Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucqar kəndlər üçün maraqlı ideya: Səyyar uşaq bağçası
Ucqar kəndlər üçün maraqlı ideya: Səyyar uşaq bağçası

Özbəkistanda məktəb tikintisi mümkün olmayan rayonlarda yaşayan uşaqlar üçün səyyar uşaq bağçası parkı yaradılıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Özbəkistanda həyata keçirilən “Mobil uşaq bağçası” layihəsi hər kəsin diqqətini çəkir. Səyyar bağçalar hər səhər uşaqların ünvanına gedir ki, onların həyatı yaşadıqları coğrafiya ilə məhdudlaşmasın. Erkən uşaqlıq illəri o qədər vacibdir ki, uşağın taleyini dəyişə bilər. Ancaq bəzi uşaqların taleyi yalnız yaşadıqları coğrafiya ilə məhdudlaşır. Dünyanın müxtəlif yerlərində yaşanılan bu vəziyyət Azərbaycanda və Türkiyədə də yaşanır.

Özbəkistanda coğrafiyanın qurbanı olan uşaqlar da yaşayır. Hökumətin araşdırmasına görə, 2017-ci ildə Özbəkistanda uşaqların yalnız dörddə birinin məsafə problemi səbəbindən məktəbəqədər təhsil almaq imkanı olub. Ucqar rayonlarda yaşayan 10 uşaqdan 9-u heç vaxt bu təhsili ala bilməyib. Bu statistika göstərir ki, uşaqların əksəriyyəti məktəbəqədər təhsildən yayınır. Özbəkistanın Məktəbəqədər Təhsil Nazirliyi, kənd yerlərinin yaxınlığında daha çox uşaq bağçası tikməklə bu vəziyyəti düzəltməyə çalışıb. Amma təəssüf ki, hələ də dağlıq ərazilər də daxil olmaqla, tikinti aparmaq mümkün olmayan ərazilər var. Buna görə də hökumət indi “Səyyar uşaq bağçası” layihəsi ilə məktəbləri birbaşa əlçatmaz ərazilərdə yaşayan azyaşlı uşaqlara göndərir. İndi sarı məktəb avtobusları kəndlərdə və bütün digər əlçatmaz ərazilərdə səyyar sinif kimi xidmət edir. Altı yaşınadək uşaqlara dərs keçmək üçün avtobuslar müəllimləri bu ərazilərə aparır. Bundan əlavə, uşaqların öyrənmələri üçün lazım olan materiallar da bu avtobuslarda hazır vəziyyətdədir.

Özbəkistan 2026-cı ilə qədər məktəbəqədər uşaqların 80 faizini və 6 yaşlı uşaqların 98 faizini ibtidai məktəbə hazırlıq üçün pulsuz və icbari təhsillə təmin etməyi hədəfləyir.

Özbəkistanın Məktəbəqədər Təhsil Nazirliyinin Təhsil Bərabərliyi və İnklüziv Məsləhətçisi Şaknoza Mirziyoevanın sözlərinə görə, mobil uşaq bağçası ideyası uşaq bağçasında olmaq əvəzinə küçələrdə oynayan uşaqları görən zaman yaranıb.

“Valideynlərin övladlarına baxmağa, təhsil verməyə imkanı yoxdur. Çünki onlar işləməlidirlər” - deyə o, bildirib.

Səyyar Uşaq Bağçası ideyası, UNESCO-ya da çatıb və təhsilin aşağı olduğu dünyanın digər regionları üçün nümunəvi təcrübə kimi təşkilatın rəğbətini qazanıb.

“Bütün uşaqların inklüziv, qayğıkeş və yaradıcı məktəbəqədər təhsil müəssisəsinə çıxışını təmin etmək onların tam potensialını inkişaf etdirmək üçün açardır”. Bu barədə UNESCO Baş Direktorunun Təhsil üzrə müavini Stefanya Giannini bildirib.

Qeyd edək ki, Özbəkistanın “Mobil uşaq bağçası” layihəsi dünya ölkələrini bu məqsədə nail olmaq üçün ruhlandıra biləcək model təklif edir.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »