Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb

Hərbi ekspertlər Ukrayna müharibəsinin tezliklə başa çatmayacağını deyir. Rusiya neft-qaz gəlirləri sayəsində itkilərini sığortalaya bilir. Avropa ölkələrinin Kremldən enerji asılılığı Moskvanı ayaqda saxlayır. Məhz buna görə ABŞ Rusiya neftini gərəksiz duruma salmaq haqqında baş sındırır.

Bizimyol.info xəbər verir ki, Vaşinqtonun rəsmi şəxsləri çıxış yolu tapdıqlarını düşünürlər. ABŞ-ın Maliyyə Naziri Canet Yellen bu haqda danışıb. Onun sözlərinə görə, G7 ölkələrindən olan həmkarları və mərkəzi bankların rəhbərləri Rusiya neftinin qiymətinə nəzarət etmək üçün alıcılar kartelinin layihəsini müzakirəyə çıxarıblar. Yellen müzakirənin məhsuldar keçdiyini bildirib.

Nazir əlavə edib ki, ideya kartelin Rusiyadan gələn xammalın qiymətinə yuxarı hədd müəyyən etməsidir. Beləliklə, qlobal iqtisadiyyata böyük yük yaratmadan Rusiya Federasiyasının gəlirlərini azaltmaq mümkün olacaq.

Bu layihədəki ABŞ tərəfdaşları dünya qiymətlərini aşağı saxlamaq üçün Rusiya neftinin kiçik hissəsinin bazara daxil olmasını təmin etməyə normal yanaşırlar. Yellen Rusiya neftinin bir hissəsini bazarda saxlamaqla dünya qiymətlərini yüksəltməmək planının baş tutacağına inanır.

Rusiya nefti son günlər birjalarda heç da ucuz qiymətləndirilmir. Mayın 20-də “Urals” markasının bareli 86.75 dollara təklif olunub. Düzdür, Rusiya neftinin müştəriləri çox deyil. Sanksiyalardan, Qərbin qəzəbindən çəkinən ölkələr Kremlin uyğun təkliflərinə belə, yaxın durmağa qorxur. Çünki indi Moskva ilə əməkdaşlıq çox təhlükəlidir.

Aprelin ilk dekadasında Rusiya 6.5 milyon ton neftini sata bilməmişdi. Hətta məhsulun barelini 55-60 dollara təklif etmək də işə yaramamışdı. Çin fürsətdən istifadə edir. Asiya ölkəsi Rusiyadan ucuz qiymətə neft alır. Amma bu addım Kremli xilas etmir. Hər şey ABŞ-ın düşündüyü kimi olsa, Rusiyanı irəlidə daha çətin günlər gözləyəcək. Şimal ölkəsinin dünya bazarındakı payı kəskin azalacaq. Bu isə həm də hərbi gücün tükənməsi anlamına gəlir. Rusiya iqtisadi baxımdan sarsılmasa, Ukrayna müharibəsində tam məğlubiyyəti inandırıcı deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »