Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir

AZAL QSC 2020-ci ilə dair hesabatını açıqlayıb. Belə ki, məlumata görə, 2020-ci ildə AZAL-ın xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

İndi etiraf edək ki, Azərbaycan hava məkanında AZAL-a alternativ aviaşirkət yoxdur. AZAL isə dövlət qurumudur və birbaşa dövlətdən maliyyələşir. Yəni qısası, “arxasını” dövlətə dayamış bu qurum həm dövlətin büdcəsinə girir, həm də baha qiymətə olan biletləri ilə vətəndaşların cibinə.

  • AZAL-ın "qazandığı" gəlir, "hara" gedir?
  • Əgər bu gün Bakıdan İstanbula bilet qiyməti 170-250 ABŞ dolları arasında dəyişirsə, bu vəsaitlər kimin cibinə axır?
  • Ölkənin hava məkanında inhisarçı hesab edilən aviaşirkət, dövlət hesabına maliyyələşirsə, niyə zərərlə işləyir?

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına bildirib ki, əgər belə demək mümkündürsə, AZAL dövlət hesabına fəaliyyət göstərdiyi üçün zərərlə işləyir və müstəqil şəkildə təsərrüfat siyasəti yerinə yetirmir. Çünki, AZAL arxasında dövləti görür. Və həyata keçirdiyi siyasətdə də dövlətə arxayınlaşır.

Pərviz Heydərov Pərviz Heydərov

“Əgər bir qurum müəyyən bir sahəyə rəhbərlik edən, müəyyən bir sahəyə cavabdehlik olan bir təsərrüfat qurumu müstəqil fəaliyyət göstərmirsə, gəlir və mənfəətini özü müəyyən edib və maliyə vəziyyətini gəlir və çıxarlara əsasən tənzimləmirsə, əlbəttə ki, istənilən şəkildə qiymət siyasəti həyata keçirəcək və istədiyi şəkildə fəaliyyət göstərəcək. Bunu aradan qaldırmaq qeyri-mümkündür”  - deyən iqtisadçı əlavə edib ki, AZAL Azərbaycanın hava nəqliyyatı sahəsində yeganə və alternativsiz bir qurum olduğu üçün bunu dəyişmək mümkün deyil.

AZAL, inhisarcı mövqeyə malik olan bir qurumdur. Başqa avia şirkətlər mövcud olsa da, onlar da AZAL-ın törəmə qurumlarıdır. AZAL-ın özünə aid, özünə yaxın, özünün yaratdığı şirkətlərdir.

Ekspert deyir ki, Azərbaycanın hava nəqliyyatı məkanına digər avia şirkətlərin gəlməsinə, faəliyyət göstərməsinə şərait yaradılmalıdır: “Bu barədə dəfələrlə deyilib və yazılıb. Mən də bir neçə dəfə bu mövzuya toxunmuşam. Əks təqdirdə, AZAL qiymətləri də sərnişinləri qane etməyəcək və həmişə qiymətlərdən narazılıq olacaq. AZAL-ın xidmət səviyyəsindən də narazılıq olacaq. Ümumiyyətlə, bu qurum həmişə zərərlə işləyəcək. Çünki, real vəziyyət bunu diktə edir. Çıxış yolu, bu qurumun müstəqilliyini artırmaqdır. Yəni dövlətin bu qurumdan əlini götürməsinə nail olmaq, müstəqil bir quruma çevrilməsini təşkil etmək, özləlləşdirməyə getmək lazımdır. İkinci yol Azərbaycan hava nəqliyyatı sisteminə, məkanına, digər xarici avia şirkətlərinin də buraxılmasına və fəaliyyət göstərməsinə, burada şirkət yaratmalarına şərait yaradılmalıdır”.

P.Heydərovun fikrincə, bizim özümüz də bu sahədə yerli şirkətlərimizin formalaşmasına və yaranmasına nail olmalı və AZAL-ın fəaliyyət göstərdiyi sahədə rəqabət mühitini təşkil etməyə çalışmalıyıq. Yalnız bundan sonra AZAL-ın zərərlə deyil, gəlirli olaraq fəaliyyət göstərməsinə şahid ola bilərik. Və qiymətlərdə, xidmət səviyyəsində də keyfiyyətə nail ola bilərik. Əks təqdirdə, bu zərərlər artmaqda davam edəcək.

İqtisadçı, maraqlı bir məqama da toxunub. O, deyir ki, əslində hava nəqliyyatı şirkəti, dövlət büdcəsi üçün vergi ödəyicisi və gəlir mənbəyi hesab olunmalı olsa da, Azərbaycanda əksinə mənzərə və davam edəcək.

P.S. Xarici ölkələrin təcrübəsinə baxdığımız zaman ölkələrdə müxtəlif aviaşirkətlərin fəaliyyət göstərdiyini görürük. Yəni müxtəlif şirkətlərin olması vətəndaşa seçim haqqı verir və şirkətlər arasında rəqabət hissini gücləndirir. Rəqabət olan mühitdə şirkətlər də daha çox sərnişin cəlb edə bilmək məqsədilə həm qiymət siyasətinə, həm də xidmət səviyyəsinə diqqət yetirir.

Təəssüf olsun ki, bizim ölkənin vətəndaşlarına bu seçim haqqı verilmir. Ölkədən xaricə getmək istəyən hər bir vətəndaşın qarşısına soyumuş, keyfiyyətini itirmiş yemək kimi hər zaman AZAL qoyulur. Yəni yesən də budur, yeməsən də…

AZAL-ın fəaliyyətini müxtəlif ekspertlər zaman-zaman tənqid edib və bu qurumun özəlləşməsini təklif ediblər. Hesab edirəm ki, artıq müharibə kimi problemimiz olmadığına və artıq turist qəbul edə biləcək gücdə olduğumuz bir ölkə olduğumuza görə, dövlət əlini AZAL-ın üzərindən çəkməlidir. Və hava məkanına digər avia şirkətlərin fəaliyyəti üçün imkan yaradılmalıdır.

Nə zamana qədər Azərbaycan vətəndaşı uzağı 100 manatlıq yolu neçə qat baha məbləğ ödəyərək gedəcək? Bu barədə artıq düşünməyə dəyər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »