Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-də qadağan olunmuş məşhur kitabı Lukaşenko da yasaqlayıb
SSRİ-də qadağan olunmuş məşhur kitabı Lukaşenko da yasaqlayıb

Qərb ölkələri son illər Belarusda diktatura rejiminin hökm sürdüyünü çox bildirib. İndi ölkənin rəhbəri Aleksandr Lukaşenko da bunu etiraf edir. O, bir neçə gün əvvəl müəssisələrdən birində çıxışı zaman “yaxşı ki, bizdə diktaturadır” ifadəsini işlətmişdi. Lukaşenko demokratiya institutlarını bir-birinin ardınca sıradan çıxarıb. Belarus qapalı ölkəyə çevrilməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, SSRİ-də qadağan olunmuş məşhur kitabı Belarusda da yasaqlayıblar. Mayın 18-dən postsovet ölkəsində Corc Oruellin “1984” əsərini satmağa icazə vermirlər. İngilis yazıçının məşhur ədəbiyyat nümunəsinin Belarusun bütün kitab mağazalarından yığışdırılması tapşırılıb. Yerli jurnalistlərdən biri Baranoviçi şəhərində “1984”-ün axtarışına çıxıb. Ona əksər yerlərdə bir gün geçikdiyini deyiblər. Satıcılardan biri çox ehtiyatla Oruellin kitabını sata biləcəyini deyib. Amma həmin şəxs əlavə edib ki, anbarda qalan bir nüsxəni təklif edə bilər, yenisinin olmayacağı barədə xəbərdarlıq alıblar.

Satıcıların dediyinə görə, son günlər “1984”-ə tələbat çox artıb. Hər gün onlarla adam Oruellin əsərini soruşur. İş orasındadır ki, satıcılara yalnız şifahi xəbərdarlıq olunub, yazılı təlimat yoxdur. Buna baxmayaraq, hamı bu kitabı satmağa ehtiyat edir.

Corc Oruell romanı 1949-cu ildə qələmə alıb. O, əsərdə avtoritar rejimlərin ümumi obrazını ustalıqla yarada bilib. Buna görə də söz azadlığının boğulduğu, insan haqlarının aşağı səviyyədə olduğu ölkələrdə arzuolunmaz kitab sayılıb. SSRİ-də Oruellin antiutopiya nümunəsi heç vaxt isti qarşılanmayıb. Sovet oxucusu belə əsərin olmasından illərlə xəbərsiz yaşayıb.

SSRİ hökuməti Oruellin romanda məhz bu ittifaqı nəzərdə tutduğunu düşünürdü. Çünki ingilis yazıçı bura səfər etmişdi, yaxşı təəssüratla getməmişdi. Onun “Heyvanıstan” əsərinin SSRİ-yə həsr olunduğu heç kimə sirr deyil. Burada qapalı rejimin eybəcərlikləri aydın göstərilir. “1984”-in bədii texnikası daha yaxşı sayılır. Bu əsər kimi “Heyvanıstan” da SSRİ-də qadağan olunmuşdu.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »