"Putinin simasını xilas etməyə vaxtımız yoxdur”,- deyə Avropa Parlamentinin prezidenti Roberta Metsola “təcavüzkarın razı salınaraq sakitləşdirilməsi”nə qarşı çıxıb.
O vurğulayıb ki, Avropa Rusiyanın işğalına qarşı dayanmaqda Ukraynaya kömək etmək üçün mümkün olan bütün səyləri göstərməli və Rusiya prezidenti Vladimir Putin üçün “sakitləşdirmə” və ya “simasını xilasetmə” ritorikasını dayandırmalıdır.
Bizimyol.info xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola bu fikirləri Davosda “Avropa Birliyi nizamsız dünyada” mövzusunda müzakirələr zamanı səsləndirib.

“Mən getdikcə daha tez-tez eşidirəm ki, jurnalistlər öz suallarında Putinin “simasını xilas etmək”, “onu razı salıb sakitlikləşdirmək”, “irəli gedə bilmək üçün buna necə son qoymaq” kimi ifadələr işlədirlər. Bu “sakitləşmə”dən və ya “simasını xilasetmə”dən danışmağa vaxtımız yoxdur. İndi elə vaxtdır ki, biz bütün səyləri Ukraynaya kömək etmək üçün birləşdirməliyik”,- deyə Avropa Parlamentinin prezidenti bildirib.
O qeyd edib ki, Avropa siyasətçiləri bunun üçün hər cür səy göstərməli, bəzi hüquqi arqumentlərə, siyasi iradənin olmamasına istinad etməməli və Ukraynanın bu müharibədə qalib gələ bilməməsi üçün səbəblər axtarmamalıdır.
"Bu ritorika, məncə, təkcə bu günlərdə deyil, bütün görüşlərdə gördüyümüz təhlükədir. Növbəti günlərdə, gələn həftə Avropa Şurasında bu sözləri eşitmək, bu barədə danışmaq istəmirəm. "Putinin simasını necə qoruyacağımızı müəyyən etməliyik" və ya onu “razı salıb yumşaltmalıyıq” şəklində fikirləri daha eşitmək istəmirəm",- deyə Metsola bildirib.
Qeyd edək ki, hazırda Putinin Ukraynada uduzması göz qabağındadır. Qərbdə isə bəzi siyasətçilər və analitiklər hesab edir ki, Putin biabırçı məğlubiyyətlə qarşılaşarsa, təhlükəli addımlar ata bilər. Ona görə də indi Qərbdə bəzi dairələr Putin üçün “qələbə hekayəsi” uydurmağın yollarını axtarırlar. Yəni “necə edək ki, Putin məğlub kimi görünməsin” sualına cavab axtarılır. Buna görə də hətta Ukraynaya Krımı Rusiyanın bir hissəsi kimi tanımağı da təklif ediblər ki, Putin öz xalqı qarşısında “biz qalib gəldik” deyib öyünə bilsin və “sakitləşsin”. Amma Ukrayna rəhbərliyi bu ssenarini yaxına buraxmır və “bizim Putinin simasını xilas etmək fikrimiz yoxdur” deyə açıq şəkildə bildirirlər. Son olaraq prezident Vladimir Zelenski də bunu bir daha, həm də sərt ritorika ilə təsdiqləyib: “Putin nə baş verdiyini anlamır, biz heç bir güzəştə getməyəcəyik”.
Bizimyol.info