standartlar tətbiq etsələr, alyansın etibarı təhlükə altına düşəcək”.
Leyla, Bizimyol.info