Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə saxta profil xəstəliyi haradan qaynaqlanır?
Sosial şəbəkələrdə saxta profil xəstəliyi haradan qaynaqlanır?

Sosial şəbəkələrdə saxta məlumatların yayılması, saxta profillərlə insanların şərəf və ləyaqətinin tapdanması, böhtan və şərə məruz qalması və s. bu kimi hallar Azərbaycanda hamının tez-tez qarşılaşdığı haldır. Təəssüf olsun ki, insanlar birbaşa olaraq demək istədiklərini ya qorxduqları üçün, ya çarəsizlikdən, ya da dedikləri birbaşa özlərini xarakterizə etdiyi üçün saxta profil altında gizlənirlər. Bu gün sosial şəbəkələrdə kifayət qədər qadın profili altında özünü həyatda insan kimi təsdiqləyə bilməyən, işsiz-gücsüz, aciz, tüfeyli insanlar var.

Sosial şəbəkələrdə yayılan saxta məlumatlar insanların həyatına birbaşa təsir etsə də, təəssüf doğurucu məqamlardan biri də odur ki, Azərbaycanda hüquq-mühafizə orqanları haqqında məlumat yayılan insanlar intihar etdikdən sonra məsələyə ciddi yanaşır və cinayətkarı cəzalandırırlar. Halbuki, ilkin şikayətlər zamanı cinayətkarlar cəzalandırlsaydı, intihar halı da baş verməzdi. Bəli, Azərbaycanda hüquq mühafizə orqanlarının ən zəif cəhəti məhz saxta profillərin araşdırlıb, kimliklərinin ortaya çıxarılması ilə bağlıdır. Bu isə, cinayətkarlara istədikləri kimi davranmağa uyğun şərait yaradır.

Hüquqşünas Leyla Əlizadə Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, sosial mediada saxta məlumatların yerləşdirilməsi məsələsinə nəzərə saldığımız zaman saxta məlumatlarn hansı yol ilə yayıldığına fikir verməliyik. İlkin olaraq Azərbaycan Respublikasının Konstitutsiyanın 32-ci maddəsində “İnsanların şəxsi toxunulmazlıq hüququ” məsələsi açıqlanılır. Və buna əsaslanaraq da, Azərbaycan respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində də qeyd eodlunru ki, “insanların şəxsi toxunulmazlıq və informasiya konfidensiallığı” olmalıdır.

“Məsələn sosial şəbəkələrdə şəxsi məlumatlar, şəxsi yazışmalar yayılırsa və yaxud şəxsi yazışmalarda göndərilən hərhansı bir şəkillər yayılırsa, bu zaman yayan şəxs məsuliyyətə cəlb oluna bilər. Yalan və ya saxta məlumat verilirsə, o zaman məlumatın yayılması üzrə Cinayət Məcəlləsinin 156-cı maddəsinə istinad edərək Polis şöbəsinə müraciət edib ərizə yazmaq lazımdır. Onu da qeyd edək ki, verilən məlumat saxta olmaya bilər, amma konfidensial ola bilər.

Məsələn şəxslər arası yazışmalar zamanı, biz digər şəxsə öz şəxsi məlumatlarımızı ötürürüksə, o demək deyil ki, bizim şəxsi məlumatlarımızı paylaşmağa və ya sosial mediada yaymağa hüququ var. Şəxlsərin belə bir hüququ yoxdur” - deyə ekspert bildirir ki, belə hal Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə tənzimlənir. Bu qanunsuz hərəkəti törədən şəxs, 500 manata qədər cərimə edilir və ya 1 ilə qədər islah işləri ilə cəzalandırıla bilər.

Hüquqşünas vurğulayır ki, Avropa İnsan Hüquqları Konvensiyasında da bu öz əksini tapıb. Konvensiyanın 8.1 bəndində “hər bir insanın şəxsi həyatının, ailə və evinin, yazışmalarının toxunulmazlığı məsələsi qeyd edilib. Bu isə o deməkdir ki, bu hərəkət bütün dünyada qanun pozuntusu olaraq təsdiqlənib.

“Sosial şəbəkələrdə və ya sosial mediada bir şəxs haqqında saxta məlumatlar yayılırsa, həmin şəxs “şərəf və ləyaqətinin” pozulması ilə bağlı müraciət edərək, hüquqlarının bərpasını tələb edə bilər. Vətəndaş bu məsələ ilə bağlı üzrxahlıq və təkzib tələb edə bilər. Əgər məlumatlar saxta profillərlər paylaşılırsa, şəxs polisə müraciət etməlidir və polis həmin saxta profilin sahibini axtarıb tapmalıdır. Bundan sonra həmin şəxs, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir” - deyə hüquqşünas əlavə edib.

Hüquqşünas Leyla Əlizadə bildirir ki, sosial şəbəkələrdə saxta profillərin idarə edilməsi ilə bağlı hələ ki, Azərbaycanda araşdırmalar o qədər güclü deyil. Digər ölkələrdə sosial şəbəkələrdə insanlar daha məsuliyyətli davranırlar. Hər bir vətəndaş, hər hansı bir şərh yazarkən və ya məlumat paylaşarkən daha diqqətli olur və məsuliyyətli yanaşır.

“Çox təəssüf olsun ki, Azərbaycanda bəzi kanallar belə məlumatları yayarkən onun saxta olub-olmadığını və ya düzgünlüyünü yoxlamır. Və heç bir məsuliyyətə cəlb edilmirlər. Bu da ona gətirib çıxarır ki, digər vətəndaşlar bu cəzasızlığı görüb, eyni addımı təkrar edə bilirlər” - deyə hüquqşünas qeyd edib.

P.S. Həqiqətən də bu məsələ, Azərbaycanda acınacaqlı vəziyyətdədir. Polisə bu məsələ ilə bağlı müraciət edildiyi təqdirdə, polis tərəfindən izahat alınır və məsələ ilə bağlı cinayət işi açılaraq prokurorluq orqanlarına yönləndirilir. Və hansısa prokurorun məsələyə məsuliyyətsiz yanaşması ilə cinayət işi bağlanır. Yəni bu, praktikada qarşılaşdığımız haldır.

Sanki Hüquq mühafizə orqanları gözləyir ki, haqqında saxta məlumat yayılan şəxslər intihar etsin, sonra onlar da bu məsələyə ciddi yanaşsınlar. Və bu hüquq mühafizə orqanlarının məsələyə məsuliyyətsiz yanaşması ölkədə bu kimi halların sayının artması ilə nəticələnir. Sözün əsl mənasında, kimin kimdən xoşu gəlmirsə və ya kimsə kiməsə paxıllıq edirsə saxta profil açıb həmin şəxs haqqında istədiyini yazır və cəzasız qalır. Hesab edirəm ki, Hüquq mühafizə orqanları bu məsələdə daha da inkişaf etməli, digər ölkəlırin praktikasından yararlanmalıdır. Əks halda, "cinayətkarı cəzasız qalan ölkə, sarsılar"...

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »