Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gizli referendum" haqda açıq söhbət
"Gizli referendum" haqda açıq söhbət

Deyirlər, referendum keçiriləcək. Həm də gizli. Daha doğrusu, sanki gizli hazırlıq gedirmiş. Xəbəri BBC News Azərbaycanca yayıb. Həm də reklama da qoyubmuş ki, çox oxunsun.

Xəbər çox maraqlıdır. Ancaq bu xəbər doğrudursa, gizli referendum keçirilməsində kim maraqlıdır? Görünən o ki, bu xəbəri yayan mənbə - mötəbər xarici media da bunda maraqlı olub. Ən azı bu məsələ onu maraqlandırıb. Deməli, həm də müəyyən xarici dairələri. Elə bəzi daxili dairələri də.

Kimdir referendumu tələsdirən?! İqtidar təmsilçisi Aydın Mirzəzadə deyir ki, belə bir şey yoxdur. Ancaq BBC cənab Mirzəzadəyə, deyəsən, inanmır (belə bir xəbəri yalanlamaq üçün çox aşağı ranqdır yəqin), ya da xəbərin dolğunluğu və tərəfsizliyi qayğısına qalıb. Odur ki, müxalifətdən və müstəqil ekspertlərdən də soruşub. Hərçənd o müxalifətin də bəzi hissələrinin gerçəkdə kimə müxalif olduğu, o müstəqil ekspertlərin də kimdən müstəqil olduğu bir ayrı sualdır. Hər halda müxalifət deyir ki, referendumdan xəbəri yoxdur, ancaq iqtidar belə bir gizli hazırlıq görürsə, bu, ictimailəşdirilməlidir.

Bəli, tamamilə doğrudur; iqtidar referendumu gizli keçirə bilməz; "ümumxalq səsverməsi" dediyiniz nəhəng bir siyasi kampaniyanı gizli keçirmək... sizcə, bu mümkündürmü? Hətta bu prosesə gizli hazırlaşmaq belə mümkün deyil. Düzgün də deyil, o, birinci şərt.

Ölkədə ən böyük müxalifət partiyalarından birinin lideri deyir ki, prosesdən xəbərsizdir. Ölkənin hər yerində yerli təşkilatı olan bir partiya xəbərsizdirsə, ya belə bir referendum hazırlığı yoxdur, ya da o prosesi çox etibarlı şəkildə gizlədiblər.

Yaxşı, belə möhkəm gizlədiblərsə, bir nəfər media mənsubu onu hardan bilib?! Bütün ölkədən gizli olan bir sirri. Ki, bütün respublika ərazisində üzvləri və tərəfdarları olan siyasi təşkilatlardan gizlədilmişdi...

Həm də bu məlumatı yayanlara inansaq, bir neçə iri şəhərlərdəki dairə və məntəqə üzvləri açıb danışıb bunu. Özləri də "gizli qalmaq istəyib".

Referendum kimi bir hadisəyə gizli bir hazırlığın üstünü açmaq, sonra da gizli qalmaq! Buna inansan bir dərd, inanmasan başqa dərd! Söhbət komissiya üzvlərindən və sədrlərin köməkçilərindən gedir. Şəhərlərin də adları çəkilib; Müvafiq dövlət qurumlarına ünvanlar, demək olar, verilib. Daha nə olsun?!

Dövlət niyə maraqlanacaq bu işlə?! Çünki bu xəbərdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum hazırlığı Qarabağ erməniləri ilə, ümumiyyətlə, dövlətin ərazi bütövlüyü və təhlükəsizliyi ilə əlaqələndirilib. Xəbərdən belə çıxır ki, dövlətin təhlükəsizlik maraqları referendum keçirməyi və ən maraqlısı, buna gizli hazırlaşmağı tələb edib, dövlət sisteminin adamları da (seçki komissiyasının üzvləri) bu gizliliyi pozublar və məlumatı "dövlətçilik mövqeyində olan" bir media nümayəndəsinə veriblər. O da BBC-yə açıqlayıb. Bu, necə işdir?!

Ola bilsin, dövlətin adını çəkdiyimiz müvafiq qurumu bu məsələ ilə heç maraqlanmayacaq. Ancaq bizi maraqlandıran suallar var. Əgər dövlət gerçəkdən referenduma hazırlaşırsa, bunu gizli saxlamağın mənası nədir?! Mötəbər səviyyədə bu hazırlıq açıqlansın. Yox, əgər belə bir hazırlıq yoxdursa, yenə də həmin mötəbər səviyyədə təkzib olunsun. Dövlətlə, millətlə yanıltmac dili ilə danışmaq kimə gərəkdir?! Bu, kimə maraqlıdır? Ən başlıcası, kimə gərəklidir?

seçki

Bəlkə kimsə dövlətin boynuna referendum qoymaq istəyir (xaricdə və daxildən bu məsələdə maraqlı olanlar). Ya da bəlkə belə bir referendum həqiqətən olacaq, dövlət hələ ki xəfif dillə boynundan atır. Bu versiyaların heç biri doğru deyilsə, qalır üçüncü versiya: ictimai rəyin zondajıdır bu bəlkə.

Ancaq bunlar hamısı, sadəcə, versiyalardır, informasiyalar deyil. Həm iddialardan biri parlament seçkisində majoritar sistemin də tətbiq olunacağı və deputatların sayının 175 nəfərə çatdırılması haqdadır. Bunun başqa bir iddiada adı çəkilən Qarabağ ermənilərinə nə dəxli var?! Milli Məclisin deputatlarının sayı 125 oldu, yaxud 175 oldu, bu, Xankəndində Azərbaycan bayrağının dalğalanmasına nə kimi təsir edəcək - bilmirəm. Onsuz da bu gedişlə, bu sistemlə, bu siyasi reallıqlarda parlament çoxluğu eyni partiyadan olacaq(sa), hakim kursa dəstəyi 125 nəfərin 95-i verdi, yaxud 175 nəfərin, tutaq ki, 107-si verdi, burda siyasi arifmetikadan başqa dəyişən bir şey var?!

Hərçənd "köhnə qvardiya" zaman-zaman: "Milli Məclisə seçiləcək ermənilər öz dilində çıxış etsin, onlara tərcüməçi verilsin", "Azərbaycandakı ermənilərə öz partiyasını yaratmaq imkanı verilsin, parlamentdə öz fraksiyası olsun" deyə fikirlər, öz aləmlərində təkliflər səsləndiriblər. Yeni və faktik spekulyativ təkliflər də bax, bu haqqında danışdığımız "gizli referendum" mövzusu üzərindən edilir bəlkə də. Azərbaycan ictimai rəyində, müxalifətin rəyincə, iqtidarın da publik bəyanatlarında vurğulanan bir mövqe var: Qarabağ ermənilərinə hansısa xüsusi status verilməyəcək; Qarabağdakı erməni əhali Azərbaycan Konstitusiyası və qanunlarının iradəsi altına keçmək istədiyi halda dövlət həmin şəxslərin vətəndaşlıq məsələlərinə baxacaq. Vətəndaşlığa qəbul olunmaq, vətəndaşlıqdan çıxmaq və ya çıxarılmaq toplu, qrup halında məsələ deyil; hər kəsin müraciəti fərdi olur, fərdi yanaşılır. Bunun bəlli, legitim prosedurları var. Əgər Xankəndində yaşayan hansısa bir şəxs, tutaq ki, Ermənistan, yaxud Fransa vətəndaşıdırsa, onun Azərbaycan vətəndaşlığına qəbul olunmasının proseduru məlumdur; bizdə ikili vətəndaşlıq qadağandır. Həmin şəxs başqa ölkənin vətəndaşlığından çıxmalıdır. Bunun üçün nə referendum?! Əgər söhbət mədəni hüquqlardan gedirsə, buna da xüsusi bir ayrıcalıq tanımaq məntiqsizdir; Konstitusiyada onsuz bütün vətəndaşlara eyni hüquqlar verilib. Azsaylı xalqların, etnik qrupların mədəni inkişafı üçün də bütün hüquqi baza, ictimai konsensus və siyasi iradə - başlıcası, etimadlı mənəvi mühit var. Burda da Konstitusiyada nəyisə dəyişmək zərurəti görünmür (hər halda mən görmürəm).

Ümumilikdə götürdükdə haçansa - 3 aydan, ya 3 ildən sonra Konstitusiya referendumunu istisna etmirəm. Yeni ictimai reallıqlar yeni legitim çərçivələr tələb edə bilər. O cümlədən, Konstitusion səviyyədə. Ancaq ərazisinin bu başından o başına 500 kilometr məsafə olan, əhalisinin tam çoxluğunun internetə çıxışı olan bir ölkədə referendum kimi bir hadisəyə gizli hazırlaşmaq da mümkün deyil, bunun mümkün olduğuna inanmaq da.

Hə, deyirsinizsə, Azərbaycan reallığında mümkün olmayan şey yoxdur, o başqa. Ancaq hər halda elə məsələlər var ki, onun yersiz və əsilsiz-əsassız müzakirəsi bəzi hallarda onların reallaşmasından daha da təhlükəlidir. Məsələn, biz çoxmillətli, çoxkonfessiyalı bir dövlətik. Bu, bizim monoetnik dövlət(lər)dən üstünlüyümüzü də, məsuliyyətimizi də artırır. Biz 44 günlük müharibədə dünyaya bir unikal, ibrətli örnək də vermişik: polietnik, çoxkonfesiyalı dövlət olaraq monoetnik, təkkonfessiyalı dövlətə qalib gəlmişik. Bunun fəlsəfəsi, açması hətta bir kitaba da sığmaz; sən işğalçı ilə müharibə aparırsan, eyni zamanda öz daxili bütövlüyünü və ictimai tarazlığını da saxlamalısan. Bunu bacarmış dövlətdən söhbət gedir. Biz bu gün hətta siyasi, hüquqi deyil, media müstəvisində belə dünənki separatçılara və onların girovluğunda olmuş bir etnik azlığa bir ayrıcalıq tanımağın mümkünlüyünü müzakirə ediriksə, bunun nəticələrini hesablamaq və məsuliyyətinin də fərqinə varmaq zorundayıq. Xüsusilə də, o qara pişik o qaranlıq otaqda yoxdursa...

Məncə, bundan daha açıq yazmağıma gərək yoxdur.

P.S. ...Bu arada BBC Azərbaycanca-da referendum bir neçə dəfə "referendum seçkiləri" adlandırılıb. Nə Konstitusiyanın özündə, nə də gündəlik leksikonda "referendum seçkiləri" deyə bir hüquqi anlayış və ya siyasi ifadə yoxdur. Referendum başqa bir şeydir, seçkilər tamam başqa. Konstitusiyanın özündə "referendum" sözündən sonra mötərizədə onu dəqiqləşdirən bir söz birləşməsi də var: "ümumxalq səsverməsi". Seçkilər də, referendum da səsvermədir. Ancaq seçkilərin və referendumun məqsəd və prosedurları fərqlidir. Məsələn, prezident də birbaşa seçkidə seçilir (ümumi səsvermə olur). Ancaq referendumla prezident seçilmir; referenduma çıxarılan məsələlərin dairəsi Konstitusiyada göstərilib. Seçkilərin nəticəsi parlament üçün 5 il, prezident üçün 7 il qüvvədə qalır (əgər növbədənkənar seçki olmazsa). Konstitusiyada və referendumun özündə qərarın hüquqi qüvvəsi üçün isə son müddət müəyyən edilmir; hansısa müddəalar həmin suallarla haçansa keçiriləcək növbəti referenduma qədər qüvvədədir. Növbəti referendum üçün də əvvəldən konkret vaxt senzi yoxdur; bir il sonra da ola bilər, yüz il sonra da. Üstəlik elə məsələr var ki, onların, ümumiyyətlə, nə vaxtsa referenduma çıxarıması mümkün deyil; buna dair Konstitusiyada konkret məhdudlaşdırıcı müddəa, yəni qadağa var. Məsələn, Azərbaycan unitar dövlətdir, federallaşdırıla bilməz və sair.

Bir sözlə, məşhur ifadədə deyildiyi kimi, gəlin, əvvəlcə, terminlərdə razılaşaq. Hərçənd ki bu terminlərdə çoxdan və hamılıqla razılaşmışıq; Konsitusiyanı referendumla qəbul etmişik. Yəni referendumun özünə referendumla razılıq vermişik və orda "referendum seçkiləri" anlayışı yoxdur...

Bahəddin Həzi Bahəddin Həzi

bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »