Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
"Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"

Bir müddət əvvəl Bizimyol.info xəbər portalına Şəmkir rayonunun Morul qəsəbəsindən şikayət məktubu daxil olub. Qəsəbə sakinləri məktubda iddia edirlər ki, əvvəllər rayonun Morul qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Maf kitabxanası var idi. Var idi ona görə ki, daha qəsəbə sakinləri var olan kitabxananın üzünü görə bilmir.

Məktubda deyilir: “Həmin bu kitabxananın yanında 90-cı illərdə poçt da fəaliyyət göstərirdi. Lakin sonradan poçtlar mərkəzləşdirildiyindən buradakı poçt bağlandı. Kitabxana və onun yaxın ərazisi isə kimsəsiz qaldı. Kimsəsiz deyəndə, “kitab oxuyan yox idi” mənasında demədim, sadəcə, ərazini keçmiş vergilər nazirinin Rövşən adlı uzaq bir qohumu alıb ev tikdi. Evini tikdi, əcəb etdi, amma ev ilə birgə kitabxanaya gedən yolu da “tikib” evinə həyət etdi. Hasarın hündürlüyü iki metr. Oradan nə adam aşıb kitabxanaya kitab oxumağa gedə bilər, nə də kitab çölə tullana bilər”.

Şikayətçi bildirir ki, yaxın vaxtlarda kitabxanaya iki dəfə qadın müdir təyin olunub, amma hər ikisi gəlib o hasarı görüb “buradan gərək hər gün nərdivan qoyub kitabxanaya keçək” deyərək o gedən gediblər. Sakinlərin sözlərinə görə, Rövşən adlı bu şəxs bağladığı hasardan yaxın zamanlarda yeni “obyekt” də açacaq.

“Görünən odur ki, keçmiş nazirin qohumuna indi də kimsə “gözün üstə qaşın var” deyə bilmir. Elə olmasaydı, rayonun Çardaqlı adlanan kəndində işlətdiyi “Alma bağı” restoranındakı əxlaqsızlıqlara görə dəfələrlə həbs edilən bu şəxs, indi də kitabxananı belə rahatca zəbt edə bilməzdi. Sizə bütün bunları yazmaq səbəbimiz çarəsizlikdəndir. Bəlkə siz problemi ictimailəşdirəsiniz, bizim uşaqlar da şəhər uşaqları kimi kitabxana və kitab üzü görərlər”,- deyə məktubda qeyd edilib.

Bizimyol.info məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə bir aya yaxındır ki, sorğu göndərsə də, görünür, İcra Hakimiyyəti bu sorğu qarşısında səssiz qalmağı seçib. Elə olmasaydı, yəqin ki, mübahisəli mövzu barədə açıqlama verərdi. Biz sorğumuzu yenidən həmin quruma ünvanlayırıq. Əgər cavab olarsa, sizinlə mütləq paylaşacağıq.

Məsələ ilə bağlı Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin də koordinatları olmadığına görə, əlaqə saxlamaq mümkün olmadı.

Ümid edirik ki, bir kəndi kitabxanasız qoyduğu iddia olunan keçmiş məmurun bu davranışına Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də biganə qalmayacaq.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »