Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çiçək peyvəndi qollarda niyə çapıq buraxırdı?
Çiçək peyvəndi qollarda niyə çapıq buraxırdı?

Bəşəriyyət 17-18-ci əsrlərdə ölümcül və böyük bir xəstəliklə, çiçək xəstəliyi ilə sarsıldı. Həmin dövrlərdə xəstəliyə yoluxan 10 nəfərdən 3-ü ölür, xəstəlikdən sağ çıxanlar müxtəlif əlilliklərə məruz qalırdı. Və uzun araşdırmalardan sonra bu dəhşətli xəstəliyin peyvəndi əldə edildi. Tibb və elm tarixinə inkişaf etdirilən ilk peyvənd kimi daxil olan çiçək peyvəndi, təkcə 20-ci əsrdə 300 milyondan çox insanın ölümünə səbəb olduğu bilinən bu xəstəliyi uzun illərdən sonra aradan qaldıra bildi. Amma maraqlı bir fərqlilik vardı. Bu peyvənd insanların qollarında digər peyvəndlərdən fərqli və qalıcı iz buraxırdı.

  • Çiçək peyvəndi qollarda niyə çapıq buraxırdı?

Çiçək peyvəndi indi tətbiq olunan peyvəndlərdən fərqli bir üsulla vurulurdu. Peyvəndlər adətən bir guşəli iynə ilə vurulur. Onların əksəriyyəti dərinin yuxarı təbəqələrindən daha dərinə gedir. Əzələ toxumalarının altına yeridilir. Lakin çiçək xəstəliyində vəziyyət hər iki cəhətdən fərqli idi. Vaksin dərinin ən yuxarı təbəqəsi olan epidermisin aşağı təbəqəsi olan dermisə çəngəlşəkilli, ikiguşəli iynə ilə yeridilir. Yəni bir neçə deşik açılaraq vurulur. Yeridilmiş peyvənd bu nahiyədə çoxalmağa başlayır və papula adlanan şişkinlik əmələ gəlir. Bu şişkinlik maye ilə dolu qabarcığa bənzəyən hüceyrə toxumasına çevrilir, sonra qabıqlanaraq çapıq olur. Bu çapıq, ətrafında fərqli bir "çərçivə" olan və ortada bir qədər yuxarı qalxmış böyük çapıq kimi görünür. Əslində, çiçək xəstəliyinə qarşı peyvəndin çapıq buraxmasını yara izi kimi düşünə bilərik. Çünki bədən buna bənzər məntiqlə reaksiya verir. Dəridə yara yarandıqda, çiçək peyvəndində olduğu kimi, bədən həmin bölgəni sağaltmaq və çapığı bərpa etmək üçün tez reaksiya verir. Bu prosedurdan sonra dəri toxuması bərpa edilmiş olduğu üçün nahiyədə çapıq qalır.

Normal dəri hüceyrələrinin inkişafı üçün vaxt bir qədər lazım olur. Yara toxuması isə daha sürətli inkişaf edə bilir. Bədənin bu qoruyucu reaksiyası dərimizdə çapıqlar şəklində özünü göstərir. Qolda peyvənd izi deyəndə, hamımız öz qollarımızı yoxlayırıq. Əgər siz 1980-90-cı illər nəslindənsinizsə, çox güman ki, qolunuzda həmin işarəni görəcəksiniz. Lakin bu iz çiçək xəstəliyinə qarşı peyvənd izi deyil, vərəmə qarşı peyvənd izidir.

Qolunuzdakı çapığın hansı vaksinə aid olduğunu müəyyən etməyin iki yolu var və onlardan biri olduqca sadədir. Əgər 1970-ci illərdən sonra doğulmusunuzsa, peyvənd çiçək xəstəliyinə qarşı vurulmayıb. Çünki bütün dünyada birgə həyata keçirilən böyük peyvənd kampaniyası uğur qazandığı üçün bütün dünyada çiçək xəstəliyi rəsmi şəkildə məhv edildi. Çiçək xəstəliyi, 1952-ci ildə Şimali Amerikada, 1953-cü ildə Avropada, 1971-ci ildə Cənubi Amerikada, 1975-ci ildə Asiyada, 1977-ci ildə Afrikada müşahidə edilib. 1980-ci il mayın 8-də Ümumdünya Səhiyyə Təşkilatı 33-cü Baş Assambleyasında xəstəliyin ləğv edilməsini rəsmən elan edərək, təsdiqləyib.

Bəzi ölkələr, məsələn, ABŞ, çiçək xəstəliyinin bioloji silah kimi istifadə oluna biləcəyi təqdirdə bu peyvəndi saxlamağı seçdi. Lakin bundan sonra bu peyvəndin təkrar tətbiqini tələb edən vəziyyət yaranmayıb.

İki peyvəndi ayırmağın başqa bir yolu onların formasıdır. Aydın çərçivəsi olan çiçək peyvəndi çapığı digər peyvənd çapıqları ilə müqayisədə kifayət qədər böyük və ortası yuxarı qalxan çapıqdır, vərəm çapığı isə çərçivəsi aydın olmayan və yalnız kiçik qabar kimi görünən çapıqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »