Brüssel danışıqlarının ilkin nəticələri var. Artıq həm Azərbaycanda, həm Ermənistanda sərhədlərin delimitasiyası üzrə dövlət komissiyaları yaradıldı. Proses başladı. Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sülh müqaviləsi üzrə danışıqların davam etdiriləcəyi, eləcə də, Ermənistan və Azərbaycan ərazilərindən nəqliyyat kommunikasiyalarının açılacağı haqda razılaşmalardan xəbər vermişdi. Prezident İlham Əliyev də bəyan etdi ki, "Zəngəzur dəhlizi" ilə bağlı razılıq əldə olunub.
Müsbət dinamika var və bunun davam edəcəyi gözlənilir. Sözün açığını desək, Rusiya-Ukrayna müharibəsi fonunda bu dinamika daha da sürətlənə bilər. Rusiya Ukraynada zəif düşdükcə, onun Ermənistana da təsiri azalır.
Bir gerçək də var ki, Azərbaycanla belə razılaşmalara rəsmi İrəvan daha əvvəl də bu və ya başqa şəkildə Soçi və Moskva görüşlərində "hə" demişdi. Ancaq Nikol Paşinyan ölkəsinin daxili siyasi vəziyyətini nəzərə alır. Rusiyapərəstlər parlamentdə ana müxalifət mövqeyindədirlər. Azərbaycanla sülh əleyhinə davamlı olaraq çıxış edirlər. Bu mərhələdə də Rusiyaya bağlı qüvvələr kütləvi etiraz aksiyaları keçirirlər. Paşinyan hökumətini istefaya çağırırlar. Hakimiyyətə qayıdaraq Azərbaycanla bütün razılaşmaları ləğv edəcəklərini deyirlər. Şuşanın, Hadrutun geri qaytarılacağı haqda sağa-sola vədlər verirlər. Ancaq hələ ki ölkə əhalisinin əksəriyyəti Nikol Paşinyanın tərəfində görünür; revanşistlərin küçə hərəkatının ciddi bir nəticəsi ortada yoxdur. Bununla belə hər şeyin çox tez müddətdə və asanlıqla əldə olunacağını demək də olmaz. Bu, illüziya olar. 30 illik bir işğalın ardından iki tərəfin tez bir zamanda bütün məsələləri həll edib razılaşacağına ümid etmək də doğru olmaz. Azərbaycan baxımından maneələr olmasa da, qarşı tərəf haqqında bunu demək mümkün deyil; Ermənistana hələ də Rusiya basqısı var. Bu ölkədə Rusiyanın hərbi bazası yerləşir. Rusiya onun dövlət sərhədlərini qoruyur. Rusiyadan iqtisadi və siyasi asılılıq hələ də az deyil. Bu səbəbdən tez bir zamanda hər şeyi əldə etmək də mümkün olmur. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında birbaşa və nəticəyə yönəlik dialoqu qurmağa çalışır. Rusiya isə bunda maraqlı deyil. Bir tərəfdən Moskva onunla müharibə durumunda olan Qərbin bu sülhyaratma cəhdlərindən, misal üçün, konkret olaraq, Avropa İttifaqının Qafqazda təsirinin aartmasından narahatdır və narazıdır, o biri tərəfdən, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması bu iki dövlətə Rusiyanın öz təzyiq alətini itirməsi deməkdir (hər halda Moskvada belə düşünürlər). Bu səbəblərdən, Rusiya birbaşa ikitərəfli dialoqu hər mərhələdə bir şəkildə bloklamağa çalışır. Bu dəfə hansı addımı atacağı bilinmir. Hər halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyalı nazir Sergey Lavrova Brüssel razılaşmalarının detalları haqda telefonla məlumat verdi.
Rusiya hər zaman Qarabağdakı ermənilərin statusunun "qayğısına qalıb"; bu haqda bəzi hallarda Ermənistandan da çox danışırdı. Ancaq Brüssel prosesində belə bir məsələ yoxdur, "Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi" kimi ifadə olunan məsələ var. İlham Əliyevin haqlı və əsaslı diplomatik maksimalizmi bu baxımdan nəticə verib. Müharibə hələ davam edərkən, Azərbaycan prezidenti deyirdi: "Heç bir statusdan söhbət gedə bilməz, status məsələsi artıq yoxdur". Hətta obrazlı şəkildə "gorbagor oldu" kimi ifadə edirdi. Postmüharibə dövründəki addımlardan və əldə olunmuş ilkin nəticələrdən də görünür ki, status məsələsi artıq Ermənistan rəhbərliyinin də leksikonundan çıxmaqdadır (və ya artıq çıxıb). İndi Avropa İttifaqı da, elə rəsmi İrəvan özü də "Qarabağdakı erməni əhalisinin hüquqları və təhlükəsizliyi" haqda təminatlardan danışır. Doğrudur, burada da hələ hər şey başa çatmış deyil; bu əhalinin hansı hüquqlarından söhbət gedir? Yenə də "öz müqəddəratını təyinetmə" inadı davam edəcəkmi?
Təhlükəsizlik məsələsinə gəlincə, hazırda orada olan Rusiya sülhməramlı kontingentinin mandatı, ümumiyyətlə, Rusiyanın mövqeyi necə olacaq? Bu suallar da var. Bütün bunların içində aydın olan nəticələr bunlardır: Qarabağ ermənilərinin və bu separatçılığı körükləyənlərin nəinki müstəqillik xülyası daşa dəydi, üstəlik, indi artıq həmin əhalinin Azərbaycan tərkibində hüquqları və təhlükəsizliyi məsələsi müzakirə obyekti olub. Bu, Azərbaycanın öz bütövlüyünü və unitar quruluşunu qoruması baxımından mühüm qələbəsidir. Əvvəlcə döyüş meydanında qazanılmış, daha sonra danışıqlar masasında rəsmən qəbul etdirilmiş (təsdiqlənmiş) bir nəticədir. Bilirik ki, keçmişdə bəzən nəhəng orduların qanlı savaşlarda əldə etdiyi böyük qələbələr danışıq masasında qismən və hətta əsasən uduzulub. Belə tarixi faktlar var. Ancaq bizim misalımızda hər şey düz mıntiqlə davam edir; döyüş qələbələri diplomatik uğurlarla bərkidlir. Son Brüssel danışıqları da bunun nəticəsidir.
"Zəngəzur dəhlizi" ilə bağlı məsələni götürək. Bununla bağlı artıq aylardır diplomatik mübarizə gedirdi, nəticə də olmalıydı, oldu. Ancaq əvvəldə də dediyimiz kimi, hər şeyin bitdiyini demək doğru olmaz. Ermənistanın öz sözündən, mövqeyindən dəfələrlə döndüyünün, döndərildiyinin də şahidiyik. Eyni zamanda Ermənistan rəhbərinin Moskvada, Soçidə bir cür, Strasburqda, Brüsseldə başqa cür danışdığını da eşitmiş, bunu da görmüşük. Məkana, zamana görə bəyanatlar verilir, verilən sözlər pozulur. Belə hallar da baş verir və gözləniləndir. Ancaq bu, mübarizədir; qarşı tərəfin və ya üçüncü qüvvələrin müqavimətinin olmayacağını düşünmək yanlışlıq olardı. Müharibəni Azərbaycan ordusu öz torpağında aparsa da (haqlı olsa da), ona müqavimət göstərən bir ölkə, onun arxasındakı başqa güclər də faktor olaraq var idi. İlk müqavimətlə üzləşəndə geri çəkilməzlər (ki, ordumuz çəkilmədi də, əksinə, irəli getdi). Danışıqlar da belə bir məntiqə tabedir; mövqeyin haqlı, tələbin əsaslıdırsa, sonuna qədər gedəcəkən. Ordumuz Şuşaya bayraq sancana kimi nə qədər kəndləri, qəsəbələri, şəhərləri, strateji yüksəklikləri azad etməli olmuşdu! Diplomatik prosesdə də oxşar vəziyyətdir; tam qələbə bir günün, beş günün içində əldə olunmur. Son nəticəyə çatmaq üçün xeyli başqa uğurları qazanmalısan. Bu tərəfindən baxanda, son Brüssel razılaşmaları da Azərbaycan üçün son diplomatik qələbəyə aparan mühim uğurlardan biridir. Davamını - bu razılaşmaların reallığa çevrilməsini gözləyirik.

Bahəddin Həzi, Bizimyol.info