Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çıxılmaz vəziyyətdə qalmışıq, Saleh Məmmədov heç bir tədbir görmür"
"Çıxılmaz vəziyyətdə qalmışıq, Saleh Məmmədov heç bir tədbir görmür"

Ucar rayonun Bağırbəyli kəndinin bir qrup sakini Bizimyol.info xəbər portalına müraciət edərək, yol problemlərini dilə gətiriblər.

Sakinlər bildirir ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Ucar rayonunun Alpı, Qulabənd və Bağırbəyli kəndlərində yol tikintisi işləri aparılması üçün pul ayrılıb. Belə ki, həmin lahiyəyə əsasən Alpı və Qulabənd kəndlərinə asfalt çəkilsədə Bağırbəyli kəndində yol tikinti işləri aparılmayıb. Sakinlərə bildirilib ki, Bağırbəyli kəndində yol tikinti işləri 2022-ci il tarixdə aparılacaq. Məktubda deyilir: “Qulabən, Alpı və Bağırbəyli kəndləri bir sovetlikdə və bir bələdiyyə təsərrüfatında yerləşir. Bağırbəyli kəndinin əsas yolunun uzunluğu 2 km-dir. Qulabənd və Alpı kəndləri ilə müqayisədə Bağırbəyli kəndinin yolu tam yararsız çox bərbad vəziyyətdədir. Buna görə yol tikintisi başlanmazdan əvvəl bütün bunlar öyrənilməli sonra yol çəkilməli idi. Yolsuzluğa görə Bağırbəyli kənd sakinləri çox əziyyət çəkirlər. Ucar rayon rəhbərliyi nəzərə almalıydı ki, Bağırbəyli kəndinin yolu digər iki kəndin Qulabənd və Alpı kəndlərinin yolundan çox bərbad gündədir”.

Sakinlər həmçinin bildirib ki, Bağırbəyli kəndində məktəb olmadığı üçün şagirdlər 3 km aralıda yerləşən Alpı kənd orta məktəbində təhsil alırlar.Yolsuzluğa görə şagirdlər çox əziyyət çəkirlər.Qışda palçıq yayda isə tozdan yolda hərəkət etmək olmur. “Çıxılmaz vəziyyətdə qalmışıq. "Azəryol" ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədova dəfələrlə ərizələrlə müraciətlər etsək də, heç bir tədbir görməyib. Adama sual verərlər ki, ay Saleh müəllim, bizim yaşadığımız Bağırbəyli kəndinin yolunun tikintisi üçün Asiya İnkişaf Bankı tərəfindən ayrılmış vəsaiti hara xərcləmisiniz?” - deyə məktubda deyilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı Bizimyol.info xəbər portalına bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən birneçəsi Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.

Anar Nəcəfli

“Belə ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb”,- deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Nəcəflinin sözlərinə görə, Ucar rayonunda 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir: “Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur”.

A.Nəcəfli qeyd edib ki, layihəyə əsasən Ucarda 10 kənd yolu nəzərdə tutulmuşdu. Və Bağırbəyli kəndinin adı o siyahıda olmayıb: “Onları kim məlumatlandırıbsa, səhv məlumatlandırıb. Amma o kəndin yolları “regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”-na salınıb. Və maliyyə vəsaitləri ayrılan kimi o kənd yollarının da yenidən qurulması işləri həyata keçiriləcək. Şikayətdə qeyd edilir ki, Asiya İnkişaf Fondunun maliyyə dəstəyi ilə yollar salınır. Bu layihədə o kənd nəzərdə tutulmayıb. Artıq layihədə nəzərədə tutulmuş kəndlərin yolları yekunlaşıb”.

Qeyd edək ki, Bağırbəyli kəndinin yollarının təmiri nəzərdə tutulsa da, bu büdcədən vəsaitin ayrılması ilə bağlı olan bir məsələdir. Yəni Ucar rayonunda bu kəndin yollarının təmiri üçün nə zaman pul ayrılsa, təmirə o zaman başlanılacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »