Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Almaniyadan narazıdır: “Berlin Kiyevi atdı”
Ukrayna Almaniyadan narazıdır: “Berlin Kiyevi atdı”

Avropa ölkələrindən Almaniya və Fransa Ukrayna müharibəsindəki roluna görə çox tənqid olunur. Hər iki dövlət Rusiyaya qarşı aşkar loyallıq nümayiş etdirir. Sanki bu ölkələr Kremllə vasitəçilik rolundan məmnundur, status-kvonu qorumağa çalışırlar. Qərb isə istənilən halda qətiyyətli mövqe tələb edir.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bu ölkənin müharibəyə münasibətdə siyasətindən narazılığını bildirib. Diplomat konkret addımlar atılmadığını deyib.

“Hərbi mənada Berlin Kiyevi atdı. Ukraynaya ağır silahların çatdırılması indiyə qədər yubadılır. Biz böyük köməyə ümid bəsləyirdik. Koalisiya konkret addımlar atmasa, Ukrayna müharibədə qalib gələ bilməz. Görünür, onlarda liderlik və cəsarət çatmır. Təəssüf ki, ümidverici siqnallar almırıq”.

Əslində, Almaniyanın kansleri Davos beynəlxalq iqtisadi forumunda sərt çıxış edib. Olaf Şolts Rusiyanın Ukraynada böyük uğursuzluğa məruz qaldığını bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin bütün strateji hədəflərinə çatmaq istəyi boşa çıxıb. Müharibənin ilk günlərində Ukraynanın ələ keçirilməsi daha real görünürdü, nəinki indi. Məqsəd aydındır. Putinə müharibədə qalib gəlməyə imkan vermək olmaz. Mən əminəm: o, qələbə qazanmayacaq”.

Şolts əlavə edib ki, Putin Ukraynanın müdafiəsini yara bilməyəcək. İlk baxışdan kanslerin çıxışına ciddi irad bildirmək olmaz. Amma iş orasındadır ki, Şolts konkret köməkdən danışmır. Bilmək olmur, Berlin Kiyevə nə vaxt ağır döyüş silahları yollayacaq. Ukrayna hökumətinin gözü yolda qalıb.

Almaniya qəribə hərbi siyasət yürüdür. Müasir silahlar Şərqi Avropa ölkələrinə göndərilir. Oradan isə Ukraynaya sovet dövründə istehsal edilmiş texnika yola salınır. Kiyev birbaşa kömək gözləyir.

Ümumiyyətlə, Almaniya və Fransanın konkret mövqe ortaya qoyması Ukraynaya çox mane olur. Sanki müharibə uzanır. Ukrayna ilin sonuna qədər əsas hədəfə çatmaq istəyindədir. Qərbin köməyi olmasa, Kiyevin məqsədinə yetişəcəyi inandırıcı görünmür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »