Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kalininqradı itirir: NATO Baltik dənizinə qüvvə cəmləyir
Rusiya Kalininqradı itirir: NATO Baltik dənizinə qüvvə cəmləyir

Mayın 18-də İsveç və Finlandiyanın NATO-ya rəsmi üzvlük müraciəti Qərbi siyasətində yeni dönüşü təmsil edir. Bu yanaşma ilə Avropanın xəritəsini açıb baxdıqda, Rusiyanın Belarus istisna olmaqla, bütün sərhədlərin Qərb tərəfindən mühasirəyə alındığı görünür. Rusiya ilə olduqca uzun sərhədə malik olan Ukrayna hələ rəsmi olaraq NATO üzvü olmasa da, müharibədən sonra NATO-nun “de-fakto hissəsi”nə çevrilib. İki aydan artıqdır ki, Qərblə inkişaf edən qeyri-adi xüsusi münasibətlər Ukrayna və NATO arasında bundan sonra xarici müdaxilə ilə pozulmayacaq bir nəticəyə gətirib çıxarıb. Ukrayna bu prosesdə bəzi torpaqlarını itirsə də, görünür, NATO ilə əvvəlkindən daha möhkəm bağ yaradır.

Demək olar ki, SSRİ-nin dağılmasından 32 il sonra NATO üzvlərinin sayını 32-yə çatdıraraq, Rusiyanı Qərbdən mühasirəyə almağa nail olub.

İndiki şəraitdə NATO, təbii ki, biznes xatirinə üzvlərinin sayını artırmır. Müəyyən bir plan çərçivəsində iqtisadi, hərbi, siyasi və ideoloji gücündən istifadə edərək, ehtiyac duyduğu ölkələri ABŞ-ın hərbi-siyasi maraqları ilə bilavasitə əlaqələndirir.

İndi bu səylərin arxasında ABŞ və müttəfiqlərinin Soyuq Müharibə illərindən SSRİ-ni və onun təsir dairələrini tamamilə ələ keçirmək strategiyası dayanır. Şimala doğru genişlənmə ilə bir daha göründü ki, qərb dövlətlərinin məqsədlərində heç bir dəyişiklik yoxdur. İsveç və Finlandiyanın tamhüquqlu üzvlüyü ilə NATO Rusiyaya qarşı mühasirə və təzyiqləri gücləndirəcək. Bu, bir neçə istiqamət üzrə həyata keçiriləcək.

Beləki, Norveç, Latviya, Estoniya, Litva, İsveç və Finlandiyanın bir hissəsi olacağı Baltikyanı, Polşa və Ukraynanın yer alacağı mərkəzi cəbhədən, eyni zamanda Slovakiya, Rumıniya, Bolqarıstan, Yunanıstan və Türkiyə kimi şərq və cənub-şərq istiqamətlərindən Rusiyaya təzyiqlər güclənəcək.

Hansı ölkənin bu planda nə dərəcədə effektiv və hansı rolu öz üzərinə götürəcəyini zaman göstərəcək. Öhdəliklərini yerinə yetirməyənlərin sanksiyalarla üzləşəcəyi aydındır.

Artıq İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə Baltikdə hərbi sıxlığın artacağına dair xəbərlər gəlməyə başlayıb. Norveçin “Barents Observer” xəbər saytının yaydığı məlumata görə, ABŞ istehsalı olan "George H. W. Bush" hərbi gəmisi bu yay Baltik dənizindəki Norveç limanına yanaşacaq. Beləliklə, Atlantik donanmasının gücü 75 gəmi və altı döyüş təyyarəsinə qədər artırılacaq.

Finlandiya və İsveçin üzvlüyü də dərin strateji məqsədlər daşıyır. Birincisi, məqsəd “neytrallığın” artıq mümkün olmadığı bir dünya ideyasını gücləndirməkdir. Rusiyanın Ukraynaya hücumu bu fikrin yayılmasını sürətləndirdi. Rusiya və Çin təhlükəsini hiss edən ölkələrin neytral qalması və ya neytral qalmağa çalışması mümkün görünmür.

İkincisi, 200 ildir müharibənin getmədiyi “arzular ölkəsi” İsveçin sosial demokratların köməyi ilə NATO-ya üzv olması ayrı bir ideoloji hücum kimi qarşımızda dayanır. Oktyabr inqilabı sayəsində rus hökmranlığından müstəqil olan Finlandiya keçmişdən bu günə qədər Qərb kapitalizminin tərəfində olub. İkinci Dünya Müharibəsi illərində Hitler faşizminin cəbhəsində olan Finlandiya məğlubiyyətdən sonra uzun müddət bitərəf qalıb. 1995-ci ildə Aİ-yə üzv olduqdan sonra hər cəhətdən Qərblə inteqrasiya prosesinə daxil olan bu ölkənin indi NATO-ya üzvlük müraciəti bu prosesin zirvəsi hesab olunur.

İndi Qərb istiqamətindən Rusiyanı mühasirəyə alan NATO-nun növbəti addımları çox müxtəlif olacaq. Ölkə daxilində rejim dəyişikliyindən tutmuş, xaricdə aparılan müharibəyə qədər bir çox seçimlər mövcuddur.

Krımın geri alınması planı həmişə gündəmdə qalacaq. Rusiyanın Baltik dənizi ilə həmsərhəd, 430 min əhalisi olan anklav şəhər Kalininqradın adı daha çox hallanacaq. Çünki Rusiya ilə quru əlaqəsi olmayan, Polşa və Litva ilə əhatə olunmuş Kalininqrad Rusiyanın Baltik dənizi ilə sərhədini təmin edən yeganə şəhərdir. Baltik dənizini Qara dənizdən sonra daxili dənizə çevirməyi qarşısına məqsəd qoyan NATO-nun əsas məqsədinin Baltikdə Kalininqradla Rusiya donanması arasında əlaqəni kəsmək olduğu bir çox hərbi-siyasi analitiklər tərəfindən bəyan edilib.

Hansı tərəfdən baxsaq, NATO-nun Rusiyanı mühasirəyə almaq cəhdləri böyük müharibə təhlükəsinin baş vermə ehtimalını daha da artırır. Odur ki, bu gün təhlükəsizlik məqsədilə NATO-ya sığınanlar əslində baş verə biləcək böyük müharibədə sadəcə ön cəbhə olacaqlarını fərqində olmalıdırlar.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »