Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
LOT Polşa Hava Yolları tərəfindən Azərbaycana yeni uçuşlar başlayacaq
LOT Polşa Hava Yolları tərəfindən Azərbaycana yeni uçuşlar başlayacaq

“LOT Polish Airlines” Varşavadan ölkəmizə yeni uçuşlar həyata keçirəcək.

Bizimyol.info xəbər portalına LOT Polşa Hava Yolları tərəfindən verilən məlumata görə, artıq Polşadan Azərbaycana - Bakı şəhərinə uçuşlar başlayacaq.

“Azərbaycan illərdir Polşanın mühüm iqtisadi tərəfdaşı olduğu üçün əlaqə xüsusi işgüzar əhəmiyyət kəsb edir. LOT Polşa Hava Yollarının yay reysləri şəbəkəsinə Azərbaycanın paytaxtı da daxil olmaqla bir çox yeni istiqamətlər daxildir” - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, Bakıya ilk “Boeing 737” mayın 27-si cümə günü saat 23.00-da havaya qalxacaq. Şopen hava limanından Bakının Heydər Əliyev hava limanına uçuş 4 saat çəkəcək.

“Bu il biz Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bakıya marşrutun açıldığını elan etməkdən çox məmnunam. İnanıram ki, birbaşa əlaqə Azərbaycanda Polşa irsinin təbliğinə və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhvə verəcək. Polşalı memarların Azərbaycandakı irsi isə öz növbəsində Polşadan gələn turistləri ovsunlayacaq” - deyə “LOT Polşa Hava Yolları” İdarə Heyətinin prezidenti Rafał Milczarski bildirib.

Xatırladaq ki, milli aviadaşıyıcı ilk dəfə olaraq Azərbaycanın paytaxtına uçacaq. Uçuşları artıq bron sistemlərində almaq mümkündür. Marşrut çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri fəaliyyət göstərəcək. Dörd saatlıq uçuş zamanı biznes klassda uçan sərnişinlər dünyanın müxtəlif ölkələrinin mətbəxlərinin yeməklərindən dadacaqlar. Sərnişinləri ilk uçuşda Azərbaycan üslubunda olan şirniyyat gözləyir.

Daha sonra məlumatda Bakı haqqında xüsusi məlumatlar verilib. Xəzər dənizində yerləşən Bakı "təzadlar şəhəri" adlandırılıb:

“Onun mənzərəsi ənənəvi binalara bitişik olan futuristik göydələnlərlə bəzədilib. Bakının köhnə şəhəri (İçərişəhər nəzərdə tutulur) Mərakeşi xatırladır. İstanbulu xatırladan rahat, dar küçələri isə təəccübləndirir.

Digər tərəfdən, şəhərin audio-vizual landşaftının daimi elementi güclü küləkdir. Hətta Azərbaycan paytaxtının adının mənası belə "külək əsən" deməkdir”.

Burada eyni zamanda Yanardağ haqqında da məlumat verilib:

“Bakıdan cəmi bir neçə onlarla kilometr aralıda başqa bir elementlə qarşılaşırıq. Yanardağ təpəsi daim yanan odları ilə məşhurdur. Buna görə də Bakı təkcə memarlıq incilərini özündə cəmləşdirən həyəcanverici şəhər deyil, həm də yerləri kəşf etmək üçün əla başlanğıc nöqtəsidir”.

Həmçinin bildirilib ki, Varşavadan Bakıya uçuşlar üçün biletləri artıq lot.com saytı, LOT Əlaqə Mərkəzi və LOT Travel ofisləri də daxil olmaqla bütün satış kanalları vasitəsilə əldə etmək mümkündür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »