“Macarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsindən istifadə edərək faktiki olaraq Avropa Birliyini şantaj etməyə əl atdı”.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müşaviri Yelena Zerkal təhlükəsizlik məsələləri üzrə Kiyev forumunun onlayn müzakirəsi zamanı deyib. "Macarıstana gəlincə, Macarıstan vəziyyətdən istifadə etdi, əslində biz və Avropa Birliyi ona belə bir fürsət verdik",- deyə o qeyd edib.
Zerkal deyib ki, Macarıstanın Avropa İttifaqı fondlarına “iştahı” hər gün artır. "Onlar başa düşdülər ki, onların ən gözəl saatları gəlib çatıb. Avropa Birliyinin dağılmaması üçün hər şey tələb edə bilərlər”,- deyə Zerkal əlavə edib.

O, Macarıstana imkan verilməsindən təəssüfləndiyini bildirib. “Əslində, Avropa Komissiyası öz siyasətini dəyişməli və investisiyalara icazə verməli, Avropa vəsaitlərini hətta yeni neft kəmərinin tikintisi üçün istifadə etməli, neft emalı zavodlarının təmirini nəzərə almalı idi. Lakin bu hələ hamısı deyil. Təbii ki, onlar başqa proqramlar çərçivəsində dondurulmuş bütün vəsaitləri alırlar. Və bu, həqiqətən də kədərlidir. Çünki Ukraynanın əlində "Drujba" neft kəməri kimi vasitə var”.
O vurğulayıb ki, "Drujba" neft kəmərinin ayrıca bir qolu Macarıstana gedir və bu kəmərlə bağlı "nələrsə baş verə bilər". Zerkal bununla Macarıstanı hədələyib və həmin kəmərlə neft nəqlinin dayandırıla biləcəyinə işarə edib.
“Və mənim fikrimcə, onun başına bir iş gəlsə, çox düzgün olardı. Amma yenə də siyasi məsələlərə qərar vermək hökumətin və prezidentin əlindədir, həqiqətən də Orbanla (Macarıstanın baş naziri Viktor Orban - red.) onun başa düşdüyü dildə danışacağıq”,- deyə Zerkal əlavə edib.
Xatırladaq ki, Macarıstan neft embarqosu baxımından Avropa Birliyinin Rusiya Federasiyasına qarşı altıncı sanksiya paketinin qəbulunu əngəlləməkdə davam edir. Çünki Macarıstan Rusiya neft və qazından çox asılıdır. Digər mənbələrdən neft əldə etmək üçün ölkənin infrastrukturunun təkmilləşdirilməsi xərcləri təxminən 700 milyon avro dəyərində qiymətləndirilir.
Macarıstana gözlənilən güzəştlər arasında ona Rusiya neftinin idxalını dayandırmaq üçün Avropa Birliyinin digər ölkələrindən iki il çox vaxt verilməsi də var. Bundan əlavə, Macarıstan, pandemiya dövrendə ölkədə dondurulan Avropa Birliyi qaydalarını, xüsusən də məhkəmə sistemi ilə bağlı meydana gələn problemlərin aradan qaldırılması üçün də vasitə tələb edir.
İlahin, Bizimyol.info