Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin nümayəndəsi: "Ukrayna əks-hücuma hazırlaşır"
Zelenskinin nümayəndəsi: "Ukrayna əks-hücuma hazırlaşır"

"Ukraynada hərbi vəziyyət dərhal üç ay müddətinə uzadılacaq. Qərar onunla bağlıdır ki, əks-hücum üçün müdafiədən daha çox vaxt lazımdır".

Bizimyol.info xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna prezidenti Vladimir Zelenskinin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fyodor Venislavski deyib.

“Fevralın 24-dən biz iki dəfə hərbi vəziyyətin davam etməsi ilə bağlı qərar verdik. İndi başa düşürük ki, düşmən diqqətini müvəqqəti nəzarətdə olan ərazilərdə istehkamların tikintisinə yönəldib. Əks-hücuma keçmək müdafiədən daha çətin işdir. Ona görə də biz bilməliyik ki, çətin ki, yaxın bir ay ərzində Ukraynanın bütün ərazisini azad edə bilək”,- deyə Venislavski izah edib.

Eyni zamanda o, Ukrayna hərbçilərinin üç aydan az müddətdə Ukrayna ərazisini Rusiya işğalçılarından azad edə biləcəyi təqdirdə Ali Radanın hərbi vəziyyəti ləğv edəcəyini də qeyd edib.

Bundan əlavə, prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndəsi qeyd edib ki, Kiyev hərbi vəziyyətin hər uzadılması ilə Konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması barədə BMT-yə məlumat verib.

Qeyd edək ki, fevralın 24-də prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlaması ilə əlaqədar hərbi vəziyyət elan edib. Bundan sonra parlament bir neçə dəfə prezidentin təşəbbüsü ilə hərbi vəziyyətin müddətini uzadıb. Yenidən uzadılmasaydı, hərbi vəziyyət mayın 25-də başa çatacaqdı.

Hərbi vəziyyət dövründə ölkəyə xüsusi giriş-çıxış rejiminə icazə verilir, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərbəst hərəkəti, habelə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Komendant saatı təyin olunub.

Mayın 18-də hərbi vəziyyətin daha 3 ay uzadıldığı məlum olub. Bundan əvvəl Rada hərbi vəziyyətin müddətini 30 gün uzadıb.

Bu gün həmçinin Ukrayna hökumətinin digər üzvləri də müharibənin necə bitəcəyi ilə bağlı açıqlamalar veriblər. Onlar döyüşlərin Ukraynanın tam qələbəsinə - bütün torpaqların azad edilməsi və Rusiyanın təzminat ödəməsinə qədər davam edəcəyini bildiriblər. Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, onun dövləti müharibənin dayanması üçün bir qarış da olsun, ərazi güzəştinə getməyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »