Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: "Bu yaz 730 mindən çox ağac əkilib"
ETSN: "Bu yaz 730 mindən çox ağac əkilib"

2022-ci ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə  730 000-dən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

Səyyarə Məmmədova qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

"Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri  ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılanıb. Bu tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, media nümayəndələri, könüllülər, ictimaiyyət xüsusi fəallıq göstərib".

S.Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən eyni coşqu ilə dəstək gözlədiyini qeyd edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yaz əkin mövsümündə əkilən ağaclar xüsusi diqqət və qulluq tələb edir.

"Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi üçün onlara xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »