Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər

Kreml Sovet İttifaqını bərpa etmək istəyini gizlətmir. Rusiya Prezidenti Vladimir Putin martın əvvəllərində SSRİ-nin dağıdılmasının böyük səhv olduğunu dilə gətirmişdi. Şimal ölkəsinin hakimiyyəti postsovet respublikalarının öz təsir dairəsindən uzaqlaşması ilə heç cür barışmaq istəmir. Kreml hər cəhdlə SSRİ-ni “diriltməyə” çalışır.

Bizimyol.info xəbər verir ki, Rusiyada pioner, komsomol təşkilatlarını bərpa edirlər. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının 100-cü ildönümündən sonra Moskvada bu istiqamətdə fəallıq hiss olunur. Dövlət Dumasının aşağı palatasında uşaqların və gənclərin “Böyük dəyişiklik” adlı hərəkatı ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Yəni hər şey pioner və komsomol təşkilatlarının bərpasına doğru gedir.

Qanun layihəsi haqda rəsmi fikir odur ki, üzvlük könüllü olacaq. Amma ucdantutma bütün şagirdlərin həmin təşkilata yazdırılacağı heç kimə sirr deyil. “Böyük dəyişiklik”dən yayınmaq valideynlər üçün yaxşı bitməyəcək. Bununla bağlı Rusiya məktəblərində təbliğat da başlayıb.

Təşkilata 6 yaşı tamam olan uşaqlar üzv yazıla bilər. Xüsusi qeyd var ki, texnikum və kollec tələbələrinə də üstünlük veriləcək. Yəni təhsil ocaqlarına ayaq basanlar “Böyük dəyişiklik”dən yayına bilməyəcək. Texnikum və kollecləri bitirənlər rəhbər seçiləcək. “Xarici agent” statusu daşıyanlar bu vəzifəyə yaxın buraxılmayacaq.

SSRİ-də də pioner təşkilatlarına üzvlüyün könüllülük əsasında həyata keçirildiyi iddia olunurdu. Halbuki bütün şagirdlərin boynundan qırmızı qalstuk asılırdı. İndi həmin davranış bizə çox qəribə görünə bilər. Qalstuk taxmayan şagirdə ciddi irad bildirilirdi.

SSRİ-nin bütün tarixi ərzində 210 milyondan çox insan həmin qalstuku taxmağa məcbur edilib. Əksəriyyət komsomol təşkilatlarına da üzv edilib. Yəni böyük təbliğat maşını işini görürdü. Kremlin arzusu məhz o günləri geri qaytarmaqdır. “Cəmiyyətdə tamhüquqlu həyat” ifadəsi boş yerə istifadə edilmir. O deməkdir ki, Rusiyada başın ağrımadan yaşamaq üçün “Böyük dəyişiklik”in parçası olmalısan.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »