Belarus qoşunlarının 7-yə qədər batalyonu Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərindəki hissəsini gücləndirməkdə davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.
O, Volın və Polesye istiqamətlərindən danışaraq orada vəziyyətin ciddi dəyişikliklərə məruz qalmadığını qeyd edib.
“Belarus Respublikası silahlı qüvvələrinin 7 tabordan ibarət bölmələri Belarus-Ukrayna sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsini gücləndirməkdə davam edir. Bunu qonşu dövlətin bizi təhtit etməsi kimi qəbul edirik. Hesab edirik ki, Belarus Respublikası ərazisindən dövlətimizin obyektlərinə raket və hava zərbələri təhlükəsi də qalmaqdadır”, - deyə nazirliyin sözçüsü qeyd edib.
Bildiyiniz kimi, fevralın 24-də tammiqyaslı işğal başlayan ilk vaxtlarda Rusiya qoşunları Ukraynaya həmçinin Belarus Respublikası ərazisindən istifadə etməklə daxil olub. Aprel ayında Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını ölkənin şimal rayonlarından sıxışdırıb çıxarıb. İşğalçılar geri çəkilərkən də Belarus ərazisindən istifadə edərək oradan Rusiyaya keçib və sonra isə yenidən güclərini birləşdirərək Ukrayna ərazisinə yeridilərək işğal siyasətini davam etdirib.
Nazirliyin verdiyi məlumata görə, Rusiya Federasiyası vaxtaşırı Belarus ərazisindən Ukraynanın yaşayış və digər obyektlərinə raketlər zərbələri vurur.
Ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanovun fikrincə, Rusiya prezidenti Putin Lukaşenkonu Lutsk-Lvov istiqamətində zərbə endirməyə məcbur edir.
Mayın 10-da Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Quleviç Ukrayna ilə sərhəddə xüsusi əməliyyat qüvvələrinin bir qrupunun yerləşdirildiyini açıqlayıb.
Qadir, Bizimyol.info