Bir müddət əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərinin Baş planı ilə tanış olublar.
Ölkə başçısı bildirib ki, layihə təbiətə yaxşı inteqrasiya edilib. “Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır”- deyə prezident bildirib.
Qeyd edək ki, dünyaın bir çox ölkələrində park tipli qəsəbələr, şəhərciklər mövcuddur. Belə şəhərlərə daha çox İsveç, Norveç və s. kimi ölkələrdə rast gəlinir. Belə ərazilərdə çoxmərtəbəli binalar tikilmir və əhali təbiətlə ünsiyyətdə yaşayır.
Əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevBizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, layihələr hazırlanan zaman həmin ərazidə müxtəlif sahənin mütəxəsisləri laborator işlər aparırlar. Seysmik zonalar, sürüşməyə meyilli ərazilərdə çoxmərtəbəli binaların tikilməsinə icazə verilmir.

“Zəngilanda çoxmərtəbəli binaların tikilməyəcəyi xəbər veriləndə hamıda “niyə” sualı yarandı. Zəngilanın ərazisi böyük olsa da, əhalisi digər rayonlarla müqayisədə azdır. Əhalisi az olan böyük ərazilərdə çoxmərtəbəli binaların tikilməsi boş ərazilərin və kiçik əhərin yaranmasına gətirib çıxara bilər. Böyük kütlə binalara yığışaraq, şəhərin həcmi kiçiləcək. Şəhərin böyük olması üçün, 1,2 mərtəbəli həyət evləri, yaşıllıqlar olmalıdır. Zəngilanın təbiəti çox zəngindir. Mənim fikrimcə, Zəngilanın park şəhər olmasının əsas səbəbi də elə budur. Geri dönən insanların da əksəriyyəti geniş həyət-baca istəyir. Bu da bina evlərində mümkün deyil”,- deyən ekspert qeyd edib ki, Zəngilanda da, inzibati binalar çoxmərtəbəli olacaq. Ancaq 1,2 mərtəbəli evlərin tikilməsi oranın əhalisinin arzusudur. Bu arzu da yeni bir modelin ortaya çıxmasına səbəb olur. Digər bir səbəb isə, seysmik zona olması ilə əlaqədar ola bilər. Belə park tipli şəhərlərin digər xarici ölkələrdə olduğunu da deyən ekspert bildirir ki, belə layihələrin Azərbaycanda da olması çox sevindiricidir. Ekspertin fikrincə, park-şəhər layihəsi Azərbaycanda müasir formada ilk park tipli şəhər olacaq.
Qeyd edək ki, Zəngilanın “baş planı” Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “S.A. Partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə görə, şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.
İlahin, Bizimyol.info