Bütün dünya "meymun çiçəyi" virusu ilə mübarizə aparmaq barədə qərarlar verir. Ölkələr yeni xəstəliyə qarşı müxtəlif tədbirlər görməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, İraqda da "meymun çiçəyi" virusu ilə bağlı həyəcan vəziyyətindədir.
Virusun yayılmasının qarşısını almaq üçün Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsinə qadağa qoyulub. Bəsrə şəhərində isə bunula bağlı xüsusi komissiya yaradılıb. Zikar Baytarlıq Xəstəxanasından verilən açıqlamada virusa yoluxma hallarının diaqnozu ilə bağlı görülən tədbirlər çərçivəsində başda meymunlar olmaqla şəhərə İraqa yaxın bəzi ölkələrdən heyvanların gətirilməsinin qadağan edildiyi bildirilib. Həmçinin ölkə daxilində meymun bəsləyənlərdən, önləyici tədbir olaraq heyvanların baytar həkimlərinə gətirilərək müayinə etdirmələri tələb olunub.
Bəsrədə virusun yayılmasının qarşısını almağa görə, dövlət tərəfindən xüsusi nəzarət komissiyasının yaradıldığı açıqlanıb. Bəsrə Baytarlıq Xəstəxanasının direktoru Riyaz Məhəmməd yaradılan xüsusi komissiyanın Bəsrədəki heyvan bazarlarında, xüsusilə meymunlara nəzarət həyata keçirəcəyini bildirib.
Mosul vilayət Sağlamlıq Müdirliyindən verilən açıqlamada meymunların şəhərə gətirilməsinin qadağan edildiyi açıqlanıb. İraqda indiyədək heç bir "meymun çiçəyi"nə yoluxma halı aşkarlanmayıb. Lakin hökumət qabaqlayıcı tədbirlərin gücləndirilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, üç ildən artıq davam edən "COVİD-19" pandemiyası dünyada yoluxucu xəstəliklərə qarşı diqqəti daha da artıtmaq zəruriyyəti yaradıb. "Meymun çiçəyi" xəstəliyi bəzi Avropa dövlətləri də daxil olmaqla 20-dən artıq ölkədə qeydə alınıb. Epidemoloqlar "meymun çiçəyi"nin də pandemiya ola biləcəyindən ehtiyat edirlər.
Qadir, Bizimyol.info