Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib. Bu barədə KİV-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb: “Həcc ziyarətinin qiyməti 9106 manat müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”. O həmçinin qeyd edib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir: “Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2, Rusiya istehsalı vaksin 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”. Yəni bu o deməkdir ki, İslam dininə zidd olsa da, (hər kəsin getmək hüququ var) yaşı 65 -dən çox olanlar Həcc ziyarətinə gedə bilməz.
- Yeni qaydalara əsasən Həccə kimin gedəcəyi bəllidir. Bəs İslam qaydalarına görə Həccə kimlər gedə bilər?
“Həccin özünə məxsus ziyarət qaydaları var. Bilirsiniz ki, Həcc Quran-i Kərimdə öz əksini tapmış, peyğəmbərimizin sünnəsində öz təsdiqini tapmış mühim dini ayinlərdən biridir. Bu mövzuda çox sayda ayələr və peyğəmbər (ə.s) hədisləri var ki, bunların hamısı onu göstərir ki, hər bir şəxsin Həcc ziyarətində olması vacib bir məsələdir. Bunun həm sosial-ictimai faydaları həm də dini faydaları var. İldə bir dəfə müsəlmanlar Həcc ziyarətinə toplanmaqla öz yaşadıqları bölgələrin mədəniyyətlərini bölüşmüş olur. Eyni zamanda qarşılıqlı ünsiyyətdə olub, öz problemləri haqqında məlumat bölüşürlər”.
Bu barədə Bizimyol.info xəbər portalına İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru İbrahim Quliyev danışıb. O, qeyd edir ki, Həcc ən qədim dini ayinlərdən hesab edilir. Dini mənbələrə görə, Kəbə evinin tikilməsi həzrəti Adəm (ə.s) ilə bağlıdır.

Bu minvalla Adəmdən sonrakı peyğəmbərlər ta Həzrəti İbrahimə qədər Həcc ziyarətində olublar. Həcc ziyarəti İbrahim (ə.s.) özü və oğlu tərəfindən Kəbə evinin yenidən təmir edilməsi ilə, yeni bir mərhələyə qədəm qoyur. Yeni ayinlər İbrahim ə.s.-a nazil olur və o yeni ayinləri özündən sonrakı ümmətlərə də miras olaraq qoyur.
“Biz Həcc ziyarətində olduğumuz zaman görürük ki, hıqiqıtən də Həcc ayimləri içərisində əməllərin demək olar ki, bir çoxu məzh İbrahim ə.s. və yaxud da onun həyat yoldaşı Həcər ananın etdikləri ilə əlaqədardır. Bu iş də həzrəti Peyğəmbər Məhəmməd ə.s. dövrünə qədər davam edib. Məhəmməd ə.s.-dən sonra da qiyamətə qədər davam edəcək” - deyə ilahiyyatçı bildirib. Onun sözlərinə görə, Həcc ziyaərtinin özünəməxsus şərtləri var. Həcc ziyarətinə getmək istəyən şəxs, yetkinlik yaşına çatmalıdır, ağlı başında olmalıdır. Yəni ruhi xəstə şəxslərin ziyarəti doğru ziyarət hesab edilmir. Bunlarla da yanaşı, həmin şəxs müstəti olmalıdır. Yəni iqtidar sahibi olmalıdır. Burada müstəti dedikdə nələr nəzərdə tutulur:
- Birinci maddi baxmdan insan həm özünü, həm də ailəsini təmin etməlidir. Buna görə də yoxsul bir insanın belə bir uzaq, çətin səfərə çıxması məqsədə uyğun hesab edilmir. Tarixən Həcc ziyarəti buna görə də, həm xərc aparan, qiymətli, həm də insanın sağlamlığını tələb edən ayinlərdən biridir.
- İkinci qayda budur ki, insanın sağlamlığı bu ziyarət üçün uyğun olmalıdır. Çünki Həcc ziyarəti içərisində elə ayinlər var ki, orada sağlam olmayan insanın həmin ayinləri icra etməsi qeyri-mümkündür.
“Mən özüm də Həcc ziyarətində olub, bütün bunları görmüşəm” - deyən İbrahim Quliyev əlavə edib ki, digər bir qayda Həccə gedən şəxsin vaxtı ilə bağlıdır. Çünki Həcc ziyarəti müəyyən bir vaxtda icra edilir. İnsan həmin vaxtı, Həcc ziyarətində olduğu müddətdə onun vaxtı imkan verməlidir ki, o ayinləri icra etsin. Bununla yanaşı, insanın təhlükəsizliyi təmin olunmalıdır. Əgər bir insan güman etsə ki, yolda və yaxud ziyarət zamanı onun canı üçün hərhansı bir təhlükə varsa, ziyarətə getməməlidir.
“Yəni sadaladığım şərtlərin hamısı onu göstərir ki, Həcc ziyarətinin özünəməxsus ayinləri var və o ayinləri icra etmək üçün insan müəyyən bir qüdrətə sahib olmalıdır” - deyə İbrahim Quliyev qeyd edib.
İlahin, Bizimyol.info