Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qadına qarşı zorakılıq və qadın qətlləri hər gün artır
Azərbaycanda qadına qarşı zorakılıq və qadın qətlləri hər gün artır

İlk dəfə toy günündən 3 gün sonra döyüldüm... Bəli, bu yazını elə öz başıma gələnlərlə, öz yaşadığım hadisələrlə başlayacağam...

Üç günün gəlini ayrıla bilməzdi. Cəmiyyət birmənalı qarşılamazdı. Sonra taleyinlə barışıb, “bəlkə düzələr” deyib, gözləməyə başlayırsan... İlk övladın dünyaya gələndə sevinirsən ki, “bəlkə düzələ”...

Düzəlmir. Qollarındakı göyərmiş qançırları hamıdan gizlətmək üçün uzun qollu geyinirsən. Anana “qapıya dəydim” deyirsən, bacın soruşanda ayağının stolun iti tərəfinə dəydiyini...

Hər gün yeməyini göz yaşları ilə yeyirsən, hələ azacıq ümidin var. “Bəlkə düzəldi” ümidi ilə bir neçə ili yaşamırsan, “yola verirsən”... Ümidlərin qucağındakı körpənə olur. Bütün dərdlərini, ağrılarını onun qulağına pıçıldayırsan...

Və bir gün anlayırsan ki, “düzəlməyəcək”. Ayrılmağa qərar verəndə, səni öldürəcəyi ilə hədələyir. Qorxu ilə yaşayırsan və bir gün də... Bəzi qadınlar o bir gündə keçmiş həyat yoldaşın qurbanına çevrilir, öldürülür. Başı kəsilir, güllələnir...

Mən qurtuldum...

Etiraf etməliyik ki, Azərbaycanda qadına qarşı zorakılıq halları və qadın qətlləri hər gün artır. Qadın qətllərini təhlil edərkən, qatilin qadının həyat yoldaşı, sevgilisi, nişanlısı və yaxud yaxını olduğunu görürük... Bəzən biz qadınlar sevəndə “düşmənlə bir yataqda olduğumuzun” fərqinə varmırıq. Fərqinə varanda isə... artıq qarşı tərəf zəifliyimizi bilir. Bizi necə məhv edə biləcəyini və necə əzə biləcəyini yaxşı bilir, “yatağımızdakı düşmən”...

2022-ci il başlayandan bu günə qədər, 30-a yaxın qadın qətlə yetirilib. Birinin qatili öz həyat yoldaşı, birinin qatili 15 yaşlı oğlu... Mütəxəssislərin fikrincə, qadına qarşı aqressiya, kişinin gücsüzlüyünün, daha doğru ifadəylə çarəsizliyinin işarəsidir. Çünki kişi artıq o qadını itirdiyini başa düşür. İtirmək isə onun üçün qəbuledilməzdir. “Mənim deyilsə, qara torpağın olsun” deyib həmin qadının qatilinə çevrilir.

Nizami rayonu polis bölməsinin əməkdaşı İsmayıl Məmmədov elə polis bölməsində, xidməti silahı ilə həyat yoldaşını övladlarının gözü qarşısında öldürdü...

Səbəb – qadın daha bu həyatı yaşamaq istəmir, ayrılmaq istəyirmiş...

Aprelin 23-ü Xəzər rayon polis idarəsinin əməkdaşı Tural Aslanov əvvəlcə nişanlısı Günay Cabbarovanı sonra da özünü öldürüb.

Yenə Nizami rayonu ərazisində 15 yaşlı oğlan anası Sevinc Məhərrəmovanı bıçaqlayaraq öldürüb.

Səbəb-qısqanclıq imiş...

Etiraf etməliyik ki, bu gün Azərbaycanda hüquq mühafizə orqanları qadınlara qarşı artan zorakılıq hallarının qarşısını ala bilmir. Zorakılıqla qarşılaşan, həyat yoldaşı, sevgilisi, tanışı, yaxını, qohumu, oğlu tərəfindən döyülən, işgəncələrə məruz qalan, iqtisadi, sosial, psixoloji, fiziki zorakılığa məruz qalan qadın dərdini kimə deyəcəyini bilmir. Polis də çox zaman bu tip şikayətlərə səthi yanaşır. “Həyat yoldaşındır, ailədə söz-söhbət olar” deyib, çarəsiz qadını potensial qatillə baş-başa buraxırlar. Polis qadın öldürüləndən sonra məsələyə ciddi şəkildə yanaşmağa başlayır ki, o zaman da gec olmuş olur.

Və yaxud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Komitə zorakılıq, qətl, təcavüz və s. bu kimi hasiələr baş verdikdən, digər qurumlar reaksiya göstərdikdən sonra “məsələ nəzarətimizdədir” deməklə işini bitmiş hesab edir. Qadın sığınacaqlarına gəldikdə isə, ölkədə az sayda qadın sığınacağı var ki, bu sığınacaqlarda da qadınların həyatı təhlükə altındadır.

Məsələn bir neçə ay əvvəl Xəzər rayonu Binə qəsəbəsində “Ümid yeri” sığınacağında 27 yaşlı Ülviyyə Həsənova, öz həyat yoldaşı Saməddin Həsənov tərəfindən qətlə yetirilib. Sığınacaqda... Qadının son ümid hesab edib, qatilindən qaçıb, canını qutaracağını düşündüyü bir yerdə...

  • Dövlət bu mövzu üzrə nə iş görür?

Dövlət qərarlar, qanunlar qəbul edir. Məişət zorakılığı ilə bağlı cərimələri artırır. Hansı ki, bu qərarlar, qanunlar elə kağız üzərindəcə qalır. Bu qanunları qəbul edən, qərarlara imza atan şəxslər vəziyyətin necə acınacaqlı həddə olduğunu başa düşmək istəmir.

“Qatil psixologiyası” o qədər fərqlidir ki, qatilin gözündə zorakılıq etdiyi üçün ödəməli olacağı məbləğ və ya qadınını öldürdüyü üçün çəkəcəyi cəza göz önündə olmur. Yəni bu problemin qarşısını cəriməni 50-100 manat artırmaqla almaq mümkün deyil.\

Artan intiharlar...

Son zamanlar Azərbaycanda intihar hadisələrinin, qadın intiharlarının da sayı artır. Qadınlar, gənc qızlar intihar etdikdən sonra məlum olur ki, şantaj edilirmiş...

“45 dəqiqə vaxtın qaldı”... Bu mesajı bir müddət əvvəl Şəkidə intihar edən Məlahət Quliyevaya keçmiş sevgilisi İsmayıl Rəhimov yazıb. “Qəhrəman”, gənc sevgilisinə özünü öldürmək üçün vaxt veribmiş. Əks halda, onunla sevgili olduğu zaman çəkdiyi videoları atasına-qardaşına göndərəcəkmiş...

Və yaxud ötən il Nahidə adlı 27 yaşlı bir gənc intihar etdi. Sevgilisi intim videolarla onu şantaj edirmiş...

Çox yazıq bir dövr yaşayırıq. Qadın olduğumuz üçün döyülürük, şantaj edilirik və qətlə yetirilirik. Hələ arxamızca “əxlaqsız idi” deyənlər də olur...

BMT Baş Məclisi, 1999-cu ildən 25 noyabrı Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü elan edib. İldə bir gün, zorakılığa qarşı mübarizə ilə bağlı fikirlər irəli sürülür. Müvafiq qurumlar da bir neçə şablon tədbir keçirib, “gözdən pərdə asmağa” çalışırlar. Nəticədə hər gün öldürülən, döyülən, şantaja məruz qalan və “əxlaqsız” damğası vurulan biz - qadınlar həyatından məhrum olur. Bizi öldürülməkdən, döyülməkdən, şantaja məruz qalmaqdan heç kim qoruya bilmir... Tənhayıq...

Deyirlər, “cənnət anaların ayağı altındadır”. Biz də anayıq, niyə bizi öldürürlər?

Psixoloqlar qadına qarşı zorakılığı cinayətkarın keçmişi, uşaqlığında yaşadığı psixoloji sarsıntılar və həyat tərzi ilə əlaqələndirir. Hüquqşünaslar, qanunların daha sərt olmasını təklif edir. Sosioloqlar təklif edir ki, yeni sığınacaqlar açılsın. Polis qadın öldürüləndən sonra müdaxilə edir. Ailə, Qadın və Uşaq Problemləri üzə Komitə də hadisələrdən sonra məsələni “nəzarətə götürür”...

Biz -qadınlar, sadəcə yaşamaq üçün, yaşaya bilmək üçün mübarizə aparırıq. Bəzən “qatillə eyni yataqda”, bəzən qatillə eyni süfrə başında... Hər an düşünürük, görəsən “mən də öldürüləcəyəmmi?”... Bəli, heç kim bundan sığortalanmayıb. Qatil olmaq nə təhsildən, nə maddi vəziyyətdən asılı deyil...

P.S. Mən hüquqşünaslarla, sosioloqlarla, deputatlarla, psixoloqlarla, qadın hüquq müdafiəçiləri ilə, komitə ilə, hüquq mühafizə orqanları ilə danışaraq şablon fikirlər üzərində də bir yazı hazırlaya bilərdim. Amma bu illər ərzində gördüklərim, yazdıqlarım və şəxsən yaşadıqlarım deməyə əsas verir ki, biz heç kimə ümidli olmamalıyıq. Özümüz özümüzü qatillərimizdən qorumalıyıq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »