Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Narkoman sürücülər"dən necə qurtulmaq olar?
"Narkoman sürücülər"dən necə qurtulmaq olar?

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Qanuna dəyişiklik edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosila şəbəkə istifadəçilərinin şərhlərindən görünür ki, az miqdarda narkotikə görə, cinayət məsuliyyətinin ləğv edilməsi ölkədə narkomanların sayını artıracaq. Şəbəkə istifadəçiləri hesab edir ki, bundan sonra ictimai nəqliyyatda, taksi və ya avtobusda daha diqqətli olmaq lazımdır. Çünki az miqdar üçün cərimə ilə canını qurtara biləcəyini düşünüən narkotik istifadəçisi sürücülər, bunu daha rahat şəkildə və qorxusuz qəbul edəcəklər. Həmçinin az miqdarda narkotik vasitənin qəbulunu spirtli içki və ya siqaret qəbulu kimi dəyərləndirənlər də var.

Eldəniz Cəfər Eldəniz Cəfər

Bizimyol.info xəbər portalına müsahibə verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər hesab edir ki, bu məsələ media qurumlarında müzakirə edilir. Amma o demək deyil ki, həmin vətəndaşlar cinayət məsuliyyətində tam azad edilir. Bu, tamamilə yalnış fikirdir. Bunu hər kəs bilməlidir: “Bir daha qeyd etmək lazımdır ki, nəqliyyat vasitəsini içkili, narkotik və ya digər psixotrop maddənin təsiri altında istismar etmək, sürmək və ya istifadə etmək qəti qadağandır. Spitrli içkilər və ya narkotik vasitələr qəbul edərək, nəqliyyat vasitəsi idarə edən hər bir vətəndaş məsuliyyətə cəlb edilir”.

Ekspert bildirir ki, biz bundan sonra bu mübarizəmizi daha da gücləndirməliyik. Narkotik maddə qəbul edərək, avtomobil sürən vətəndaşlara qarşı daha ciddi addımlar atılmalıdır. Mütəmadi olaraq reydlər keçirilməli və bunun qarşısı alınmalıdır.

P.S. Etiraf edək ki, cərimə heç bir cinayət üçün kəskin həll yolu deyil. Bir müddət əvvəl məişət zorakılığı ilə bağlı cərimələr tətbiq edildi. Cərimələrin tətbiq edilməsi sadəcə bu deməkdir ki: “Pulun varsa, qanunu poza bilərsən”. Bu isə cinayətlərin qarşısını almayacaq, əksinə artması ilə nəticələnəcək. Əslində, bizim əlimizdən müşahidə etməkdən başqa heç nə gəlmir. Gözləyək, görək nə olur...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »