Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-da parçalanma böyüyür: İsveç və Finlandiyanın üzvlüyü problemə çevrilib
NATO-da parçalanma böyüyür: İsveç və Finlandiyanın üzvlüyü problemə çevrilib

Xorvatiya prezidenti Zoran Milanoviç ölkəsinin hərbi alyansdakı nümayəndəsinə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymağı tapşırmağı planlaşdırdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Xorvatiyanın NATO səfiri Mario Nobiloya iki ölkənin NATO-ya üzv olmasının qarşısını almaq üçün göstəriş verəcəyini bildirən Milanoviç, beynəlxalq ictimaiyyətin diqqətini Bosniya və Herseqovinada etnik xorvatların yaşadıqları problemlərə cəlb etməyi və onların lazımi yardımı əldə etmələrini təmin etməyi hədəflədiyini söyləyib. Milanoviç jurnalistlərə deyib: "Bosniyadakı xorvatlar mənim üçün Rusiya-Finlandiya sərhədindən daha vacibdir".

Qeyd edək ki, Finlandiya və İsveçin illərdir həyata keçirdikləri neytrallıq siyasətindən əl çəkərək NATO-ya üzv olmaq üçün müraciəti hərbi ittifaq daxilində böyük dəstək alır. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə iki ölkənin üzvlüyü ilə əlaqədar verdiyi açıqlamada "müsbət fikirdə deyilik. Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir” ifadəsi alyansı şoka salmışdı.

Xorvatiya lideri isə Türkiyənin açıqlamalarını dəstəkləyərək, “Türkiyə milli maraqlar uğrunda necə mübarizə aparacağını göstərir. O, istədiyini almayana qədər münasibətini dəyişməyəcək”,- deyə bildirib.

Finlandiya və İsveçin mümkün NATO üzvlüyü Xorvatiyada da çat yaradıb. Yerli media prezident Milanoviçin açıqlamalarına baxmayaraq, hökumətin iki ölkənin üzvlüyünü qəbul etməyə hazır olduğunu yazıb.

Associated Press xəbər agentliyi dünən Brüsseldə görüşən NATO nümayəndələrinin Finlandiya və İsveçin üzvlük prosesinin başlaması ilə bağlı razılığa gələ bilməyəcəyini bildirib. Adlarını açıqlamayan diplomatik mənbələr hansı ölkələrin etiraz etdiyini açıqlamayıblar.

Mənbələr dünən NATO-da səfirlər səviyyəsində keçirilən görüşdə Türkiyənin danışıqların davam etdirilməsinin əleyhinə səs verdiyini iddia edib. Litvanın NATO nümayəndəsi Deividas Matulionis, görüşdə ölkələrin milli təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdiyini ifadə edərək, "bu, Türkiyənin şərhindən asılıdır”,-deyə bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq isə dünən verdiyi açıqlamada bütün məsələlərin gündəmə gətiriləcəyini və tez nəticə əldə ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə əməkdaşlığını artıran Finlandiya və İsveçin üzvlük prosesinin 8-12 ay arasında çəkə biləcəyi, lakin bunun üçün NATO-nun 30 üzvünün hamısının razılığının tələb olunduğu bildirilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »