Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
"Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyacağını açıqlamasından sonra NATO daxilində başlayan müzakirələr davam edir.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq mətbuatın yaxından izlədiyi proseslə bağlı yeni açıqlama NATO-nun keçmiş baş katibi Yaap de Hoop Sxefferdən gəlib. ABŞ-ın aparıcı yayım şirkətlərindən biri olan “Politico”ya danışan Yaap de Hoop Sxeffer Türkiyənin açıqlamaları ilə bağlı "hazırda bunun bədəli bilinmir, lakin bunun bir bədəli mütləq olacaq",- deyə bildirib.

2004-2009-cu illərdə NATO-nun baş katibi olmuş hollandiyalı siyasətçi Türkiyənin də 2009-cu ildə onun varisi Anders Foq Rasmussenin təyin edilməsinə qarşı çıxdığını xatırladıb. Bildirib ki, Türkiyə, Danimarkanın keçmiş baş naziri, 2009-cu ildə NATO-nun baş katibi təyin edilmiş Anders Foq Rasmussenə də veto qoyub. O dövrdə baş nazir olan Ərdoğan onu Məhəmməd peyğəmbərin karikaturası böhranını yaxşı idarə edə bilməməkdə günahlandırıb.

De Hoop Sxeffer həmin vaxt Türkiyə ilə ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın da iştirakı ilə danışıqlar aparıldığını xatırladaraq Türkiyənin nəhayət, Rasmussenin təyinatını qəbul etdiyini və bunun müqabilində NATO baş katibinin müavini vəzifəsinin ona verilməsinə qərar verildiyini bildirib.

De Hoop Sxeffer Türkiyənin son addımının arxasında Finlandiya və İsveçdən başqa səbəblərin olduğunu və bunlardan birincisinin Türkiyənin daxili siyasəti olduğunu bildirib. NATO-nun keçmiş baş katibi Türkiyənin etirazının ikinci səbəbinin güclü orduları olan Finlandiya və İsveçin iştirakının NATO daxilində siyasi tarazlıqları dəyişəcəyi ilə bağlı olduğunu bildirib.

Politico yazıb ki, Türkiyənin etirazlarının digər səbəbi Ankara-Vaşinqton xəttindəki F-16 gərginliyidir. ABŞ Türkiyəni F-35 proqramından çıxardıqdan sonra ABŞ-a mövcud F-16 döyüş təyyarələrinin modernləşdirilməsi və yeni F-16-ların alınması tələbini göndərib və bu tələbin ABŞ Konqresində təsdiqini gözləyir.

“Politico”nun xəbərində Finlandiyada Türkiyənin mövqeyinin ABŞ münasibətləri ilə bağlı olduğu fikrinin üstünlük təşkil etdiyi qeyd edilib. Finlandiyanın yüksək səviyyəli rəsmisi “Türkiyə ilə yaxşı münasibətlərimiz var. İkitərəfli münasibətlərin problem olduğunu düşünmürəm. Yəqin ki, bu, Türkiyə ilə ABŞ arasında olan məsələlərlə bağlıdır”,- deyə bildirib.

Digər tərəfdən xəbərdə Ərdoğanın sərt açıqlamalarına baxmayaraq, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə böyük ehtimalla yaşıl işıq yandıracağı proqnoz edilib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »