Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden bizdən nə istədi?!
Bayden bizdən nə istədi?!

Gözlənildiyi kimi, gündəm Cozef Baydenin mesajlarıdır. ABŞ prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib. Məktub Azərbaycanın prezidentinə və xalqına Müstəqillik günü münasibətilə təbriklə başlayır. Ancaq əsas mesajlar sonra gəlir.

ABŞ prezidenti yazır ki, enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində "əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır".

Yəni Avropanı Rusiyanın enerji şantajından xilas etməkdə Azərbaycana "önəmli rol" ayrılır. Bu birinci mesaj. Eyni zamanda "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir" deyilir bu məktubda.

Bundan başqa ABŞ "Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsi" üçün Azərbaycanla Ermənistan arasında "davamlı sülhə nail olmaq" çağırışı edir. Yəni Rusiyadan yan keçməklə diplomatik təmasların qurulmasında maraqlıdır. ABŞ Brüssel prosesinə dəstəyini bununla ifadə etmiş olur.

  • Burda diqqət çəkən əsas məqam nədir?

Prezident Bayden "Cənubi Qafqaz" demir, "Qafqaz" deyir. Trans-Xəzər regionunun da adını çəkərək Mərkəzi Asiya və Xəzər hövzəsi ehtiyatlarının Avropaya çıxarılmasında Azərbaycanı əsas partnyor kimi bir daha vurğulayır.

  • Prezident Bayden məktubundakı bu mesajlarla bizə nə demək istəyib?

Birincisi, deyir ki, Rusiyanı Avropanın neft-qaz bazarından sıxışdırırıq, ona görə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin enerji resurslarına ehtiyac artıb. Bu bazardan Azərbaycana və Mərkəzi Asiya ölkələrinə böyük pay ayrılacaq, deyir.

İkincisi, deyir ki, bu bölgələrdən Avropaya enerji resurslarının etibarlı nəqli üçün Rusiyanı nəinki Qafqazdan, eləcə də, Mərkəzi Asiyadan çıxarmaq lazımdır. Bunun da əsas şərtlərindən biri Azərbaycanla Ermənistanın birbaşa - Rusiyasız dil tapmasıdır; Rusiya hərbi birliklərinin Azərbaycandan və Ermənistandan çıxarılmasıdır.

(Bu arada Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlarda, sülh müqaviləsinin imzalanmasında Rusiyanın maraqlı olmadığı doğrudur; hər fürsətdə buna mane olur).

Üçüncüsü, prezident Bayden deyir ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləməkdə davam etsin, humanitar və enerji yardımını davam etdirsin; Bakı nefti İkinci Dünya Müharibəsində oynadığı rolu indi də Rusiya-Ukrayna müharibəsində oynasın; qələbəni asanlaşdırsın.

Bunlar, əlbəttə, ümumən ABŞ-ın Azərbaycanı dünya siyasəti, ayrıca olaraq, region üçün mühüm ölkə hesab etdiyini göstərir. O cümlədən, beynəlxalq terrorizmlə mübarizəsinə görə, ölkəmizi tərifləyir.

Başqa sözlə, Azərbaycana, sadəcə, bir xammal ölkəsi, zəif postsovet respublikası kimi deyil, bölgəsində, hətta Avropada, Avrasiyada proseslərə çox ciddi təsiri olan mühüm tərəfdaş kimi baxılır.

Ancaq ABŞ-ın bu məktubda ifadə olunan istəkləri Azərbaycanı həm də bir yandan Rusiyanın hədəf taxtasına qoyur. Vaşinqton bilir ki, Azərbaycan hakimiyyəti özünün və ölkəsinin maraqlarını nəzərə almaqla addımlar atacaq. Ona görə də məktubun sonunda belə bir mesaj da verilib:

"Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".

Bu nə deməkdir? Əgər verilən mesajların gözlənilən qarşılığı olmazsa, ABŞ ölkənin cəmiyyətindəki narazı qrupları hökumətə qarşı ayaqlandıracaq və dəstəkləyəcək.

Müxalifət də elə məhz bu mesajı kontekstdən ayırıb Cozef Baydenin Azərbaycan prezidentindən demokratiya tələb etməsi kimi şərh edir. Bəli, adı "dəvət" də olsa, belə bir tələb hiss olunur, təbii ki. Ancaq bu, bütün başqa çağırış və gözləntilərin kontekstindədir. Yəni "filan şeylər olmasa filan cür olar" kimi bir şey. Ancaq Azərbaycan onsuz da Avropanın enerji bazarında müəyyən rol oynayır, Mərkəzi Asiyanın enerji daşıyıcılarını Avropaya nəql edir. Ermənistanla birbaşa danışıqlara, sülh müqaviləsinə, iqtisadi-kommunikativ əlaqələrə gəlincə, bunu ın çox istəyən elə Azərbaycandır. Ukraynaya dəstəyin artırılmasına gəlincə, hər ölkə öz imkanları daxilində yardım edir, Azərbaycan da bu mənada istisna deyil. Ancaq Azərbaycanın özünün problemləri var; işğaldan azad etdiyi Qarabağ torpaqlarını minalardan təmizləməli və bərpa etməlidir. Buna beynəlxalq birlikdən gözlənilən dəstək olmadı; Azərbaycan öz imkanları ilə bunu etməyə çalışır və edir. Azərbaycanın ən azı nəzəri olaraq belə bir arqumenti var ki, əgər Qərbin, o cümlədən, Amerikanın şirkətləri, təsisatları Qarbağın bərpasına gözlənilən səviyyədə qoşulsaydılar, Azərbaycana dəstəyi və sərmayəni artırsaydılar, Ukraynaya siyasi, humanutar və enerji yardımları daha da çoxaltmaq imkanı olardı. Üstəlik, bu baxımdan, tələb irəli sürülən ölkə Ermənistandır; Azərbaycan Ukraynaya dəstək verir, Ermənistan isə Ukraynanın işğalında Rusiyaya kömək edir. Faktlar var. Ermənistana sülh təkliflərini verən Azərbaycandır. Sözdə bu təklifləri qəbul edən baş nazir Paşinyan ardınca gedib Moskvaya məxsus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Putinə Azərbaycandan şikayət edir. Bu arada Bakıdan sülh çağırışları edilərkən, İrəvanda yeni müharibə şüarları ilə mitinqlər gedir. Rusiyanın bölgədəki hərbi iştirakına gəlincə, Ermənistanda hərbi bazaları var. Azərbaycanda da Rusiya hərbi gücü "sülhməramlı kontingent" adı altında hələlik rəsmi Bakının nəzarətində olmayan ərazidə yerləşib və sanki etnik ermənilərin təhlükəsizliyinin qayğısına qalır. Azərbaycan deyil, Ermənistan Rusiyanın hərbi müttəfiqidir (Azərbaycanın Rusiya ilə, sadəcə, bir bəyannaməsi var ki, heç bir tərəfdən ratifikasiya olunmayıb - qüvvəyə minməyib). Ermənistan isə Rusiya ilə bir neçə hərbi müttəfiqlik sazişi imzalayıb ki, onlardan da biri ümumi qoşun yaratmaq haqqındadır (artıq qüvvədə olan sazişlər hara, hələ ratifikasiya olunmayan bəyannamə hara; hələ heç sazişin bəyannamədən üstün hüquqi qüvvəsinə toxunmuruq).

Bəli, Azərbaycanda demokratik islahatlar aparılması çağırışı məqsədindən asılı olmayaraq müsbətdir; azad seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının xalqın səsi ilə formalaşması, fikir, söz, mətbuat, sərbəst toplaşmaq və sair kimi azadlıqların qorunması pisdir ki?! Bunlar Azərbaycnın Konstitusiyasında və qanunlarında da var; əməl olunması vacibdir. Siyasi baxışlara görə təqiblər, fiziki zorakılıq, işgəncələr, saxta ittihamlarla həbslər... bunlar niyə olsun ki?!

Bunlar olmayacaq şeylərdir. Ona görə yox ki, Prezident Bayden məktubundan bunu istəyir.

Niyə istəyir?! Bu sualın cavabı məktubun lap sonundadır: "Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir".

Demək istəyir ki, Rusiya heç bir oyun qaydası tanımır; sabah Azərbaycanın da müstəqilliyinə və suverenliyinə qəsd edə bilər. "ABŞ-ın yanında olsanız, sizi Rusiyadan qoruyarıq, əks halda elə bir situasiyada Azərbaycanın yanında olmayacağıq" - deyir Cozef Bayden. Dolayısı ilə. Ancaq kifayət qədər aydın.

Bir sözlə, məktubda tərif də var, təklif də, təhdid də... Biz isə, sadəcə, təhlil etməyə çalışdıq.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »