Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kolleclərin çoxu bağlanacaq?
Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın əmək bazarında orta ixtisas təhsilli mütəxəssislərə ehtiyacın azaldığı barədə danışdı. Nazir demişdi ki, hazırda əmək bazarında daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var. S. Müslümovun bildirdiyinə görə, hazırda ölkədə işləyənlərin yalnız 22,3 faizi orta ixtisas təhsilli şəxslərdir.

"Əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisaslaşma səviyyəsidir. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi ali təhsillidir. Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır. Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir”, - deyə nazir bildirib.

Nazir Səlim Müslümovun əmək bazarına dair bu dəyərləndirmələrindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, ölkədə orta ixtisas təhsili verən kolleclərə ehtiyac kəskin aşağı düşüb. Əslində ali məktəblərin məzunlarına da indiki əmək bazarında tələbat yüksək deyil, nəticədə hər il ali məktəbi bitirənlərin böyük əksəriyyəti işsiz qalır, yaxud öz ixtisasları üzrə iş tapa bilmir.

Belə olan halda Azərbaycanda ali məktəblər bir yana, kolleclərin sayının azaldılması, onların bir çoxunun bağlanması zərurəti yaranmayıbmı? Axı nazir haqlıdır və doğrudan da ölkənin əmək bazarı nəinki ali təhsilliləri, eləcə də orta ixtisas təhsilli gəncləri təmin etmək gücündə deyil.

Hər il 10 mindən artıq kollec tələbəsi

2017-18-ci il üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerlərinin sayı 10 min 467 olub. Başqa sözlə, hər il kolleclərə təxminən 10 minə yaxın abituriyentin qəbulu aparılır. Hazırda ölkədə dövlət və özəl orta ixtisas məktəblərinin sayı 60-ı keçib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-18-ci tədris ilində dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 51 min 702 tələbə təhsil alır.

Təhsil sahəsi üzrə nüfuzlu ekspert Etibar Əliyev hesab edir ki orta ixtisas məktəblərinin əmək bazarı üçün yararlı olub-olmaması konkret olaraq ixtisaslardan asılıdır. Yəni orta ixtisas təhsili müəssisələrinin az hissəsi texniki və iqtisadiyyat ixtisasları üzrədir, qalanları humanitar sahələr üzrə kadrlar hazırlayır. Ekspertin fikrincə, buna baxmayaraq, həqiqətən də otra ixtisas təhsili məktəblərinin gələcək taleyi haqqında düşünmək lazımdır.

"Səlim Müslümov haqlıdır, amma...”

Etibar Əliyev virtualaz.org-a açıqlamasında bildirib ki, Qərbdə kollec modeli çox inkişaf edib və orada kolleclər ali məktəblərə tələbələr hazırlaya bilir. Amma Azərbaycanda bu model mövcud deyil. Onun fikrincə, gələcəkdə nəticələri yüksək olan kollec tələbələrinin müəyyən kursdan sonra ali məktəblərə transferi modelini tətbiq etmək mümkün olsa bu, kolleclərin nüfuzunu yüksəldə bilər.

"Bizdə kolleclərə bir qədər aşağı səviyyəli təhsil pilləsi kimi baxırlar. Səlim Müslümov haqlıdır, amma kolleclərdə bu gün böyük tələbə kütləsi təhsil alır, xeyli sayda müəllim fəaliyyət işləyir. Ona görə də bu təhsil müəssisələrini bağlamaqdansa kolleclərin proqramlarını günün tələblərinə uyğunlaşdırmaq lazımdır. Hərçənd kollecləri bitirənlər arasında savadlı, bacarıqlı kadrlar da olmamış deyil, amma şirkətlər, dövlət təşkilatlarının böyük əksəriyyəti kollec məzunlarını işə götürmək istəmirlər. Əmək bazarında kollec məzunlarına tələbatın az olması bir tərəfdən kolleclərin nüfuzu, digər tərəfdən onların əmək bazarındakı tendensiyalara uyğunlaşa bilməməsi ilə əlaqəlidir. Ona görə də kolleclərin təhsil proqramlarına yenidən nəzər salmaq, onların nüfuzunu artırmaq üçün kompleks tədbirlər görmək lazımdır”-Etibar Əliyev bu qənaətdədir.

Ekspert həmçinin qeyd edir ki, kolleclərin ali məktəblərə inteqrasiyası kolleclərdə təhsilin keyfiyyətinə bir o qədər də təsir göstərmədi. Amma bununla belə kolleclərin bağlanması haqqında deyil, təhsilin keyfiyyətinin yüksəldilməsi üzərində düşünmək lazımdır.

Tədrisin səviyyəsini yüksəltmək, praktiki məşğələləri artırmaq...

"Bu inteqrasiya həyata keçiriləndə biz hesab edirdik ki, qərb modelini götürəcəyik və kollecləri bitirənlərin nəticələrinə görə ali məktəblərdə imtahansız təhsil almaq mümkün olacaq. Hələlik bu mümkün deyil və təhsil haqqında qanunvericilik də bunu özündə ehtiva eləmir. Əsas məsələ kolleclərdə tədrisin səviyyəsinin yüksəldilməsi, daha çox praktiki məşğələlərə əsaslanan tədris proqramlarının tətbiqidir. Tələbə elə birinci kursdan başlayaraq seçdiyi ixtisas üzrə hər həftə müəyyən tədris saatı həcmində praktiki məşğələlərə cəlb olunmalıdır”-ekspert bildirir.

Etibar Əliyev qeyd edir ki, kolleclərin ali məktəblərə inteqrasiyası hələ özünü doğrultmayıb. Məzunların nəzəri və təcrübi biliklərinin yaxşılaşdırılması üçün görülən işlər bir o qədər məqbul deyil. Bir çox kolleclər əmək bazarında çox az tələbat olan sahələr üzrə ixtisaslar tədris edirlər, yaxud bir-birini təkrarlayan ixtisaslar açırlar. Onun sözlərinə görə, kolleclərə yanaşma bütövlükdə dəyişməlidir və bu zaman müəyyən ixtisasların ixtisar edilməsi qaçılmazdır.

Ekspert deyir ki, əgər kollec təhsilinin keyfiyyəti yüksəldilsə, kollec məzunlarına əmək bazarında tələbat da yüksələ bilər.

Xatırladaq ki, prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

1017 0 0 1

Son xəbərlər
Bütün xəbərlər »