Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa yeni sanksiyaları razılaşdırdı: Rusiya neftinə embarqo gəldi
Avropa yeni sanksiyaları razılaşdırdı: Rusiya neftinə embarqo gəldi

Avropa Birliyi nəhayət, Rusiyaya qarşı 6-cı sanksiyalar paketini razılaşdıra bilib. Bir ay davam edən fikir ayrılıqlarından sonra Avropa Birliyi sanksiyalar paketinin razılaşdırıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, əslində mayın 30-31-ə təyin olunan fövqəladə sammitdən də irəliləyiş gözlənilmirdi, lakin Avropa ölkələrinin liderləri kompromis əldə edə biliblər. Sanksiya qərarı Rusiyadan neft idxalının 90 faizinə embarqo qoyur.

"Avropa Şurası razılaşır ki, Rusiyaya qarşı sanksiyaların altıncı paketi boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna tətbiq edilməklə Rusiyadan Avropa Birliyinə üzv dövlətlərə daşınan xam neft və neft məhsullarına şamil ediləcək",- AB sammitinin rəsmi bəyanatında deyilir.

“Hələlik bu, siyasi razılaşmadır və onun əsasında Ukraynaya qarşı müharibəyə görə Moskvaya qarşı altıncı sanksiyalar paketi rəsmi olaraq qəbul ediləcək. Bunun üçün çərşənbə günü, iyunun 1-də AB ölkələrinin daimi nümayəndələri toplanacaq”,- deyə Avropa Şurasının rəhbəri Şarl Mişel gecə mətbuat konfransında bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen "AB Şurası indi Rusiyanın bütün neft idxalının təxminən 90 faizinə qadağa qoyulmasını qərara alıb, bu ilin sonuna qədər idxal tam olaraq dayandırılmalıdır" deyib.

Sanksiyalar qüvvəyə minəndən sonra yalnız “Drujba” neft kəməri vasitəsilə neft idxal ediləcək. Qalan bütün marşrutlar dayandırılacaq. “Drujba” neft kəmərinin Avropaya Rusiya neftinin ixracında payı cəmi 10 faiz təşkil edir. Həminn 10 faiz Macarıstan, Slovakiya və Çexiyaya gedir. Onlar üçün bir istisna ediləcək. Bununla belə, bu, əbədi olmayacaq və razılaşmaya əsasən bu məsələyə yaxın vaxtlarda yenidən qayıdılacaq. Artıq bu ölkələrin neft ehtiyacının təmin olunması üçün variantlar gözdən keçirilməyə başlayıb.

Əslində sanksiya paketi qəbul edildikdən sonra dərhal qüvvəyə minməyəcək. Bir qayda olaraq AB sanksiyaları mövcud müqavilələrin məhdudlaşdırılması üçün üç aylıq müddət ayırır. Rusiya Federasiyasından kömür embarqosu üçün dörd ay vaxt verilmişdi. Neftə gəlincə, Avropa Komissiyasının rəhbəri bunun bu ilin sonuna qədər baş verəcəyini bildirib. Ursula fon der Leyen xam neftin idxalını altı ay, neft məhsullarının idxalını isə səkkiz ay müddətinə qadağan etməyi təklif etmişdi.

Çexiya üçün əlavə istisna nəzərdə tutulur ki, dizel yanacağı qıtlığı olmasın. Ölkəyə daha 18 ay Rusiya neft məhsullarının idxalına icazə veriləcək. Onların necə hesablanacağı da bəlli deyil: embarqonun tətbiq olunduğu tarixdən, yoxsa 2023-cü ilin əvvəlindən.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »