Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxaca düşən ömürlər
Tıxaca düşən ömürlər

(Günün şəkli və y esse-reportaj)

91 il ömür sürmüş Uinston Çörçill deyib: "Bu qədər uzun yaşadığıma görə idmana borcluyam. Çünki onunla heç vaxt məşğul olmamışam".

Amma biz uzun yaşamadığımıza görə... idmana borcluyuq. "Formula" sağ olsun! Böyük, tozlu şəhərin tən ortasında - sonu görünməyən tıxacın içində "çürüyərkən" uzun yaşamamağın "Formula"sını kəşf etdim.

Bəs deyirlər, idman sağlamlığın rəhnidir...

Bəlkə də heç bu "Formula"ya yüklənməyəsən bu qədər. Onsuz da hər gün şəhərdə "Formula"sayağı performansların şahidisən; 60-lıq yolda 90-la sürənlər, 90-lıq yolda 45-lə sürünənlər...

Bir də "Formula" bizi, deyildiyi kimi, təkcə dünyaya tanıtmır, həm də bizi elə... bizə tanıdır; necə insanıq, necə sürücüyük, dar gündə (dar yolda) tanıyırıq bir-birimizi. Bütün mədəniyyətimizi yola çıxarıb tökürük. Hər nəyimiz varsa. İllah da ki tıxaclarda.

Doğrusu, bu tıxacların bir yaxşı cəhəti var: düşünmək üçün fürsətdir. Düşünürsən: bax, bu şəhər dar küçələrdə bir-biri ilə "itələşən" maşınlarla və yolun harasından istəsə, keçən adamlarla doludur. Şəhəri, demək olar ki, yenidən - küçələrin ortasənda tikdilər. Küçələr daraldı. Elə üzbəüzdəki bu çoxmərtəbəli binada xeyli adam... küçənin ortasında mənzil alıb (onların yaşadığı yer bir zamanlar küçəydi). İnsanlar kiçildikcə, evlər böyüdü, evlər böyüdükcə, insanlar kiçildi. Maşınlar isə insanları "uddu". Bu şəhərdə sanki ancaq maşınlar yaşayır. Maşınlar darıxmasınlar deyə insanları yanlarına alıblar.

İnsanlar azaldıqca, adamlar çoxaldı. Darvinin nəzəriyyəsinə inansam, bəziləri meymundan insana keçəndə yolun yarısında qalıblar (adam qalıblar). Adamlar çoxaldıqca, maşınlar "doğub törədi"; iri maşınlar, gur maşınlar. Səbrsiz maşınlar! Adamlar dönüb maşın oldu; hissiz, duyğusuz... Maşınlar dönüb adam olmadı...

Öz-özümə dedim: "Bu fikirlər hardan gəlib, beynimə dolur?!" Ancaq eləcə davamı gəlir. Tıxac məgər yollardadır?! Nə düşmüsən bu küçələrin canına?! Yəni üstünə. Fikirlər beynimizdə tıxaca düşmür ki?! O qədər! Ya da dilimizdə söz. Dilimizin ucundan kor-peşman geri qaytardığımız o qədər söz var ki. Hələ qələmin ucundan qayıdan, klaviaturanın düymələrinə çatmamış dağılıb səpələnən, yox olan namuslu sözlər... Hər birimiz içimizdə bir qəbristanlıq söz gəzdirmirik ki?!

Elə götürək, bu "Formula-1" yarışını. Hansımız çıxıb deyə bilərik ki, vallah, bizə bu yarış lazım deyil?! Heç birimiz. Ürəyimiz istəməsə də, ağlımız cürbəcür bəhanələr, lap elə səbəblər uyduracaq. Turizm deyəcəyik, inkişaf deyəcəyik. Ötüb yanından keçəcəyik. Elə deyilmi?!

Suallarım havada qaldı. Özüm də cavab vermədim heç.

Eh, cavabını bildiyimiz sualları kimə, niyə verək ki?! Qəribədir, sual verməli olanlar cavab verməli olanlardan qorxur. Ya da sualın özündən...

...Birdən hiss elədim ki, deyəsən, Salam Sarvan kimi mən də qum saatında Zamanın axışını izləməyi xoşlayıram.

Düşündüm, qolumdakı saat, cibimdəki telefon əvəzinə kaş ki qum saatım olaydı; Zaman gözümün qabağında axıb gedir. Ancaq mən onu görmürəm. Geri gələsi də deyil. Hərəmiz bir cür aldadılmış ömürlərik, getdikcə azalırıq, sozalırıq. Artıq dost zəngləri də azalıb. Elə düşmən tənələri də.

Bax, lap o keçmişdəki kimi ömrümüzün ölçümünü qum saatına buraxsaydıq... İstənilən vaxt götür, öz ömrünü başı üstə çevir, yenidən "yaşa". Heç olmasa, elə bir təxəyyül qur.

Bəlkə elə Salam Sarvan da qum saatını bu təxəyyülündə sevir. Ömrü geri axıtmağın imitasiyası kimi.

Mən bu şairi sevirəm də. Bənzərini görməmişəm. Yəqin Salam Sarvanın məndəki obrazı bundan qaynaqlanıb. Bəlkə də ona olan bu ilgim Şairin qəttəzə bir əxlaq sistemi, indikinə tərs bir düşüncə biçimi, davranış modeli yaradıb həyatımızı başı üstə çevirməsinə görədir. Daha doğrusi, çevirmək istəməsinə görə. Deyir, kiminsə arxasınca danışmağa da pis baxma. Arxasınca danışılacaq qədər kimliyi var deyə şükr etsin. Və bu qəbildən çox şey...

Şair refreş düyməsini ha basır, xeyri yoxdur; Zamanı - daha doğrusu, Zəmanəni geri döndərə bilmir. Dirənib durmuşuq; Zəmanə uşağı kimi doğuluruq, Zəmanə adamı kimi ölürük. Doğulandan ölənə qədər də Zəmanəmizin qarasına deyinə-deyinə. Üzümüzə Zəmanənin qarası çıxsa da...

Pablo Neruda bir şeirində yazmışdı: "Yür üzündə, dostlar, hamı bizi tərk edir, hər şey yanımızzdan keçib gedir". Yaşlandıqca dosta da maraqlı deyilsən, bəlkə düşmənə də. Sevgini də itirirsən sanki. Nifrəti də. Yaş üstünə yaş gəldikcə, Neruda dediyi kimi, həyatın yanından axıb gedəcəyindən, hər kəsin səni susqun nəzakətlə tərk edəcəyindən qorxursan. Zamanın yaddaşı amansızdır; kimlərsə unudaraq "öldürəcəksə"...

Zaman səni haqlayıb ikiqat əyəndə, tənhalaşdıranda evə qapanıb qalacaqsan. Nazim Hikmətin sözünü xatırlayıb lap dəli olacaqsan: "Ev doğulmaq və ölmək üçündür. Həyat isə çöllərdədir".

Sənə axı nə olub belə?! Bu gün ancaq fikir axınına yön verən şairlərdi.

Siqnal səsinə ayılırsan; arxadakı, deyəsən, bir də yandakı maşınların sürücüləri hamısı birdən "çıxıb oturub siqnalın üstündə". Ayılırsan ki, yol bir az seyrəlib, qabaqdakılar gedib, sən qalmısan. Gedirsən, 50 metr, bir az qabaqda yenə dayanırsan. Bu qədər maşın əlli metrə görə siqnal verirmiş! Bu boyda şəhərdə əllicə metr qabağa düşmək.

Bir az əvvəlki düşüncələr geri qayıdır; Mirzə Fətəlidəki kimi: meymunu yadından çıxara bilmirsən.

Görürsənmi, yol başqa, ömür başqa. Ömür bitər, yol bitməz. Hələ bu şəhərdə. Yolda səndən qabaqdakılar qabaqda gedir. Həyat ayrıdır, səndən arxada bildiklərin çox zaman səndən qabaqdadır. Öndə bildiklərin birdən elə arxalara düşür ki, ağlın çaşar. Və bu səs-küylü, tüstü-dumanlı tıxacda sən fərqinə vardığın bir şey də var: bahalı maşın da, ucuz maşın da dayanıb durub. Yolu bağlayıblar. Ya qazıblar, sən də donub qalmısan. Bu küləkli, yağışlı may "payızında" yaşıl plaşlı polis sənin qarşındadır: o biri yolu buraxır. Əlində dəyənək var. O qırmızı dəyənək onun hakimiyyətidir. Yolun hakimi odur, amma həm də bu tıxac onu bu soyuqda bu küçənin bu tinində, ya da ortasında dayanmağa məhkum edib...

Çingiz Aytmatovun "Edam kötüyü"ndəsən; helikopterlə ova çıxan insandan bütün meşə əhli qaçır.

Canavarla cüyür balası yanaşı qaçır. İnana bilirsinizmi?!

P.S. Bir gün ovçu olan, bir gün özü ovdur.

Deyəsən, anamdan eşitmişdim: qaçan da Allahı çağırar, qovan da. Allah hər ikisinin Allahıdır.

Ancaq...

P.P.S. İsaak Nyutondan başlayaraq pietizmin məntiqinə görə, Allah qanunvericidir; sadəcə, qanunlar qoyar, gerisinə qarışmaz. Doğrudanmı, belədir?!

Bunu da Allah bilir.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »